Mədəniyyət

"Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb" - Debüt - FOTO

9 Dekabr 2019 23:07
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüseyn Nağıyev: Ən böyük hədəfim Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmək və adımı "Qızıl kitaba" yazdırmaqdır

Bu gün gənc istedadlarımızın səsi beynəlxalq festivallardan eşidilir. Artıq beynəlxalq musiqi festivallarında bizim istedadlı gənc ifaçılarımız da boy göstərir, tarixə adlarını qızıl hərflərlə yazdırmağı bacarırlar. Onlardan biri də Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyevdir. O, ötən həftə Moskvada Vladimir Spivakov Fondu tərəfindən keçirilən XVI "Moskva dostları qarşılayır" Beynəlxalq Festivalında iştirak edib. 

Milli.Az bildirir ki, səfərdən dönən Hüseyn Nağıyev "Kaspi"nin qonağı oldu. İstedadlı kamança ifaçısı ilə əldə etdiyi uğurlarından, hədəflərindən bəhs etdik. Onu da qeyd edim ki, 15 yaşlı ifaçı, eyni zamanda aktyor olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı obrazlar yaradır.

- Dünyaca məşhur olan Böyük Teatrda çıxış etmək hər bir ifaçının arzusudur. Bu arzuya belə gənc yaşda necə çatdınız?

- Gimnaziyamızın müdiri Aytən Əhmədova həmin festivala mənim "Youtube"da olan ifalarımdan ibarət videolarımı göndərmişdi. Festival iştirakçılarının siyahısı açıqlandığı zaman öz adımı orada gördükdə, sevincimin həddi-hüdudu yox idi. Bu mənim kamança ifaçısı olaraq iştirak etdiyim ilk festival idi. Bunun üçün Təhsil Nazirliyinə və Aytən xanıma təşəkkürümü bildirirəm. 

- Festivalda hansı əsəri ifa etdiniz və ifanız necə qarşılandı?

- Həsən Rzayevin "Çahargah" muğamının üzərində yazılmış "Çahargah rapsodiyası" əsərini ifa etdim. Bu əsərin seçilməsi və məhz belə mötəbər festivalda mənim tərəfimdən ifa edilməsi heç də əbəs deyildi. Belə ki, festivala dünyanın 36 ölkəsindən nümayəndələr, iştirakçılar gələcəkdi və onların içərisində bizim milli musiqilərimizi mənimsəyən mənfur düşmənlərimiz də vardı.  Bunun üçün Aytən Əhmədova ilə düşündük və yerli bəstəkarımızın əsərinə müraciət etmək qərarına gəldik. Orda xarici əsərlə çıxış etməyimin bir mənası olmazdı. Kamança bizim milli alətimizdir, orada yerli bəstəkarımızın əsəri səslənməli idi. Konsertmeyster Svetlana Əhmədova ilə birlikdə biz bu mahnını ifa etdik və ifamız tamaşaçılar tərəfindən böyük alqışla qarşılandı. Tədbirdən sonra zalda tamaşaçı qismində əyləşən sənətkarlar mənə yaxınlaşıb, təşəkkürünü bildirir və ifa etdiyim əsərin onlara xoş təsir bağışladığını deyirdilər. Əlbəttə ki, bu, bir ifaçı kimi məni həvəsləndirir və daha da qürurlandırırdı. Digər tərəfdən isə, dünyada 4 məşhur opera teatr səhnəsindən biri olan Dövlət Akademik Böyük Teatrda çıxış etməyin sevincini yaşayırdım. Mən Böyük Teatrın Bethoven zalında çıxış etdim, hansı ki, məhz bu zalda dünyaca məşhur sənətkarlar çalışıblar. 
 
- Yaşınıza görə uğurlarınız az deyil. Bu yolda iştirak etdiyiniz festivallar, müsabiqələr sizə nə qazandırıb?

- Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb. 2015-ci ildən kamança ixtisası ilə məşğul olsam da, əsas uğurlarım 2017-ci ildən başlayıb. Belə ki, 2017-ci ildə "İncəsənət Olimpiadası"nda 1-ci yerə layiq görüldüm. 2018-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 3-cü Respublika müsabiqəsində 1-cilik qazandım. Daha sonra "Testene art Baku" 2-ci beynəxalq müsabiqəsində 2-ci yerə layiq görüldüm. Kamança hazırlanması və ifaçılıq sənətinin UNESKO-nun qeyri-maddi reprezentativ mədəni irs siyahısına daxil olunmasına həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının 2-ci Respublika müsabiqəsində 2-ci yeri tutdum. H.Xanməmmədovun 100 illiyinə həsr olunmuş müsabiqədə (müsabiqədən kənar) diploma, World harmony 2-ci beynəlxalq müsabiqəsində 2-ci yerə, 2019-cu il Uşaq və gənclər arasında Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində 1-ci yerə layiq görüldüm. X və XI Beynəlxalq Üzeyir Hacıbəyli festivallarında çıxış etmişəm. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təsis etdiyi "Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı" mükafatına layiq görüldüm. 2019-cu ildə Albaniyanın Elbasan şəhərində keçirilən 21-ci Skampa Beynəlxalq Teatr Festivalında aktyor kimi çıxış etdim. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin, Respublika Fənn olimpiadasının və məktəblər arasında keçirilmiş "Respublika idman çempionatı"nın mükafatlandırma mərasimində kamança ifaçısı kimi ifa etdim. Bundan başqa, dəfələrlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan zalında, Beynəlxalq Muğam Mərkəzində və dövlət tədbirlərində Xalq çalğı alətləri orkestri, Q.Qarayev adına kamera orkestri ilə çıxış etmişəm. Təbii ki, bütün bunlar mənim həyatımda böyük iz buraxıb. 
 
