Mədəniyyət

Nizami məqbərəsinin tarixi və taleyi

18 Dekabr 2011 11:51
Baxış: 6 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ulu Nizaminin 870 yaşı tamam olur. Onun doğma yurdu qədim Gəncə başdan-başa Nizami nuruna boyanıb. Hər yerdə yubiley şərəfinə möhtəşəm işlər görülür. Ən əsas nəzər-diqqət, ən böyük ehtişam isə ölməz şairin əsrlərin o tayından boylanıb gələn müqəddəs abidə kompleksindədir. Gəlin, qayğıkeş insanların sayəsində bu gün öz yeni həyatına qədəm qoyan məqbərənin tarixini vərəqləyək, bu ulu ocağın taleyi ilə tanış olaq.

Əsrlərin o tayından Gəncə ilə qoşa gəlir Nizaminin adı da, məzarının ünvanı da. Uluların məzarı da müqəddəs bir ocaq, ibrətli bir hekayətdir. Nizami nuruna boyanandan bəri bu yerlər ziyarət məkanına, tövbə, dilək yerinə çevrilib. Gəncənin gündoğarında Şeyx düzü belə yaranıb. İllər, əsrlər boyu zəvvarlar, müsafirlər burada ayaq saxlayar, gəlib-gedən qonaq-qara burada nəfəs dərər, ulu Şeyxdən xeyir-dua alardı.    

Görəsən tarixin yaddaşına ilk dəfə Nizami məqbərəsi sözü kimin əli ilə yazılıb, haçan yazılıb, necə yazılıb? Arayanlar ilk sorağı Qazi Əhməd Quminin və İskəndər bəy Münşinin əsərlərindən alıblar. Fikrimizcə, ən sanballı ilkin mənbə V.V.Bartoldun 1913-cü ildə yazdığı "Nizaminin qəbri" məqaləsi sayıla bilər. Sərdabənin fotosunu əldə edən alim tarixi baxımdan mövcud qaynaqları diqqətlə araşdırır. Adda-budda deyilənləri yır-yığış edəndə tarixin belə bir səhifəsi canlanır.  ...1587-ci ilin soyuq qış günlərində Qəzvindən bir karvan gəlir. Başda da Soltan Məhəmməd Xudabəndə - I Şah Abbasın atası. Bir qaynaqda deyildiyi kimi, Soltan Məhəmməd düz gəlib "rəhmətlik gəncəli Şeyx Nizaminin məqbərəsi yanında düşərgə" salır. Çadırlar qurulur, ocaqlar çatılır, süfrələr açılır. Gürcüstan hökmdarının əlidolu elçiləri gələndə məclis yenidən qızışır... Nədi, yoxsa bu çal-çağırı sinirmədi şeyxin ruhu, müqəddəs ocaq. Bir səhər səs yayıldı ki, Soltan Məhəmmədin oğlu Həmzə Mirzəni gecə yatdığı yerdə bir erməni xəncərlə doğrayıb... Aylar, illər keçir. Nakam Həmzə Mirzənin qardaşı Abbas böyüyür, əzəmətli Şah Abbas olur. 1606-cı ilin mart ayında başının dəstəsiylə Gəncəyə gəlir. O da atası kimi məqbərənin yanında düşərgə salır.

Tarixdə Nizami məqbərəsini yerindən, forma və quruluşundan, mühafizə vəziyyətindən xəbər verən belə qaynaqlar çoxdur. Məqbərə həmişə müqəddəs sayılıb. Akademik Həmid Araslı yazır ki, "Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur".

Mir Mehdi Xəzaninin "Kitabi-tarixi Qarabağ" əsərində verdiyi məlumata görə, Nizami ziyarətgahına o qədər nəzir-niyaz yığılırmış ki, vəsaitin siyahıya alınıb məscidə göndərilməsi üçün ruhanilər tərəfindən oraya "mücavir" adlandırılan bir nəfər təhkim edilmişdi.

Lakin dövrün amansız qovğaları zaman-zaman bu inam, iman yerinə güclü zərbə vurmuşdu. 1606-cı ildə Şah Abbasın işğalçılıq yürüşü, 1752-ci ildə Hacı Çələbi ilə Gürcüstan valisi arasında baş verən qanlı döyüş, 1826-cı ildə, yəni Gəncə xanlığının süqutundan sonra Rusiya-İran müharibəsi məqbərəni bərbad hala salır.

1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzənin bu yerlərə ziyarəti ilə əlaqədar gəncəli İskəndər bəy Axundov "Kavkaz" qəzetində yazırdı ki, "Şeyx Nizami məqbərəsinin tağı uçulub tökülmüş, üstündə ilan və kərtənkələlər sürünən kərpiç künbəz indi çovğun və istilərdən onun məzarını qoruya bilmir".

1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani yolüstü məqbərəni ziyarət etmiş və təsirlənərək aşağıdakı rübaini yazmışdır:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan.

