Mədəniyyət

Teatrda yeni təyinat

18 Aprel 2019 18:17
0 Şərh     Baxış: 454

Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq  əmri ilə Ellşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrına yeni baş rəssam təyin olunub.

Milli.Az xəbər verir ki, Hacıyev  Elşən Sərxan oğlu Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Elşən (Sərxanoğlu) Hacıyevin yaradıcılıq palitrası yetərincə çeşidli və zəngindir. Qobustan Milli Bədii Qoruğu ilə birlikdə Reenkornasiya - 5 layihəsini uğurla həyata keçirən istedadlı  rəssam Azərbaycan Dövlət Akademik Milli Dram və Dövlət Gənc Tamaşaçılar Teatrında habelə digər sənət ocaqlarında oynanılan 36-dan çox əsərə quruluş verib. Türkiyə səhnəsində isə 10 tamaşanın  quruluşçu rəssamı olub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində keçirilən "Tarixin canlı səhifələri" adlı rekonstruksiya layihəsində, bədii və elmi kitablara çəkilmiş illüstrasiyalarda, habelə paytaxtdakı daş barelyeflərdə Elşən Hacıyevin yaradıcılıq dəsti xətti duyulur. Bakı Avropa Oyunlarının təntənəli açılış və bağlanışı üzrə təşkilatçı qrupun üzvlərindən biri olub.

Elşən Hacıyevin əsərləri müxtəlif nüfuzlu sənət məbədlərini bəzəyir. Azərbaycan Mədəniyyət Nazirliyində, Azərbaycan Dövlət İncəsənət və Müasir İncəsənət Muzeylərində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Xalça Muzeyində, Azərbaycan Milli İstiqlal Muzeyində, Azərbaycan Dövlət Teatr Muzeyində, Prezident İqamətgahında, Azərbaycan Dövlət Neft Şirkətinin Rəsm Muzeyində, Fransa Müasir İncəsənət Qalereyasında, Rusiyanın "Russkiy Sever" Muzeyində, Qazaxıstan Dövlət Milli İncəsənət Muzeyində, Şimali Osetiya Mədəniyyət Nazirliyində, Kalmıkiya Mədəniyyət və Turizm Nazirliyində, Bolqarıstan, Koreya və Türkiyə səfirliklərində, həmçinin dünyanın bir çox şəxsi kolleksiyalarında  qorunan yüksək bədii-estetik dəyərli əsərlər Elşən Hacıyevin təxəyyülünün, rəng duyumunun təzahürüdür.

2005-ci ildən bəri rəssamın fərdi sərgiləri Azərbaycanda, Rusiyada, Kalmıkiyada  müvəffəqiyyətlə gerçəkləşib. Elşən Hacıyev maraqlı işlərinə görə ayrı-ayrı illərdə müxtəlif mükafatlara layiq görülüb.

2015-ci ildə "İlin ən yaxşı rəssam işinə" görə "Sima" mükafatı qazanıb. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında ən yaxşı rəngkarlıq işinə görə 1-ci yerə layiq görülüb. Azərbaycan Dövlət Neft Şirkətinin keçirdiyi "Artenerji-20"rəsm müsabiqəsində 2-ci yerin sahibi olub.

Dövlət Müstəqilliyinə həsr olunmuş "Dirçəliş" əsəri də layiqincə qiymətləndirilib.

"Azərbaycan : dünən və bu gün" Plakat müsabiqəsində də öncül yer tutub. Elşən  Sərxan oğlu Hacıyev yeni təyinata qədər Gənc Tamaşaçılar Teatrında quruluşçu  rəssam kimi çalışıb. İnanırıq ki, kifayət qədər təcrübəyə və yaradıcılıq enerjisinə malik Elşən HacıyevSumqayıt Dövlət Dram Teatrında  hazırlanan  yeni tamaşaların istehsalat prosesinə və tamaşaların tərtibatında  yeni  forma və məzmun yaranmasına  öz töhfəsini verəcəkdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.