Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Meksika abu-havası ilə marimba musiqisi - FOTO

25 İyun 2019 14:04
0 Şərh     Baxış: 417

Beynəlxalq Muğam Mərkəzi ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində bu günə kimi Beynəlxalq Muğam Mərkəzində bir sıra layihələr əsasında xarici ölkə musiqiçilərinin konsertləri reallaşıb. Səfirliklərlə birgə gerçəkləşən beynəlxalq layihələr sırasında "Etnomusiqi inciləri" layihəsi çərçivəsində çoxsaylı konsert proqramları, dünya xalqlarının musiqiləri və müxtəlif ölkələrin tanınmış musiqiçilərinin BMM-də çıxışları eləcə beynəlxalq əhəmiyyətli dəyirmi-masalar xalqlar arasında milli musiqinin təbliğinə xidmət edir.

İyunun 21-də məşhur meksikalı musiqiçilər Xavyer Nandayapa və Mirna Yam Beynəlxalq Muğam Mərkəzində marımba və zərb alətlərində konsert proqramı təqdim etdilər. Konsert Meksikanın Azərbaycandakı Səfirliyinin, Beynəlxalq Muğam Mərkəzi və Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutdu. 
Konsertdən əvvəl Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək konsertə dəstək olan təşkilatlara təşəkkür etdi. Səfir bildirdi ki, marimba, forması ilə ksilofona bənzəyən zərb alətidir. Bütün ahəngdar qammanı əhatə edən marimbada hər növ musiqi ifa etmək olur. Bayram və şənlik musiqisindən başlayaraq, klassik konsert musiqisinə kimi. Marimba sədalarının tez-tez eşidildiyi yerlər Meksika, Qvatemala və Kolumbiyadır. Konsert maestro Nandayapanın 30 illik səhnə fəaliyyətinə həsr olunan və Azərbaycan daxil olmaqla, Avropa, Asiya və Amerikanın 17 ölkəsini əhatə edən dünya turunun tərkib hissəsidir. Rəmzi marimba alətində mahir ifası və Meksika musiqisinin təmsil olunmasında danılmaz iştirakı ilə Xavyer Nandayapa milli və beynəlxalq səviyyədə incəsənətini mühüm dərəcədə inkişaf etdirmişdir. Xavyer Nandayapa 1989-cu ildə "Marimba Nandayapa" qrupu ilə musiqi fəaliyyətinə başlamışdır. Bu günə kimi musiqiçi Avropa, Asiya, Afrika, Orta Şərq və Amerika qitələrinin 42 ölkəsinə səfər etmişdir. 2011-ci ildən etibarən Tabasko ştatında keçirilən Marimba ifaçılarının Beynəlxalq Festivalının bədii rəhbəridir.

Daha sonra konsert proqramı təqdim edildi. Klassik, Meksika eləcə də dünya xalqlarının musiqilərindən ibarət proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Xavyer Nandayapa və Mirna Yam Bakı tamaşacıları üçün marimba və digər zərb alətlərində Meksikanın zəngin musiqi müxtəlifliyindən həzz almaq imkanı yaratdı.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində yeni mövsümdə ikitərəfli konsert proqramları və elmi-tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.