"Onları ekrana buraxmaq lazım deyil"
- Fərhad müəllim, bu gün sənət, musiqi aləmində hansı ənənələrin qorunmasını vacib sayır və nələrdən imtina olunmasını iddia edirsiniz. Yeni yaranan musiqilər, ifalar sizi qane edirmi?
- Bu gün teatrda, kinoda, teleekranlarda, radiolarda, toylarımızda, şou proqramlarda pis mənada yüngüllük var. Vaxtilə estrada müsiqisi və onun Flora Kərimova, İlhamə Quliyeva, Mübariz Tağıyev, o cümlədən "Qaya" kvarteti kimi ifaçıları var idi. Bunlar professionallar idilər. Özfəaliyyətlə məşğul olanlar da var idi. Yadımdadr ki, biz onların festifallarını da keçirirdik. Amma özfəaliyyətlə məşğul olanlar heç vaxt "mən birinciyəm", yaxud "diqqət mərkəzində olmalıyam" demirdilər. İndi aləm bir-birinə qarışıb. Bilinmir özfəaliyyət nədir, peşəkarlar hardadır, professional kimdir. Nə nəzarət var, nə də yaxşı mənada senzura. Hər bir adam çox asanlıqla televiziya ekranına girib, nə istəyirsə oxuya bilir. Bədii senzura olmalıdır. İstər aktyor, istər müğənni, istər rəqqasə, istərsə də digər sahənin adamlarının işi həmin şurada araşdırılıb bəyəniləndən sonra televiziyaya buraxılmalıdır. Yerli telekanallara baxanda adam dəhşətə gəlir. Telekanallara elə adamlar çıxır ki, nə vidləri, nə ifaları, nə də mədəniyyətləri onlara buna imkan vermir. Onları ekrana buraxmaq lazım deyil. Deyən gərək ay canım, sən get hansısa restoranda dostlarına qonaqlıq ver və çox istəyirsənsə oxu. Buna heç kəs müdaxilə etməz. Amma teleekranlara çıxmaq sənin üçün deyil. Vaxtilə Şövkət xanım, Sara xanım, Xan əmi, Niyazi, Rəşid Behbudov, Bülbül, Lütfiyar İmanov, Firəngiz Əhmədova və sair bu kimi sənətkarlar teleekranlara çıxırdılar. Onlar oxuyurdular, əsl professionallar idilər. Hansısa küçədən gələn bir insan heç vaxt nə Filarmoniyaya, nə Operaya, nə də telekanallara çıxa bilməzdi. Bu, mümkünsüz idi. O vaxt telekanalda bədii şuranın üzvləri Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, maestro Niyazi, Əfrasiyab Bədəlbəyli idi. Sonra mən oldum. Yadımdadı, Brilliant lap cavan idi, gəlirdi, ona qulaq asırdıq, mahnının mətnini müzakirə edirdik, sonra efirə gedirdi. İndi "ölürəm sənə", "mən səninəm", "gözümdən getmə" kimi çox primitiv musiqilər oxuyurlar.
"Ziyalılarımız arasında "əşşi, mənim nə işim var" prinsipi höküm sürür"
- Bəlkə üzdə olan ziyalılarımızın məsələyə yetərincə müdaxilə etməmələri və yeri gələndə özlərinin də şoulara qatılması belə bir fikir yaradır ki, bu normal haldır.
