Mədəniyyət

Bəhram Osmanov Osetiyada tamaşa qurdu

15 Mart 2019 14:55
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yaradıcılıq səfərində olub.

O, Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrı səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesinə quruluş verib.

Qeyd edək ki, pyes osetin dilinə çevrilib və yerli tamaşaçılar Azərbaycanlı müəllifin əsərini öz doğma dillərində son dərəcə maraqla qarşılayıblar. Həmçinin orijinal quruluş, rejissor yozumu da sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Tamaşanın təqdimatından sonra keçirilən müzakirələrdə yerli teatr tənqidçiləri bu səhnə əsərini Osetiya teatrı üçün yenilik hesab etdiklərini bildiriblər. Bəhram Osmanov uğurlu tamaşaya görə diplom və  təşəkkürnamələrə layiq görülüb.

Həmçinin Osetiya-Alaniya Respublikasının başcısı V.Bitarovun fərmanı ilə xüsusi diplom, və "Osetiyanın himayadarı uastatji" qızıl medalı ilə təltif olunub. Eyni zamanda rejissor Şimali Osetiya - Alaniya Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev adına "Azəri" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin rəhbəri Fuad Kazımov tərəfindən təşəkürnamə ilə təltif edilib. 

Daha öncələr də müxtəlif xarici ölkə teatrlarında, əcnəbi dillərdə tamaşa quran rejissor dil fərqlərinin rejissor yozumuna təsir etdiyini söyləyib:

"Bizim dildə qısaca ifadə olunan fikir osetin dilində az qala 3-4 dəfə çox sözlə deyilir. Ona görə ilk günlər dilin ahəngini hiss edənə kimi çətin idi. Teatrın bədii rəhbəri Vladislav Kolievi çoxdan tanıyıram və o uzun müddət idi ki, mənə burda tamaşa qurmağı təklif edirdi. Hansı əsərə müraciət edəcəyimizi bilmirdik, amma bu mövzuda çox düşündük və Əli Əmirlinin "Varlı qadın" pyesini seçdik. Zənnimcə bu əsər şükür etməyi, əlində olanın qədrini bilməyi öyrədir. Ona görə də bütün xalqlar və zamanlar üçün aktualdır. Söylədiyim kimi, əsər nə qədər maraqlı və müasir olsa da, əvvəlcə işə başlamaq, aktyorların intonasiyasını hiss etmək asan deyildi. Ona görə səhərdən gecəyə kimi məşq edirdik. Amma sonda tamaşanın maraqla qarşılanması, uğur qazanması bütün yaradıcı heyəti sevindirdi və o çətinliklər də unuduldu."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.