Mədəniyyət

Kinomuzun qaynanası... - FOTO

21 Aprel 2019 02:30
1 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır.

Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünən Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 103-cü ildönümü tamam oldu.

Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote"), Ziraldina ("İki ağanın bir nökəri"), Zivər xanım ("Məhəbbət gülü"), Qesiya ("Tiflis nəğməsi"), Gülbadam ("Qız anası") rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Bədii filmlərdə yaratdığı bir sıra obraz "Azərbaycanfilm" kinostudiyasının qızıl fonduna daxil edilib.

Azərbaycanın Xalq Artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat - tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

Məlumat üçün bildirək ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.