Mədəniyyət

Azərbaycan filmlərində yer alan əcnəbi sənətçilər - Müəmmalı dəvətlər - FOTO

25 May 2019 14:47
20 Şərh     Baxış: 5 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş sovetlər dönəmində yerli, milli sənətçilər, aktyorlarla yanaşı digər müttəfiq respublikalardan, kənar bölgələrdən olan sənətçilərin də milli filmlərə dəvət olunması ənənəsi olub...

Bu, bir çox hallarda yerli sənətçilər tərəfindən narazılıqla, kəskin etirazla qarşılansa da, sovetlərin bəlli çərçivələri, sərt ideoloji buxovları üzündən həmin etirazlar, təpkilər bir çox və əksər hallarda havadan asılı qalıb...

Xüsusilə, etirazların nələrə gətirib çıxaracağı, milli-kino yaradıcılığına hansı zərbələr vuracağı səbəbindən müttəffiq respublikaların bu sahəyə məsul şəxsləri, ideologiya katibləri, hətta birinci şəxsləri belə bu addımın, bu siyasətin əleyhinə gedə bilməyib və bəzən bilərəkdən, bəzən bilməyərəkdən yerli sənətçilərin haqqına girmiş olublar...

Necə deyərlər, atalar məsəlindəki kimi, dəyirman bildiyin edib, çaxçax, sadəcə, baş ağrıdıb...

Eyni zamanda, qeyd edək ki, kənardan gələn aktyorlardan, Azərbaycan filmlərinə çəkilənlərdən uğurlu alınanı, yaddaşlarda qalanı da olub, uğursuz, yaddaşlardan silinəni, unudulanı da...

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, budəfəki yazıda da məhz sovetlər dövründə Azərbaycan kinolarında rol almış kənar sənətçilərdən, aktyorlardan bəhs edilib.

Tamara Yandiyeva

O, daha çox "Babək" filmində yaratdığı Babəkin ilk sevgilisi və ikinci həyat yoldaşı - Pərvin rolunun, obrazının ifaçısı kimi yaddaşlarımızda qalıb...

Pərvin obrazını uğurlu yaradıb-yaratmadığı barədə dəqiq bir fikir söyləmək mümkün olmasa da, gənc və olduqca cazibədar aktrisa hər halda öz rolunun öhdəsindən gəlməyə çalışıb...

Qeyd edək ki, yerli mətbuatda gedən məlumatlara görə, film çəkilişləri zamanı Pərvin roluna kənardan aktrisa dəvət edilməsinə ən sərt reaksiya verən tanınmış sənətkar, Xalq artisti- rəhmətlik Amaliya Pənahova olub...

O, Tamara Yandiyevanın bu obraza çəkilməsinə qarşı çıxıb və deyilənlərə görə, hətta, çəkilişlər zamanı bir neçə dəfə qalmaqal yaşanıb...

Tamara Yandiyevanın Azərbaycan kinosunda növbəti rolu "Gözlə məni" filmində - Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur "Mahnı dağlarda qaldı" dramı əsasında çəkilmiş filmdəki Şahnaz obrazı olub...

Maraqlıdır ki, bu filmdə də Amaliya xanımla birlikdə rol alıblar...

Belə ki, Amaliya xanım Böyük bəyin həyat yoldaşı - Fəxrəndə xanım, Tamara xanım isə bacısı - Şahnaz rolunu ifa edib...

Onu da xatırladaq ki, əslən qazaxıstanlı olan Tamara Yandiyeva 1955-ci ildə Karaqanda vilayətində dünyaya gəlib. Sovet və Rusiya aktrisası, estrada mahnıları ifaçısı olan Tamara xanım keçmiş Çeçen-İnquş Respublikasının, Abxaziya, Şimali Osetiya və Rusiya Federasiyasının Əməkdar, İnquşetiyanın Xalq artistidir.