- Qəribə yanaşma var. İnkişaf, demokratiya, müasirlik deyiriksə, bilmək lazımdır ki, demokratiya anarxiya deyil. Demokratiya o demək deyil ki, nə istəyirəmsə, onu etməliyəm. İndi mən "demokratiyadır" deyib, gedim küçəyə, başlayım camaatı təhqir etməyə? Məni tutarlar. Bu cür çıxışlar mənim üçün təhqirdir. Hər halda, ideologiya dəyişib. Axı azad olmaq o demək deyil ki, biz əvvəlki yüksək səviyyəni kütlə səviyyəsinə gətirməliyik. Məsələ burasındadır ki, bizdə son zamanlar ziyalılarımız arasında "əşşi, mənim nə işim var" prinsipi höküm sürür. Sanki hər bir ziyalı öz problemlərini fikirləşir. Düşünürlər ki, təqadçü olmalıdır, ordeni olmalıdır, mənzil problemi həll edilməlidir və sairə. Bu məişət problemləri ziyalıların gözlərni bağlayıb və o ictimai aktivlik də itib. Niyazinin vaxtında kimin ixtiyarı var idi ki, "xaltura"nı televiziyaya buraxsın. Dərhal reaksiya var idi. İndi deyirlər ki, - "əşşi, nə olsun". Neçə illərdir ki, biz mədəniyyət kanalının açılması haqqında danışırıq. Bu mədəniyyət kanalı mədəniyyətin bütün sahələr - kino, teatr, ktabxanalar, musiqi haqqında təbliğat apara bilər. Moskvada olan mədəniyyət kanalı muzeylər, yazıçılar, yeni kitablar haqqında məlumat verir və insanlarda maraq oyada bilir. Bizdə indi kitab oxuyan, hansısa kitab mağazalarına baş çəkən, kitab alan yoxdur. Bu da mənəvi aşınmaya aparır. Bunu ziyalılar özləri müzakirə etməlidilər, amma etmirlər. Mən ziyalı deyəndə birinci növbədə özümü nəzərdə tuturam. Demirəm ki, mən hər şeyi düz deyirəm. Yox, mənim də təqsirim var. Bu gün mən musiqiçiyəm və imkan daxilində fikrimi deyirəm. Çox insanlar mənə deyir ki, - "əşşi sənin nə işin var, qoy olsun". Deyirəm, axı biz maestro Niyazini görmüşük, bəs yeni nəsl nə görəcək, şou-biznesin dırnaqarası ulduzlarını?
"Musiqidə elə şeylər yaranıb ki, adam qulaq asanda xəcalət çəkir"
- Fərhad müəllim, yəqin siz də razılaşarsınız ki, böyük sənətkarlar sanki axınla gedən kütlənin qarşısına çıxmaqdan çəkinirlər.
- Lenin bir dəfə Qorki haqqında demişdi ki, - "O, millətlə, xalqla gedir, amma qabaqda getməlidir". Bu fikir o deməkdir ki, ziyalı millət, kütlə ilə gedirsə onun səviyyəsindədir. Sabir, Mirzə Cəlil niyə dahidilər. Çünki onlar yazırdılar, dərdləri açırdılar, deyirdilər gedin oxuyun, adam olun. Əgər onlar xalqla bir səviyyədə dursaydılar, yalnız molla olardılar. Onlar ulduz idilər, parıldayırdılar. Millət istər-istəməz onların səviyyəsinə doğru gedirdi. Bu gün əgər aktoyr, rejissor, ancaq yüngüllük, şit hərəkətlər arxasınca gedirsə, bu dəhşətdir. İndi musiqidə elə şeylər yaranıb ki, adam qulaq asanda xəcalət çəkir. Axı "Sevgili canan"ımız var, Səid Rüstəmovun ramansları, Tofiq Quliyevin, Rauf Hacıyevin şedevrləri var. Mahnılar bu səviyyədə yaranmalıdır. Bu, yoxdursa, başqası bizə lazım deyil. XX əsrdə bəstəkarlar nə qədər şedevrlər yaradıblar. Amma cavanlardan soruşuram ki, "Sevil" operasını tanıyırsan, deyirlər bilmirəm. "Yeddi Gözəl" baletini tanıyırlar? Yox. Özü də cavanların hardasa 60 faizi ancaq qalmaqalları, kim kimi döyüb, kim kimdən ayrılıb və sair kimi şeylərə maraq göstərirlər. Bu problemdə qəzetlərin, televiziyanın təqsiri böyükdür. Qəzetlərin şapkasında yazılır mədəniyyət səhifəsi, amma aşağıda gedir ki, bu onu təhqir etdi, o bunu döydü və sair. Bu, mədəniyyət deyil. Bu, şou-biznesin "şok" xəbərləridir. Baxırsan, adam xəcalət çəkir.
