Mədəniyyət

Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTO

26 May 2019 12:34
7 Şərh     Baxış: 23 657

Milli.Az Modern.az-a istinadən aktyor Ələsgər İbrahimov haqda yazını oxucularına təqdim edir: 

Həyat çox qısadır - bir göz qırpımı qədər. Bizə müvəqqəti bəxş olunan və nə vaxt bitdiyini bilmədiyimiz qısa zaman kəsiyində gərək heç nəyin aludəçisinə çevrilməyək. Nəyəsə aludə olmaq o zamanı daha da qısa edə bilər. Ələsgər İbrahimovun həyatı kimi. 

1942-ci ildə doğuldu, cəmi 37 il yaşadı. Bu 37 ilə ali məktəbi bitirmək, bir neçə filmə çəkilməklə yaddaşlarda qalmaq ancaq sığdı. Bəs görəsən, belə qısa zaman kəsiyinə bu adam necə həm də boş, mənasız məşğuliyyətlər yerləşdirə bilib? Həm də bu alışqanlıq onun ömrünü qısaldan amil olub. Bəlkə bilsəydi, ömrü çox qısadır belə yaşamazdı?! Anlasaydı ki, özü öz əli ilə qəbrini qazır, həyat tərzini dəyişərdimi? Bəlkə də yox, kim bilir.  

İçərişəhərdə bir ailə yaşayırdı. Ata fəhlə, ana evdar qadın. Ailədə iki oğlan böyüyürdü. Böyük Vətən Müharibəsinin adamın axırına çıxan gərgin illəri idi. Yarıac, yarıtox ömür sürürdülər. Ata bütün günü gərgin əməklə məşğul olurdu, o vaxt evdarlığı unudan bütün qadınlar kimi bu ana da zavoda, dəmir-dümürlə işləməyə gedirdi. Bu həm ailənin dolanışığı, həm də Vətən üçün lazım idi.  

Bu minvalla uşaqlar orta məktəbi bitirdilər. Ata gərgin əmək sayəsində əlillik statusu "qazanmışdı". Ana işləyirdi, amma onun qazancı ailəni dolandırmağa çatmırdı.  

Ələsgər indiki Neft Akademiyasını bitirmişdi. Döymədiyi qapı qalmamışdı, çətin vaxtlar idi, iş tapa bilmirdi.  

İçərişəhərdə kinorejissor Arif Babayevlə qonşu idilər. Rejissor çoxdan bu qəddi-qamətli, yaraşıqlı oğlanın varlığını sezmişdi. Onun damda quş uçurtması rejissorun xoşuna gəlməsə də,  Ələsgərin kino üçün yarandığına əmin idi. Onu bir gün kinoya çəkəcəyini özü üçün qət etmişdi.   

Quşbaz aktyor, qırılan sevgi 

Bir gün fikrində çəkəcəyi kinoya aktyor seçimi edə-edə evə gələn Arif Babayev damda yenə Ələsgəri quş uçuran görür. Öz-özünə düşünür ki, ilahi, necə də Yan Mareyə oxşayır, bu niyə quş uçurtmaqla məşğul olur axı? 

Bu barədə sonralar onun özünə danışacaqdı, Ələsgər də həmin hadisəni öz müsahibələrində qeyd edəcək, hələlik isə ona doğru atılan ilk addımdan söhbət gedir. Arif Babayev onu aşağı, yanına çağırır.  

- Sən niyə bir sanballı işlə məşğul olmursan? Özü də ailənin ehtiyacı var.  

- İş olsaydı, məşğul olardım.  

- Neft mühəndisi iş tapmır? 
- .... 

- Gəl kinostudiyaya danışarıq.  

Rejissor cavab gözləmədən aralaşır.  

Ələsgər İbrahimov səhər möcüzələrin yarandığı yer zənn etdiyi "Azərbaycanfilm" kinostudiyasına gəlir. Arif Babayevin təklifi ilə onu kinostudiyaya mühəndis kimi işə götürürlər.  

