Mədəniyyət

Verdiyi hədiyyəni geri almaq məcburiyyətində qalan, atası ilə küsülü olan görkəmli aktyor - Həsən Məmmədov

22 Noyabr 2019 19:19
5 Şərh     Baxış: 3 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xalq artisti Həsən Məmmədovun doğum günüdür.

Milli.Az ölkə.az-a istinadla aktyor haqqında bəzi məlumatları təqdim edir.

Azərbaycan kinosunun görkəmli aktyoru Həsən Məmmədov 1938-ci ilin 22 noyabrda  Salyanda anadan olub.

Atasının arzusunu yerinə yetirib müəllim olmaq üçün o, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini daxil olub. Lakin 2-ci kursda o oranı tərk edərək, Mirzağa Əliyev adına Teatr İnstitutuna daxil olur.

Teatr məkəbinə üz tutanda atası onunla küsür. Bir müddətdən sonra o, "Böyük dayaq" filmində Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu filmə görə, atası onu bağışlayır və onunla barışır.

Həsən kurs yoldaşı rejissor Tofiq İsmayılova aldığı hədiyyəni geri istəməli olub. Ad günündə o, qardaşı arvadının billur vazasını ona hədiyyə verir. Lakin sonra evdə bunun üstündə narazıçılıq olur. O da hədiyyəni geri istəməli olur.

Tələbə vaxtı yoldaşlarının Moskvaya səfəri zamanı onun adı siyahıda olmadığı üçün o, qatarda gizlin ora gedir.

Həsən Məmmədov tələbəlik illərində aktiv olmayıb. O, özünə qapanan, heç kəsnən ünsiyyət qurmayan tələbə olub.

O, müsabiqədən keçərək Azərbaycan radiosunda diktor işləyir.
"Gün keçdi"də yaratdığı Oqtay obrazına görə, qızlar ona vurulmuşdu.

Həyat yoldaşı Lətifəyə aşiq olanda qız hələ məktəbdə oxuyurdu. Aralarında 8 yaş fərq olan qıza ilk görüşdən aşiq olur. Beləliklə, onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...

Həsən Məmmədov oğlu Əvəzin toyunu görmək arzusunda idi. O, bunun üçün gəlin namizədi də axtarırdı. Ancaq əfsuslar olsun ki, oğlu evlənən də o, artıq həyatda yox idi.

Sovet İttifaqı dağıldıqdan sonra kino sahəsində böhran yaranır. Həsən Məmmədov işsiz qalır. O zaman mədəniyyət naziri Polad Bülbüloğludan xahiş edərək yenidən Azərbaycan Akademik Milli Dram teatrına qayıdır.

Yüksək təzyiqdən və ürək xəstəliyindən əziyyət çəkən aktyor müalicə almaqdan, dərman qəbul etməkdən imtina edirdi. Yaxın dostu Xalq artisti Rafiq Əzimovun dediklərindən: "Həsən əgər vaxtlı-vaxtında dərmanlarını atsaydı, özünə baxsaydı, daha çox yaşayardı. Həsən Məmmədov öz qədrini bilmədi. Bizə rejissorlarımız, müəllimlərimiz, tamaşaçılar deyirlər ki, siz tək özünüz üçün yaşamırsınız. Sizi xalq tanıyır. Adam çox çətinlik çəkir ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdu. Bu bizim üçün ağırdı".

Həsən Məmmədov "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Bir cənub şəhərində" (Murad), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Axırıncı aşırım" (Abbasqulu bəy), "Gün keçdi" (Oqtay), "Dədə Qorqud" (Dədə Qorqud), "Arxadan vurulan zərbə" (Qəmərli), "Bizi bağışlayın" (Nəriman), "İstintaq" (Murad), "Evlənmək istəyirəm" (Mirzə Səfər), "Bağ mövsümü" (Ağabala), "Qəm pəncərəsi" (Məmmədhəsən), "Doğma sahillər" (Nuru), "Təhminə" (Professor Zeynallı), "Həm ziyarət, həm ticarət..." (Əlimurad) və s. filmlərdə yaddaqalan obrazlar yaradaraq, tamaşaçıların sevgisini qazanıb.

Buna baxmayaraq, o, heç vaxt "mənim yaratdığım" ifadəsini söyləməmişdi. Onu insanlara həlim səsi, təvazökarlığı sevdirmişdi.

Görkəmli aktyor 26 avqust 2003-cü ildə gözlərini əbədi olaraq həyata yumdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.