"Bizə şit hərəkətlər, seksual qalmaqallar lazım deyil"
- Belə hallar nədən qaynaqlanır, qarşısı niyə alınmır. Bəlkə doğurdan da zamanın tələbi budur?
- Vallah adam çaşıb qalır. Ola bilər ki, Avropadan keçən biznes maraqları burda da rol alıb. Amma reklamın xatirinə bizdə olan yaxşı ənənələri, klassik musiqi mədəniyyətini, məhv etmək olmaz. Yaxşı ki, son vaxtlar muğam öz verini tapıb və heç olmasa telekanallarda hərdən bir səslənir. Yoxsa, toylarda muğam oxunanda deyirdilər ki, - "əşşi bu yas musiqisini niyə oxuyursunuz". Vəziyyət dəhşət idi.
Adicə zibilxanadan istifadənin düzgün qurulması da mədəniyyətin göstəricisidir. Baxırsan ki, biri böyük bir hasar tikdirib, bağında hər şey təmizdir, amma zibilini hasarın dibinə atır. Bizim psixologiyamızda bu var. İctimaiyyət heç kimi maraqlandırmır, hamı təkcə özünü düşünür. Mən Avropaya inteqrasiyanı başa düşürəm. Amma Avropanın böyük dərdləri də var. Orda ata-oğul arasında normal münasibətlər yoxdur. Orda eqoistlik var. İllərlə analarını ziyarət etmirlər. Burda mən bir gün anama zəng etməsəydim, anam deyərdi sən dəli olmusan, niyə zəng etmirsən? Bizdə çox yaxşı keyfiyyətlər var. Ağsaqqala, ailəyə, bacıya, anaya hörmət. Avropada bu hisslər o qədər də yoxdur. Gəlin, öz yaxşı keyfiyyətlərmizi saxlayaq, Avropadan yaxşı şeyləri götürək - nizam-intizamı, qanuna riayəti, təmizliyi. Bizdə qanuna elə-belə baxırlar. Kimlərsə dolayısı ilə öz işlərini yeritmək istəyirlər. Zəng edirlər ki, mənim qızımı gör nə edirsən. Deyirəm axı o səhnəyə çıxmalıdır və çalmalıdır, mən onun əvəzinə çala bilmərəm. Əgər o istedadlıdırsa, heç zəng etmək də lazım deyil.
- Bu gün klassik musiqinin təqdimatı hansı səviyyədədir?
- Son zamanlar çox gözəl festifallar təşkil olunur. Qəbələdə keçirilən festifalı buna aid etmək olar. Bütün rayonlardan konsertə qulaq asmağa gəlmişdilər. Proqramı elə təşkil etmək lazımdır ki, camaat qulaq assın. Vaxtilə Əfrasiyab Bədəlbəyli televiziyada musiqi haqqında leksiyalar aparırdı. İndi isə belə xoşuma gələn verilişi maestro Yalçın Adıgözəlov aparır. O, ciddi musiqi haqqında Niyazi, Qara Qarayev haqqında populyar formada məlumatlar verir. Bu çox vacibdir. Çünki camaat hər gün eyni familiyaları eşitməkdən yorulub. Bu yaxınlarda Kreml Teatrı "Min bir gecə" baletini qoymuşdu. 6 minlik zalda bir dənə də boş yer qalmamışdı. Baletin deklarasiyasını Tahir Salahov etmişdi. Gərək görəydiniz Azərbaycan musiqisi, Fikrət Əmirov musiqisi necə səviyyədə qəbul olundu. Mən deyərdim ki, bizdə qızıl var, amma biz o qızılın qədrini bilmirik. Ədəbiyyatda da, musiqidə də, təsviri sənətdə də.
"Bəzi verilişlərimiz Moskvanı yamsılayır"
- Sənətkarlarımızın son zamanlar yüngül şou proqramlarına qatılmasını necə qarşılayırsınız?