- Gələcək hədəfləriniz nələrdir? Hansı zirvəyə çatmağı qarşınıza məqsəd qoymusunuz?

- Ən böyük hədəfim Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmək və adımı "Qızıl kitaba" yazdırmaqdır. Bunun üçün əlimdən gələni edirəm. 
 
- Bu yaşda solo konsert də vermisiniz.

- Bəli.
 
- Konsert ideyası necə yaranmışdı?

- 2018-ci ilin yanvarın 11-də "Ömrümün istəyi" adlı solo konsert  proqramı ilə çıxış etdim. O zamanadək konsert verməyi düşünsəm də, buna cəsarət etmirdim. Atama belə bir istəyimin olduğunu dedim, o da etiraz etmədi. Daha sonra gimnaziyamızın direktoru Aytən xanıma müraciət etdim və onunla birlikdə proqram hazırlayıb, məşqlərə başladım. Bu işdə ixtisas müəllimim Samirə Nəcəfovanın da böyük rolu oldu. Bu konserti görkəmli kaman ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun xatirəsinə həsr etdim. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığından əsərlər və muğamlarımızı səsləndirdim. Mənim üçün çox uğurlu bir konsert oldu. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi konsert sonrası gözəl sözlər dedi. Bildirdi ki, "sən ifa etdikdə, gözümü yumdum və elə hiss etdim ki, sanki 35 yaşında biri ifa edir". Bu mənə böyük ruh verdi. 
 
- Eyni zamanda Akademik Musiqili Teatrda aktyor kimi çalışırsınız. Kamança ifaçılığı ilə aktyor sənətinin kəsişdiyi bir ortaq nöqtə varmı?

- Hər ikisi incəsənətin qolllarıdır. Ümumilikdə hər ikisi mədəniyyətə xidmət edir. Ancaq mən özümü daha çox kamança ifaçısı olaraq görürəm. Aktyor kimi isə özümü hələ uşaq yaşlarından sınamağa çalışmışam. Belə ki, 7 yaşımda Gənc Tamaşaçılar Teatrında kiçik aktyor kimi fəaliyyətə başlamışam. Orada Uilyam Şekspirin "III Riçart" tamaşasında Uels şahzadəsini, İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı"nda Neməti, Pyotr Çaykovskinin "Şelkunçik" tamaşasında kiçik aşpaz və əsgər obrazlarını canlandırmışam. 4 il Gənc Tamaşaçılar Teatrında çalışdıqdan sonra Akademik Musiqili Teatrdan dəvət aldım. 11 yaşımda həyatımda ikinci dönüşü edib, bu teatra gəldim. Artıq 3 ildir ki, burda çalışıram və bu 3 il ərzində teatrda biri-birindən maraqlı tamaşalarda rol almışam. Burada ilk obrazım Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin səhnələşdirdiyi tamaşada Ceyhun Hacıbəylinin uşaqlığı oldu. Ü.Hacıbəylinin "O olmasın bu olsun"unda kütləvi səhnədə, Semuel Bekketin "Qodonun intizarında" oğlan obrazını canlandırmışam.

- Kamança ifaçılığı elə bir sənətdir ki, bu yolda məşhurluq əldə etmək üçün çox çalışmalısınız. Amma aktyor kimi simanız daha tez məşhurlaşar. Bu barədə düşünmüsünüzmü?

- Mən hər şeyi gözə almışam. Özümü kamança ifaçısı olaraq yetişdirmək və vətənimə məhz bu yolda xeyirli vətəndaş olmaq istəyirəm. Aktyorluq fəaliyyətimi müvəqqəti olaraq dayandırmaq məcburiyyətindəyəm. Sadəcə olaraq indi dərslərimin ən ağır olduğu dönəmdəyəm. Həm dərslərimlə məşğul olub, həm də kamança dərslərimə zaman ayırıram. Bir müddətdən sonra aktyorluğa yenidən davam edəcəm. Gələcəyin nələr göstərəcəyini bilmək olmaz. Hər şeyi zaman göstərəcək. 
 
- İki sənət arasındakı balansı qorumaq çətin deyil ki?

- Hər iki sənətin öz çətinliyi var. Səhnə insana başqa duyğular bəxş edir. Sən özünü səhnədə fərqli hiss edirsən. Bir dəfə səhnəyə çıxanda, o səhnəyə ikinci dəfə çıxmaq istəyirsən. Musiqili Teatrın səhnəsi mənim üçün doğmadır. Burada özümüzü rahat hiss edirik. Təbii ki, bu da səbəbsiz deyil. Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bizə yaratdığı şəraitdən asılıdır. Onun bizə göstərdiyi diqqət nəticəsində Musiqili Teatrda az yaşımda bir çox tamaşalarda böyük sənətkarlarla birlikdə rol almışam. Tanınmış, cəmiyyətdə sözünü demiş, sözün əsil mənasında peşəkar aktyorlarla bir səhnəni bölüşdüyüm üçün özümü xoşbəxt hesab edirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.