Çox keçmir ki, rejissor onu çəkəcəyi filmə də dəvət edir. Arif Babayevin "İnsan məskən salır" filmində Ramiz obrazı Ələsgər İbrahimovun kinoda debütü olur. İllər keçir, Ələsgər İbrahimov  kinoya çəkilməklə, kino sexində mühəndis işləməklə yanaşı, quşbazlığından da geri qalmır. Əksinə, bu sahədə bir az da irəli gedib, kinostudiyanın damında da göyərçin saxlayır.  

Kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov onu kinoda görüb bəyənmişdi. Onu axşamlar açdığı kino aktyoru kursuna dəvət etmiş, bu yaraşıqlı oğlanın yaxşı aktyor olacağını demişdi. Ona görə də onun göyərçin saxlamasının əleyhinə çıxan yox idi. Nə yazıq ki, Ələsgər İbrahimovun aludəçiliyi yalnız quşbazlıq deyildi. O, hər gün içirdi. İçir, evdə də, işdə də dama çıxır göyərçinlərini yemləyir, onlara o qədər istilik, sevgi göstərirdi ki, bunu ondan heç bir insan görməmişdi. 

Görməmişdi dedim, amma... 
 

Onun sevdiyi bir qız da vardı. Birlikdə kinostudiyadan çıxır, qol-boyun dənizkənarına gedərdilər, bulvara yox, dənizin elə bir yerinə gedərdilər ki, orda bir onlar, bir də dəniz olurdu.  

Qız xahiş edirdi ki, içkidən əl çəksin.  

"Xoşbəxtliyimizə maneə olacaq sənin bu ziyanlı vərdişin "- deyirdi. Ələsgər hər dəfə susur, siqaretə qullab vurub mövzunu dəyişməyə çalışırdı. İllər keçdikcə, qızın səbri tükənir, Ələsgər isə nə zərərli vərdişindən əl çəkir, nə də evlənmək barədə bir söz deyirdi. Sevginin də insan həyatı kimi dövrləri var, elə bir dövr yetişir ki, sevgi telləri ailə bağlılığına çevrilməlidir, ya da... qırılmağa məhkumdur.  

Ələsgərin 37 yaşı olanda sevdiyi qız da artıq gənclik yaşına əlvida demək dövrünə gəlib çıxır. Səssiz-səmirsiz onu köksünə sıxan oğlana "mənə elçi gəlir, verirlər məni",-deyə bilmir, abrına sığınır.  

Başını qaldırıb üzünü onun üzünə söykəyir, göz yaşları Ələsgərin içkinin təsirindən od tutub yanan yanaqlarına süzülür. Bəlkə o qız bu cür onu məsələdən hali etmək istəyirmiş ki, bəlkə sevgilisi ondan niyə ağladığını soruşa... 

Soruşmur, çox qəribədir ki, iki ay sonra sevdiyi qızın barmağında nişan üzüyü görəndə də heç nə olmayıbmış kimi hərəkət edir. Susur...susur. 

İnsan nə qədər içinə qapanar, insan nə qədər susa bilər və partlamaz. Qız ailə qurur, eyni vaxtda kinostudiyanın üstündəki göyərçin hinini dağıdırlar. Qonşular şikayət edir, məsələ məhkəməyə qədər gedib çıxır, ona görə rəhbərlik quşxananın dağıdılmasına qərar verir.   

Müəmma dolu həyatın sonu

Ona qədər Ələsgər İbrahimov "Bizi dağlarda axtarın", "Dvorjakın melodiyası" , "Ömrün ilk saatı", "Qaraca qız", "Torpaq, Dəniz, Od, Səma", "Yeddi oğul istərəm" filmlərinə çəkilmişdi

... Və artıq çox tanınan, sevilən aktyor idi. Kinostudiyada ona Yan Mare, küçədə isə Alen Delon deyirdilər.  

Onu daha çox kinoda sevdirən yeddi oğuldan biri - Zalımoğlu olması idi. 

Bu obrazda aktyor hardasa öz xarakteri ilə baş-başa qalır. Qaradinməz, içinə qapılan. Yalnız at çapmaq məsələsində çətinliklə üzləşir. İçərişəhər balası harda görüb at çapmağı. Çəkilişlərdə at belində onun yerinə dublyor çəkilir və məsələ belə həll olunur.  