- Çox pis. Mən o cür proqramlardan imtina edirəm. Əvvəlcə soruşuram ki, orda kim iştirak edir. Əgər orda mövzu çox vacibdirsə, ciddi musiqi müzakirə olunursa, razı oluram. Hansısa bir qalmaqalla bağlı olan məsələ müzakirə olunursa, iştirak etmirəm. Mən görməmişəm ki, çox hörmətli musiqiçilərimiz - məsələn, Xuraman Qasımova, Arif Məlikov belə verilişlərdə iştirak etsinlər. Hesab edirəm ki, belə verilişə gedən ziyalılar da ilk baxışdan aldanırlar. Mən də bir dəfə belə bir vəziyyətə düşdüm, sonra dedim ki, bağışlayın mən qaçmalıyam. Heç kəsi təhqir etmək istəmirəm. Mən ciddi problem deyəndə millətə lazım olan məsələnin müzakirəsini nəzərdə tuturam. Əgər müzakirələr Qarabağ problemi ilə bağlıdırsa, lap balaca, ucqar kəndə getmək lazımdırsa, gedərəm. Çünki ən vacib problem budur. Birlikdə həmin məsələnin həllini müzakirə etmək lazımdır. Məsələn, xoşuma gəlməyən bir şeydir ki, ailəni televiziyada müzakirəyə çıxardırlar. Axı azərbaycanlılarda ailəyə incə münasibət var, deyirlər "bağışlayın, mənim həyat yoldaşım". Bu, incə xüsusiyyətdir və deyərdim ki, çox qiymətlidir. İngilislərdə deyilir ki, "mənim evim mənim qalamdır". Bəzi verilişlərimiz Moskvanı yamsılayır. "Mən ondan boşandım", "o mənim xoşuma gəlirdi", "o məni qane edirdi" sözləri işlənir. Kimə bu maraqlıdır? Təcrübəsi olmayan cavanlar birinci növbədə buna qulaq asmaq istəyirlər. Şit hərəkətlər, seksual qalmaqallar bizə lazım deyil. Bu nə vacib mövzudur ki, bunu saatlarla müzakirə edirlər? Bəyəm ayrı problemimiz yoxdur? Bizim Qarabağ dərdimiz var, hər gün bundan danışmaq lazımdır. Hər gün vətənpərvərlikdən danışmaq lazımdır. İsraildə qızlar çiyinlərində avtomatla gəzirlər. Orada gənclər başa düşürlər ki, bura onların vətənidir və onu müdafiə etmək lazımdır. Bizim cavanlar isə bahalı maşın arzusundadır. Bizdə pis mənada burjuaziya var. Braziliya seriallarını, çılpaq qızların həyat tərzini göstərirlər, adamlar da elə bilirlər ki, hamı xaricdə bu cür yaşayır. Belə deyil.
"Televiziyalar elə bil dəli yığıncağıdır, cadugərlər
də Azərbaycanın qəhrəmanları olub"
- Sizin də qeyd etdiyiniz kimi, vaxtilə açıq məhkəmə proseslərində dinlənilməsinə icazə verilməyən ailə-məişət məsələləri bu gün şou, əyləncə xatirinə cəmiyyətə təqdim edilir. Maraqlısı da budur ki, insanların problemlərinin həlli məsələsində daha çox "uzaqgörən" və "baxıcı"ların nəsə edə biləcəyi fikri formalaşdırılır.
