Mədəniyyət

Sədərəyin qədim tarixinin güzgüsü - FOTO

13 Yanvar 2019 23:48
0 Şərh     Baxış: 639

Muxtar respublikanın alınmaz qalası olan Sədərək rayonundakı Tarix-Diyarşünaslıq Muzeyi məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə əsrlərboyu tarixdə iz qoyan Oğuz türkünün şanlı tarixinin qorunduğu məkandır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbinin nəzdində 1978-ci il fevralın 23-də ictimai əsaslarla Ölkəşünaslıq Muzeyi kimi yaradılıb. 2000-ci il iyunun 26-dan isə mədəniyyət müəssisəsi Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.

Muzey 16 bölmə və 2 guşədən ibarətdir. Bu mədəniyyət müəssisəsində hazırda 2 min 373 eksponat var. Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir.

Bölgənin qədim dövründən bu günədək tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, heykəltəraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri - xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və digər əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.

Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə "Sədərək" sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. "Kitabi-Dədə Qorqud"da adı çəkilən Sədərəyin Uşun oğlu Səgrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin Sədərəyin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da maraq doğurur.

Qədim Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələrindən biri də xalçaçılıqdır. Bu xalçalar rəngarəngliyi, ilmələrinin sıxlığı, üzərində naxış və təsvirlərinin orijinallığı ilə seçilir. Muzeydə nümayiş olunan yun əyirmək, xalça toxumaq üçün əşyalar da Sədərəkdə bu sənət növünün qədim tarixindən danışır.

"Sədərək qeyrət qalasıdır" bölməsi isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan rayonun ağır həyatı, mərdliklə müdafiə olunması haqqında canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Ziyarətçilər bu torpaq uğrunda canını fəda edən 109 şəhidimiz, o cümlədən 52 sədərəkli şəhid haqqında muzeydə dolğun məlumat alırlar.

Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də diqqəti cəlb edir. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend yaradılıb.

Qeyd edək ki, qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, həmçinin başqa toxuculuq məmulatları, mis və saxsı qablar, digər nümunələrdən ibarət 36 eksponat ötən il Sədərək kənd sakinləri tərəfindən rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.