Vokalçı kimi ilk dəfə o vaxt "Loam" qrupunun üzvü olan Ruslan Naurbiyevlə ifa etdiyi "Xyu sayran xita eça" ("Sən çeşmə başına gələndə") mahnısı ilə bütün Qafqazda tanınan Tamara Yandiyevanın yaradıcılığının 30 illiyi 2010-cu ilin dekabrında Moskvada qeyd edilib.

O, həm də son vaxtlara qədər "Saxyat" ("Saat"), "Malxa İlli" ("Günəşə həsr olunmuş nəğmələr"), "Pir doaqa malx" ("Parlayan günəş") adlı üç albom buraxıb.

Ümumiyyətlə, T.Yandiyeva çəkildiyi 18 filmin 16-da baş rolları canlandırıb.

Vladimir Volontir

1976-cı ildə ilk baxışı keçirilən və Azərbaycan kinosunda önəmli yeri olan "Tütək səsi" filmindən-Cəbrayıl rolunun ifaçısı kimi tandığımız məşhur sovet-moldovan sənətçisi...

Qeyd edək ki, o, Tamara xanımdan daha çox təpki ilə qarşılaşıb...

Çünki belə bir obraza niyə dəvət edilməsi hələ də qaranlıq qalır, düzgün izahı indiyə kimi belə verilməyib...

Cəbrayıl obrazı (bəzi mənfi məqamlar istisna olunmaqla) kifayət qədər milli, Azərbaycan kişisinin obrazı olduğu üçün bu rola əslən rumıniyalı olan moldovan bir aktyorun dəvət edilməsi və çəkilməsi hələ də cavabsız suallar silsiləsindəndir...

Düzdür, aktyor bu rolun öhdəsindən gəlsə də, hələ də çoxları onu bu obrazda görə və qəbul edə bilmirlər...

Qeyd edək ki, SSRİ Xalq artisti kimi sovetlər dönəmində ən ali və ən yüksək fəxri ada layiq görülən sənətçi məhşhur "Qaraçı" ("Siqan") və "Budulayın qayıdışı" filmlərində yaratdığı obrazları ilə daha çox yaddaşlarda qalmaqdadır...

Ümumiyyətlə, aktyorluq fəaliyyəti ilə məşğul olduğu illərdə 34 filmdə irili-xırdalı obraz yaradan sənətkar 2005-ci ildə 81 yaşında dünyasını dəyişib...

Həşim Qadoyev

"Dədə Qorqud" filmində Qazan xan obrazının ifaçısı kimi tanıdığımız tacik aktyor Həşim Qadoyev...

Bu rola çəkilməsi söz-söhbətlərdən uzaq olmasa da, sənətçi 1975-ci ildə "Dədə Qorqud" filmi ilə daha çox Azərbaycan tamaşaçısına özünü tanıtdırıb...

Ancaq bu, onun Azərbaycan kinosunda yaratdığı ilk və son obrazı olmayıb...

Cüssəli, yaraşıqlı aktyor daha iki Azərbaycan filmində "Qara gölün cəngavərləri" və "Əzablı yollarla" filmlərində yer alıb...

Qeyd edək ki, həmin obrazlardan sonra Həşim Qadoyev Azərbaycan tamaşaçısı üçün uzun müddət görünməz olub.

Çoxları hətta onun dünyadan köçdüyünü düşünüb.

Ta ki tanınmış sənətçi ötən il Azərbaycanın Taciksatandakı səfiri Həsən Məmmədzadə ilə görüşənə, səfirlikdə birgə foto çəkdirənə qədər.

Tacikistanın və SSRİ-nin Xalq artisti olan və artıq 82 yaşına çatan sənətçi hələ də Azərbaycana sevgisini, rəğbətini ürəyində gəzdirir, həmçinin, Azərbaycanda ona-sənətinə qoyulan hörməti unutmayıb.

Bunu özü səfirlə görüşündə də bir daha vurğulayıb.