- Bu, təhlükəli bir prosesdir. Belə adamlar çox bəlalar gətirə bilər. Əgər cəmiyyət belə insanlara inanırsa, deməli, bu cəmiyyət xəstədir. Bu təhlükələr Moskvadan gəlir. Yadınızdadırsa, Çumak, Kaşpirovski televiziya vasitəsilə seanslar keçirirdi. Deyirdi oturun, gülün. Kefli İsgəndər yadıma düşürdü, deyirdim "axı siz neynirsiniz, ay dəlilər". Klassikanı oxumaq lazımdır. Klassikada hər şeyin cavabı var. Din xadimlərindən də çox şey asılıdır. Bizdə çox yaxşı mütəxəssislər var. Quran, din haqqında çoxlu məlumatlar verilməlidir. İblislə mələk arasında dava həmişə var və qurtarmayacaq. Sadəcə aydınlaşdırmalıyıq ki, biz hansı tərəfdə vuruşuruq. Dindən danışanda bayram əhval-ruhiyyəsi yaranmalıdır. Bizdə din bir az kədərli, qəmli bir amil kimi önə çıxır. Ona görə də cavanlar dindən çəkinirlər. Televiziyalar da elə bil dəli yığıncağına çevrilib. Deyəndə niyə belə edirsniz, deyirlər, bu verilişin reytinqi sizin konsertinizdən yaxşıdır. Deməli, onlara Rəşid, Bübül lazım deyil. İndi qoy cadugərlər Azərbaycanın qəhrəmanları olsunlar. Bu, cinayətdir. Hökumət yaxşı ki, bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırdı. Belə hallar hökumətin, xalqın ideologiyasının zəhərlənməsinə apara bilər. Deyək ki, Marksizim, Leninizm ideologiyası batdı, bu, heç bizə lazım da deyildi. Ancaq hansısa yeni ideologiya ortaya çıxmalıdır. Vaxtilə Mərkəzi Komitədə ziyalılardan ibarət bir qrup var idi və heç olmasa ayda bir dəfə məsləhətləşmələr aparırdılar. İndi həmin sistem yoxdur. Amma Rusiyada ictimai palata yaradılıb. İctimai palatanın üzvü Tahir Salahovun qızıdır. Onlar nə maaş alır, nə də onlara elə bir vəsiqə verməyiblər ki, buna görə güzəştləri olsun. Onlar prezidentlə görüşür, təhsil, mədəniyyət, telekommunikasiya və sair məsələlər haqqında müzakirələr aparırlar. Bu, o demək deyil ki, problemlər dərhal yerinə yetirilir. Amma heç olmasa ictimaiyyətin fikrini öyrənirlər. Bizdə bu yoxdur. Yəni ictimai fikir sıfıra enib. Bizdə hansısa məsələ ilə bağlı aidiyyatlı orqana məktub yazanda da o saat deyirlər ki, bu, demaqoqdur. Yaxşı, məktub yazmayaq, heç olmasa yığışıb danışaq görək bizim dərdimiz nədir, nə etməliyik ki, bu problemlərdən qurtulaq.
"İndiki yas məclislərində stolun üstündə bircə çaxır əksikdir"
- Fərhad müəllim, bu gün el mərasimlərimizlə bağlı aparılan müzakirələrdə daha çox israfçılıqdan danşılır. Necə hesab edirsiniz, süfrə mədəniyyətindən danışarkən, daha çox nəyə riayət olunmalıdır?
- Toya gəlirsən, baxırsan ki, süfrədə min cür salat, min cür yemək var. Fikir verirəm, gecə olduğu üçün hamı özünü saxlayır, yeməyə qorxurlar. Yasda verilən cümə axşamlarımızda da belə şeylər təkrar olur. Əvvəl imkanı olan adamlar cümə axşamlarında qazanları küçəyə qoyurdular, stolları düzürdülər. Və bütün məhəllədə nə ki kasıb, ac olanlar var idisə, gəlib həmin çörəkdən yeyirdilər. Ehsan bu deməkdir. İndi gedirsən yasa, süfrənin üstündə bircə çaxır əksikdir. Ora da elə hörmətli adamlar gəlir, hansı ki, onun bunu yeməyə ehtiyacı yoxdur. Ondansa bu ehsanı qocalar evinə, uşaq evlərinə göndərmək lazımdır. Bunu ənənəyə çevirsələr, daha yaxşı olar. Hər halda, insan bir tikə çörək yeyə bilər, bir tikə ət. Nəyə lazımdır "mənim toyum ondan yaxşı olmaldır", "mən ondan varlıyam" deyib, belə ambissiyalardan çıxış etmək. Bunlar boş ambissiyalardır.