Olmuşmu səninlə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

"Molla Nəsrəddin" 1908-ci ildə hətta mal-qara tapdağı olmuş yarıuçuq məqbərənin məzəli bir şəklini də vermişdi. Altında da bu sözlər:

"- Camaat! Bu, əzim gümbəz şairi-məşhur Nizami Gəncəvinindir. Gəncənin fəxri olan bu mübarək yadigarı qoyunların ziyarətindən qoruyaq".

Belə idi onda məqbərə. Buna görə də dövrün mötəbər ziyalıları məqbərənin taleyi ilə maraqlanır, imkanı olan hər kəs türbənin təmirinə kömək edir, əl tuturdu. Məşhur "Qarabağnamə"nin müəllifi Mirzə Adıgözəl bəy şairin türbəsini öz hesabına təmir etdirib. "Molla Nəsrəddin" jurnalının təşəbbüsü ilə bu məqsədlə xeyli sərmayə toplanıb. Əldə olunan bütün vəsaitin məqbərənin bərpasına verilməsi üçün 1909-cu ildə gəncəli müəllim Mirzə Məhəmməd Axundzadə "Şeyx Nizami" adlı kitabça nəşr etdirib.     

"Yelizavetpolskiye qubernskiye vedomosti" qəzetindəki (28 may 1909) məktubdan bir parça: "...Əsgər ağa Adıgözəlovun və Ələkbər bəy Rəfibəyovun başçılığı ilə görkəmli müsəlman şairi Şeyx Nizaminin dağılmış abidəsini bərpa etmək məqsədilə, yeni ədəbi cəmiyyət yaranmışdır".

1923-cü ilin yazında nə düşünürlərsə Nizaminin qəbrini şəhərin mərkəzinə - Cümə məscidinin həyətinə köçürməyi qərara alırlar. "Şeyx Nizami" kitabının müəllifi Mirzə Məmməd Axundzadə başda olmaqla bir qrup ziyalıdan ibarət komissiya yaradılır. Pul yığılır, yer seçilir, məqbərədə qazıntı işləri aparılır. Köhnə qəbir söküləndə təzəsi hazır deyildi. Qəfildən Mirzə Məhəmmədin ölümü ilə bu gərəkli iş pozulur. Şairin sümükləri şəhər bağından əvvəlki yerinə qaytarılır.

1939-cu ildə İ.V.Stalin Kiyev ziyalıları ilə görüşərkən gözlənilmədən "Xosrov və Şirin" poemasından bir parçanı əzbərdən söyləyir. Bununla da Nizami yaradıcılığına və şəxsiyyətinə münasibət köklü şəkildə dəyişməyə başlayır. Bu görüş haqqında 1939-cu il aprel ayının 3-də "Pravda" qəzetində məqalə ilə çıxış edən Ukraynanın tanınmış şairi Mikola Bacan bu barədə belə yazıb: "Yoldaş Stalin Nizaminin qardaş Azərbaycan xalqına məxsusluğu ilə bağlı şübhələrin aradan qaldırılmasının vacib bir məsələ olduğunu qeyd etdi".

Şairin məzarının bərpası məsələsi yenidən diqqət mərkəzinə gəlir. 1939-cu il noyabr ayının 1-də Bakıda Nizami muzeyi yaradıldı. 1940-cı ildə isə şairin məzarı üzərində məqbərənin ucaldılması məqsədilə Moskvadan arxeoloji ekspedisiya gəldi. Tədqiqatlarda şəxsən iştirak etmiş İ.P.Şeblıkin "Nizami türbəsinin tarixinə dair" məqaləsində yazır ki, XIII əsrdə tikilmiş məqbərənin ümumi sahəsi 101,12 kvadratmetr, hörgünün qalınlığı isə 1,7 santimetr olmuşdur. Ekspedisiya bu qərara gəlir ki, şairin məzarı üzərində abidənin ucaldılması vacibdir.

Bəs layihəsi necə olsun? Hələ 1926-cı ildə Şeyx Nizaminin məqbərəsinin bərpası ilə bağlı müsabiqə keçirilirdi. Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənmiş layihə birinci yerə layiq görüldü. Lakin türk üslubundan geniş istifadə edildiyi üçün layihə kənara atılır. 1930-cu ildə məqbərənin layihəsi üçün yeni müsabiqə elan olunur. S.Dadaşov və M.Useynov kimi kamil memarlarımızın hazırladıqları layihə də "tünd milli boyalarına" görə Moskvanı razı salmadı. 1939-cu ildə sayca üçüncü müsabiqə elan olunur və İ.Vaxutinlə A.Sarkisovun işlədikləri layihə qəbul edilir. Bu da çətin bir dövrə düşdü. Dünya çalxalandı. Müharibə neçə il əl saxladı.