Nona Paçuaşvili

1959-cu ildən Şota Rustavelli adına Dram Teatrının aktrisası, həyatı boyu, sadəcə, bir neçə filmə çəkilən və Azərbaycan tamaşaçısının yaddaşında daha çox "Əhməd, haradadır?" filmində yaratdığı Ceyran obrazı ilə yaddaşlarda qalan gürcü sənətçi...

Onun "Əhməd, haradadır?" filminə dəvət ediləsinin tarixçəsi isə belə olub...

Bir gün nəhəng və korifey sənətkar Adil İsgəndərov Tiflisə, dostu və institut yoldaşı Dodo Aleksidzenin yanına gəlir...

Ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini deyir...

Aleksidzenin tələbəsi olan gənc Nona da o vaxt ikinci kursda oxuyurmuş.

Adil İsgəndərov Nonanı görən kimi "bu qız, Ceyranı tapdım" deyib və onu filmə dəvət edib...

Film çəkilişləri vaxtı Gürcüstanda bir nazirin oğlu olan əri Tamaz da onunla Bakıya gəlib...

Qaldıqları "İnturist" mehmanxanasında gecə vaxtı ərini maqnitofondan "tok" vurub və nəticədə Tamaz vəfat edib...

Amma Nona xanım film çəkilişlərinə davam edib, obrazı axıracan yaradıb...

Nona xanım illər sonra Azərbaycan mətbuatına verdiyi müsahibəsində bunları deyir:

"Tamazla yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən institutun 2-ci, o isə 5-ci kursunda oxuyurdu. İxtisasca dilçi olduğu üçün tez-tez İrana qısa müddətli səfərlər edirdi - fars dilinin təcrübəsi üçün. Filmin çəkilişlərində idim. Tamaz da məni görmək üçün Bakıya gəldi.

Mehmanxanada bir az işi ilə məşğul olmaq istədi. Xüsusi səs valları vardı o vaxt. Əlində mikrofon tutmuşdu. Barmağını həmin qurğuda həyat üçün təhlükəli bir yerə toxundurdu və qəfildən cərəyan vurdu onu. Həmin dəqiqə yanındaydım. Tez təcili yardım da çağırdım, ancaq xilas etmək mümkün olmadı.

Gürcüstana onun artıq cansız bədəni döndü. O ərəfədə hamiləliyimin dördüncü ayını yaşayırdım. Ceyran rolunu da o vəziyyətdə oynamağa məcbur oldum.

Yoldaşımı itirməyimə baxmayaraq, oğlumu dünyaya gətirdim. Adını elə atasının şərəfinə Tamaz qoydum".

Hazırda 76 yaşı olan aktrisa həm Şota Rustavelli adına Dram Teatrında, həm də Atoneli Teatrında çalışır.

Ümumiyyətlə, Azərbaycan filmlərində yer alan kənar aktyorların sayı-hesabı demək olar ki, yoxdur.

Bunlar arasında "Bir qalanın sirri" filmindən Göygöz Kosa və "Uzaq sahillərdə" filmindən qoca Mazelli kimi tanıdığımız Andrey Faytı, yenə "Uzaq sahillərdə" filmindən tanıdığımız-əfasanəvi Mehdi Hüseynzadə-Mixaylo obrazını yaradan, həmçinin, "Onun böyük ürəyi", "Telefonçu qız", "Bizim küçə" filmlərində və digər bir neçə filmdə rol olan Nodar Şaşıqoğlunu, hələ də uşaqların maraqla izlədiyi "Şir evdən getdi" filmində "şir" rolunu yaradan Yuri Şenkeviçi, "Romeo mənim qonşum filmində" baş rolu-Arif obrazını yaradan İrakli Xizanişvilini, həmin filmdə Nona, "Bizi bağışlayın" filmində Klara və "Ən vacib müsahibə" filmində Səidə rolunu yaradan Ariadna Şengelayanı, "Dədə Qorqud" filmində Aruz, "Koroğlu"da gürcü oğlu obrazını yaradan Givi Toxadzeni və digərlərini qeyd etmək olar...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.