"İstəməzdim ki, ucuz müğənnilər millətimizin ulduzları olsunlar"
- Söhbət süfrədən düşmüşkən, sizcə bu gün mətbəxt verilişlərində müğənnilərin iştirakı ilə təqdim olunan süfrələrdə söylədiyiniz ambisiyaların qarşısının alınması və mədəniyyətin formalaşmasında maarifləndirici, tərbiyəedici rolu oynaya bilirmi?
- Belə verilişləri efirə buraxmaq lazım deyil. Düşünürəm ki, bu dəb Moskvadan gəlib. Axı nəyə görə bizimkilər yaxşı şeyləri yamsılamaq istəmirlər. Axı bizim mentalitetimiz var, pərdə var. Qadına hörmət var. Moskvada kişi qadına elə sözlər deyir ki, adam utanır. Bizdə belə şeylər olmamalıdır. Bu, bizim ifada lap iyrənc formada görünür, adamın əti tökülür. Mən onlara baxmıram.
Heç adam yemək yeyəndə onu göstərərlər? Toylarda operator yaxınlaşıb məni çəkmək istəyəndə, deyirəm qurban olum, məni çəkmə, qoy yeməyimi yeyim sonra bir söz deyərəm. Adam yeyəndə, çiməndə onu göstərərlər? İndi sabah bunlar necə çimirlər, tualetə necə gedirlər bunları da göstərmək istəyəcəklər. Süfrə arxasında yeməyi ağıza qoyub çeynəyəndə adam bir-birinə də baxmaq istəmir. Çünki bu intim prosesdir. Süfrəni lağ obyektinə çevirmək doğru deyil. Biz belə verilişilərin qarşısının alınması ilə bağlı çox demişik. Deyirlər, nə edək, pul qazanmalıyıq. Ona görə də bununla bağlı təkcə mən yox, bütöv ictimaiyyət çıxış etməlidir. Milli Məclisdə, Prezident Aparatında danışmalıyıq ki, rıçaqlara təsir edib, sözümüzü keçirə bilək. Camaat azı 2-3 saat televiziyaya baxır. Bu, ideoloji silahdır. Burda hökumətlə yanaşı ziyalılar da öz sözünü deməyə çəkinməməlidir. Heç kimi təhqir etmək istəməzdim, başa düşürəm ki, müğənnilər də pul qazanmaq üçün toylarda oxuyurlar. Getsinlər qazansınlar. Sadəcə istəməzdim ki, ucuz müğənnilər millətimizin ulduzları olsunlar. Mənim üçün ulduz Üzeyir Hacıbəyovdur, Qara Qarayevdir, Rəsul Rzadır, Səttar Bəhlulzadədir, Rəşid Behbudovdur. Amma yeni ulduz axtarırıqsa, bunun üçün birinci istedad olmalıdır. Mən Brilliantın vokalizinə ləzzətlə qulaq asıram. Amma bəzi müğənnilərin ifasında mahnılara qulaq asanda xəcalət çəkirəm. Ona görə də yenə deyirəm ki, müğənnilərin repertuarı ciddi nəzarət altında olmalıdır. Mən 40 ildir səhnədəyəm, yadımda deyil ki, özümdən tam razı qalım. Bəlkə 2-3 konsertdən razı qalmışam. Ciddi musiqimizdə az-çox ulduzlar var. Alim Qasımov əsl ulduzdur.
"Nə qədər açıq geyinsən, sənə o qədər də yüksək xal verəcəklər"
- Vəziyyətin bu həddə çatmasında təhsilin rolu varmı?