Ələsgər İbrahimov mərd adam idi, tikəsini dostla, yoldaşla bölərmiş. Kimsəyə qüruruna toxunmağa icazə verməzmiş. Quş damının uçurdulmasını heç cür uda bilmirdi. Buna görə kinostudiyada bəzilərinin çənəsini də sındırmaqdan çəkinməyib.  

Yersiz zarafatı da götürməzmiş, bir sözlə həyatda da elə kinolardakı obrazlarındakı kimi ciddi adam olub. Heç kim heç vaxt bilməyib ki, Ələsgər niyə bu qədər içinə qapanır, niyə sevdiyi qıza sahib çıxmadı, niyə çox içir? Niyə? Niyə? İndiyə qədər də bu niyələr onu müşayiət edir. 

Yazını hazırlamaq üçün söhbət etməyə onun bir doğma adamını tapmadıq. Axı, tərcümeyi-halına görə bir qardaşı olmalı idi, sağdır, yoxsa...? Bilmədik. 

Onun ölümü barədə də yadlar, uzaqdan-yaxından tanıyanlar danışdı. 

Sevdiyi qızı və göyərçinlərini itirəndən sonra Ələsgər daha çox özünə qapanır və araq şüşəsinə  daha çox bağlanır. Saatlarla mənzilindən çıxmır, bəzən günlərlə onu axtarıb bağlı qapı arxasında boş araq şüşələrinin arasında yatmış vəziyyətdə tapırlar. Belə həyat nəhayət ki öz sonluğuna qovuşur. Çox ağır, sağalmaz xəstəliyə düçar olur, el arasında deyildiyi kimi pis xəstəliyə.  

Belə adamın ətrafında dost-tanış qalmır adətən. Ələsgər İbrahimov da həyatla tənhalıqda vidalaşmalı olur. Onunla yaxın olduğu deyilən kəslərdən soruşduq, nə kimsə onun dəfnində iştirak edib, nə də harda dəfn olunduğunu bilən var. 

Heç yas mərasimi keçirən də olmayıb. Bircə ölümü barədə eşidəndən sonra onun məzarı üstünə həmin qız gedirmiş, sevdiyi qız. Gizlincə, səssicə, çiçək qoyub ağlayıb, dərdləşib, ürəyini boşaldarmış. İndi o da kimliyini bildirmək istəmir. Bildik kimliyini, amma biz də bildirmədik, çünki o xanım indi xalq artisti, bəstəkardır, həm də artıq nənədir.  

Zalımoğlunun məzarı bütün kimsəsiz məzarların aqibətini yaşayıb, torpağa hopub, yoxa çıxıb. Bəlkə də o yerdə yalnız göyərçinlər uçuşur indi.  

2007-ci ildə yeddi oğuldan biri Ənvər Həsənov öz həmkarı haqda "Yeddi oğuldan biri" adlı film çəkib. Həmin film də nümayişə yararlı deyil. Taleyə bax...

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    K · 26 May 18:1930

    Qoresen bu qız kimdi?

    Cavab yaz
    • Anonim
      111 · 27 May 09:0720

      men texmin etdim, o da chox gozel ve kifayet qeder meshur xanimdir, hətta Azerbaycandan kenarda da, amma demek duzgun olmazdi

      Cavab yaz
  • Anonim
    sever · 26 May 18:4450

    Heqqiqeten o aktyor cox yarasiqi olub taleye bax

    Cavab yaz
  • Anonim
    severqq · 26 May 18:4860

    Qismete bax bir terefden yarasiq boy buxun bir terefden tallehsizlik

    Cavab yaz
  • Anonim
    Nn · 27 May 18:0600

    Allah rehmet elesin. Heqiqeten yarawiqli bir aktyor idi. Heyatindan kuskun bir insan. Ozu ozunu nece de bedbext eledi.

    Cavab yaz
  • Anonim
    Elmar · 28 May 01:2600

    RUHU ŞAD OLSHUN !!! @ !!!

    Cavab yaz
  • Anonim
    Elmar · 28 May 01:2600

    Yazdim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.