Nəhayət, 1947-ci ildə Şeyx Nizami

nin məzarı üzərində yerli ağdaşdan məqbərə ucaldıldı. Hündürlüyü 15,2 metr, ümumi sahəsi 49 kvadratmetr! 1947-ci ildə məqbərənin təntənəli açılışı oldu. Neçə-neçə yaxın-uzaq elli qonağın, eləcə də ustad Səməd Vurğunun alovlu çıxışını yaşlı gəncəlilər indi xatırlayırlar.

Qısqanclıq dalğası yenidən tüğyan edir. Yubiley ərəfəsində Moskva tərəfindən qəsdən qıcıqlandırılan İran rəsmiləri Şeyx Nizaminin yalnız İrana məxsusluğu məsələsini qaldırırlar. Xəbis əl həmişə əlaltından iş görürdü. Nizaminin qəbrindən çıxarılmış yazılı daş və digər əşyalar, onun tabutunun üzərindən götürülmüş tirmə parça, kitabələr, Əjdər Ələsgərzadə tərəfindən oxunub tərcümə edilmiş sinədaşının estampajı müəmmalı şəkildə yoxa çıxır.      

Yenə də ulu öndər Heydər Əliyev, qəbri nurla dolsun! Yetmişinci illərdə ölkəyə rəhbərlik edərkən Nizaminin 840 illik yubileyi ilə əlaqədar Moskvanın qarşısında məsələ qaldırır ki, ölməz şairin məzarı üzərində ona layiq bir abidənin ucaldılması vacibdir.

Açıq müqavimət göstərilməsə də, Moskvanın xəbis niyyəti yenə də duyulur. Rusların təşəbbüsü ilə məqbərənin layihəsinin işlənilməsinə erməni memarları cəlb olunur. Lakin ulu öndərin cidd-cəhdi sayəsində yeni layihənin hazırlanması o vaxt Gəncə şəhərində baş memar işləyən Fərman İmamquliyevə və heykəltəraş Qorxmaz Sücəddinova həvalə edilir. Milli memarlarımız tərəfindən əski oğuz üslubu ənənələrinə uyğun tikiləcək məqbərənin hündürlüyü 20,9 metr nəzərdə tutulmuşdu. Bu məqbərə Gəncənin simvoluna çevrilməli idi. Lakin Heydər Əliyevin Moskvaya getməsindən istifadə edən qara qüvvələr layihənin yenidən işlənilməsinin zəruriliyini  bəhanə edərək məqbərənin bərpasını təxirə salmağa nail oldular.

Nəhayət, Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında məqbərə əsaslı surətdə təmir edilir. 1992-ci ildə hər iş başa çatır. Lakin ulu Nizamiyə 850 illik yubiley təntənəsi qədərincə qismət olmadı. Hər şey doxsanıncı illərin burulğanında sönük-solğun, səssiz-səmirsiz ötüşdü.

Gəncəlilər indi onun əvəzini çıxmağa çalışırlar. İcra hakimiyyətinin təşəbbüsü ilə görülən işlər hamının qəlbindən xəbər verir. İndi qədim Gəncə başdan-başa müasir şəhərsalma tələblərinə uyğun yenidən qurulur. Nizaminin məqbərə kompleksi isə sözün tam mənasında, tanınmaz dərəcədə dəyişilir, bu müqəddəs guşədə fundamental işlər görülür. Təqribən 40 hektar sahədə muzey yaradılır. Hər gün ağac əkilir, məqbərə və onun ətrafı əsaslı şəkildə bərpa edilir, genişmiqyaslı abadlıq işləri aparılır. Bakı səmtində yolun hər iki tərəfində uzunluğu 47 metr olan sədd - qala divarı tikilir. Məqbərəyə qədər olan ərazidə bir neçə kilometr sahədə kitab-abidələr ucaldılır, hər abidənin bir səhifəsində "Xəmsə"yə daxil olan bir poemanın adı yazılır, digər səhifədə isə bu poemaya çəkilmiş minatürlərdən mozaika yığılır. Yolun əks tərəfində həmin əsərin personajlarının təsvir olunduğu fəvvarə kompleksi quraşdırılır. Şəhərin mərkəzində isə Elmi-Tədqiqat Nizami İnstitutu fəaliyyətə başlayıb.

Ölkə rəhbərinin tövsiyəsi ilə məqbərənin ən baxımlı yerində Nizami mərkəzinin inşasına hazırlıq görülür. Burada Nizami muzeyinin, əlyazmalar fondunun, beynəlxalq əlaqələr şöbəsinin və digər obyektlərin yaradılması nəzərdə tutulub. Beləliklə, türk xalqının böyük oğlu, gəncəli Nizaminin ədəbi irsinin tədqiqi və təbliği sahəsində yeni mərhələ başlanır.

Ulu şairin müqəddəs məqbərəsinin səlnaməsinə daha bir şərəfli tarix yazılır: "Abidə kompleksi 2011-ci ildə yenidən qurulmuşdur".

"Azərbaycan" qəzeti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.