- Təbii ki, məktəb və universitetlərdən çox şey asılıdır. İsrail orta məktəb proqramlarına əsasən orada həftədə bir dəfə müəllimlər uşaqları muzeylərə, klassik konsertlərə, yaxud kitabxanalara aparırlar. Uşaqlar açıq dərs saatı kimi muzeyə, teatra gedir və sonra da bununla bağlı öz fikirlərini yazırlar. Əgər simfonik konsertə gedirlərsə təbiidir ki, orada tələbələr üçün yüngül proqram düzəldirlər. Uşaqlar alətlərə baxırlar, toxunurlar. Beləcə uşaqlarda yüngül formada sənətə, ədəbiyyata, teatra maraq oyadır, onlara kinonun, teatrın, musiqinin nə olduğunu öyrədirlər. Bizdə də belə olsa çox yaxşı olar. Hər halda, biz çalışırıq ki, Bakı Musiqi Akademiyasında Üzeyir bəyin ənənələrini davam etdirək. Çox olmasa da istedadlı uşaqlarımız var. Biz musiqi ənənəmizi yaşatmalıyıq.
- Sizcə, Qarabağ münaqişəsinin uzun müddət davam etməsi, münaqişənin həlli ilə bağlı məsələnin uzanması belə boşluqların yaranmasına təsir edə bilər?
- Qarabağ dərdi bizi əzdi. Mən daxilimdə bunu həmişə hiss edirəm. Sanki bir günahım var. Hər bir azərbaycanlı bunu hiss edir. Məncə bu bizə ən böyük zərbə idi. Amma bəzi məmurlarımızın ictimaiyyətə yuxarıdan aşağı baxması da var. Bizdə insanlarala böyük məmurlar arasında sədd var. Bu olmamalıdır. Mən istərdim ki, məmurlarımız daha demokratik, daha sadə olsunlar. Son zamanlar Azərbaycanda bir varlanma gedir. Mən istərdim ki, bu prosesdə daha çox orta sinif yaransın, nə çox varlı olsun nə də kasıb təbəqə. Orta sinif həmşə aşağılarla yuxarılar arasında toqquşmanın olmasına imkan vermir. Ona görə də Avropada orta sinif ən mühüm sinifdir.
"Saziş olmayacaqsa, Qarabağa gedib erməni ilə çörək kəsmək düzgün deyil"
- Siz də daxil olmaqla bir qrup ziyalımız işğal altında olan Qarabağa getmişdilər. Bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sizcə, hansısa öhdəliyə əsasən yenidən ziyalılarımızın "xalq diplomatiyası" adı altında Qarabağa səfəri gerçəkləşə bilərmi? Bu, olarsa ziyalılarımızın məsələyə münasibəti necə olmalıdır və sizcə ziyalılar bu dəfə sərt təpki göstərmək üçün özündə güc tapa biləcəkmi?
- Qarabağa birinci səfər Şuşanı görmək istəyindən yaranmışdı. Polad Bülbüloğlu özü ikinci səfərdən sonra Moskvada çox sərt bəyanat vermişdi. Ora getmək informasiya toplamaq üçün idisə, artıq iki səfər çərçivəsində bunlar əldə olundu. Artıq üçüncü dəfə ora getmək lazım deyil. Şuşaya ancaq və ancaq bir məqsədlə getmək olar. Bu da o vaxt baş verə bilər ki, evlərindən didərgin düşən insanlar tərk etdiyi evini ziyarət edib, ora qayıdış üçün hazırlansın. Təbbi ki, bu da münaqişənin həlli ilə bağlı imzalanan müəyyən sazişdən sonra olmalıdır. İndiki vəziyyətdə Qarabağa səfər etməsi yanlış bir şeydir. Mən öz haqqımda deyim ki, ora ikinci-üçüncü dəfə gedə bilməzdim. Əgər hər hansı saziş olmayacaqsa, ora gedib erməni ilə çörək kəsmək düzgün deyil. "Xalq diplomatiyası" sazişdən sonra olmalıdır. Münaqişənin başlanmasından 21 il keçib, amma ATƏT-in Minsk qrupu və digər təşkilatlar münaqişənin həlli ilə bağlı bir addım da atmır. Görünür bu məsələdə bizim dostlarımız yoxdur. Ancaq Türkiyə bizə dəstək durur. Amma Türkiyəyə təzyiq göstərsələr, o da öz marağından çıxış edəcək. Türkiyə başa düşməlidir ki, onlar Qarabağı nəzərə almadan sərhədləri açsalar, ermənilər daha da qudurar. Biz Türkiyə ilə bağlıyıq. Nə biz onlarsız, nə də onlar bizsiz hərəkət edə bilməz.
"Safura saksafonda bir neçə saniyə muğam çalmalıdır"
- "Evrovision" müsabiqəsi sizin üçün nədir? Burda məqsəd hər bir ölkənin Avropaya öz mədəniyyətini tanıtmasıdırsa, onda daha çox hansı elementlərdən istifadə etməliyik? Qarşıdakı müsabiqədə iştirak edəcək Safurənin hansı imic və hansı musiqi ilə çıxışını məqbul sayırsınız?
- "Evrovision" müsabiqəsinə ciddi baxmıram. Orda ciddi sənət səviyyəsində heç nə yoxdur. Müsabiqəyə qatılmağın vacib tərəfi bütün Avropanın bu yarışmanı izləməsidir. Yadınızdadırsa, bir dəfə Fillandiyanın əjdaha maskalıları qalib gəlmişdi. O nə idi? Amma birinci yer aldılar. Niyə, bilmirəm. Deməli, burda hardasa siyasi motivlər var. Buna baxmayaraq Azərbaycanın da orda işitrak etməsi vacibdir və çox da uğurlu çıxış edirik. Safura çox gözəl saksafon çalır. Mən təklif etmişəm ki, o, çıxışa başlayanda saksafonda bir neçə saniyə muğam çalsın. Məncə bundan istifadə edəcəklər. Çünki biz özümüzü göstərmək üçün bundan istifadə etməliyik. Bu, mütləq olmalıdır. Belə olmasa onda biz nəyi göstərəcəyik? Geyim məsələsinə gəldikdə, orada daha çox seksual geyimə fikir verirlər. Dəbə görə, yəni nə qədər açıq geyinirsən, sənə o qədər də yüksək xal verəcəklər. Amma Norveçin ifaçısı kimi simpatiya qazanmaq da olar.
Tahirə Qafarlı
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Fərhad Bədəlbəyli: «Sabah necə çimirlər, tualetə necə gedirlər bunları da göstərəcəklər»
23 Aprel 2010 10:55
Baxış: 702

DİGƏR XƏBƏRLƏR
-
Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir
-
Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib - FOTO
-
Mirzə Babayev kimdir? - Kəpənəyin dalınca qaçan sənətkar
-
Leyla Əliyeva fotosərgi açılışında - FOTO
-
Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib - FOTO
-
“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub - FOTO
XƏBƏR LENTİ
-
İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq – Qayıtmağa dəyərmi?
-
Bu ərazilərdə işıq olmayacaq
-
Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir
-
İki valyuta bahalaşdı, dollar isə...
-
Ayşənin son videosu üzə çıxdı - “Bir gün ölsəm, bu videonu..." - VİDEO
-
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
-
Tramp məzuniyyətini bu ölkədə keçirəcək
-
Geoloqlar gözlənilmədən qəribə mavi hovuz tapdı: Onun özəlliyi nədədir?
-
Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz
-
2025 üçün qorxulu ssenari - Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi...
-
Bağırsaq üçün ən yaxşı meyvə açıqlandı - Diabet riskini də azaldır
-
58 yaşında 4-cü dəfə evlənir - FOTO
-
Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ - Cinayətin DETALLARI
-
Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı - VİDEO
-
Son anda Türkiyəyə gəlməkdən imtina etdi - təyyarəyə minmədi - Nə baş verir? - FOTO
-
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
-
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur
-
Rusiyada ard-arda güclü zəlzələlər oldu
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə baş tutacaq
-
Usikin qələbəsinə yoldaşından duyğusal mesaj: “Çempionum, qəhrəmanım!”
-
AZAL-ın təyyarəsini vuranın - FOTOsu
-
Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir
-
İsti havada səhnə geyimi bəyənilmədi