Mədəniyyət

Sumqayıt Dövlət Dram teatrı “Qocanı öldürür”

13 Dekabr 2018 16:11
Baxış: 2 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər şəhər teatrları, istərsə də bölgə teatrları bir məqsədlə çalışır: tamaşaçılara maraqlı, fərqli üslubda hazırlanmış tamaşalar təqdim etsinlər. Bu tamaşaların hər biri digərindən rejissor yozumu, aktyor oyunu, rəssam işi, musiqi tərtibatı ilə fərqlənir.

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq layihə olaraq hazırlanmış Con Patrik "Qarını öldürməliyik" tamaşası yenidən tamaşaçılara təqdim edildi. Əsəri rus dilindən  tərcümə edən xalq artisti Svetlana Həkimova,  quruluşçu rejissoru Tatyana Şevçenko (Ukrayna), quruluşçu rəssamı Elena Karpenko (Ukrayna), bəstəkarı Telman Qəniyevdir. Donesk Dövlət Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru (Ukrayna) Tatyana Şevçenko sözün  yaxşı mənasında əslində  əyalət sayılmayan Sumqayıt şəhər  teatrında səs-küyə səbəb olacaq tamaşa hazırlayıb.

Tamaşadakı hadisələr real, rejissor yozumu təqdirəlayiq, aktyor oyunları bir-birindən fərqli və maraqlı idi. Qeyd etmək istəyirəm ki, mən bu tamaşaya 2018-ci ilin dekabr ayında baxdım və tamaşadakı aktyor oyunu xoşuma gəldi.

Əsərdə hadisələr Pamella Kronkinin uçmaq təhlükəsi ilə üz-üzə olan evində cərəyan edir. Pamella Kronkin gecələr zibilxanaya atılan zibilləri yığmaqla məşğuldur. Onun əri və qızı yol qəzasında dünyalarını dəyişmişlər. Öz evində başını salıb yaşayan Pamelanın Con Yankidən başqa dostu-tanışı yoxdu.

Bir gün ətriyyat firmasının "böyüyü" və "işçisi" Qloriya Çulok (Sədaqət Nuriyeva) və Bred Vinner (Cəlal Məmmədov) onun evinə qonaq gəlirlər. Onlar Pamelanın zibillikdən topladığı boş fransız ətir şüşələrini almaq istəyirlər. Sol Bozo (Rauf Ağakişiyev) onların iziylə Pamelanın evinə gəlir, onların saxta ətir satmalarından polislərin xəbər tutduğunu öz "yoldaşlarına" xəbər verir. Onlar boş ətir şüşələrini almaqdan vaz keçirlər və qocanın evdə tək yaşadığını, evinin polis məntəqələrindən kənarda yerləşməsini görüb onunla yaşamağı qərara alırlar. Onlar üçü birgə oturub qocayla bağlı nə edəcəklərini müzakirə edirlər və qarıya yaxşı məbləğə özünü sığorta elətdirmələrini söyləyirlər, Pamela Kronki də özünü sığortalayır. Bundan sonra cinayətkarlar necə olur-olsun qarını öldürüb, sığortadan alacaqları əlli mini öz aralarında bölüşdürməyi qərara alırlar.

Onlar qətl gününü yeni ildə həyata keçirtməyi planlaşdırırlar, lakin həmin gün qarı özü də bilmədiyi neçəncisə doğum gününü qeyd edir. Cinayətkarlar qarını doğum günündə öldürməyi qərara alsalar da, Con Yankinin qonaq gəlməsi, onları fikirlərindən daşınırlar. Nəticədə qarının insani rəftarı onları bu fikirdən tamamilə döndərir.

İlahə Səfərovanın oynadığı Pamela Kronki saf, təmiz qocadır. O, insanları sevir və daima allahla söhbətində ona söz verir ki, insanların necə olmasından asılı olmayaraq onları sevəcək, onların eyiblərini görsə də özünü görməməzliyə vuracaq. Evinə qəbul etdiyi üç nəfərin cinayətkar, cani və qəddar insanlar olduğunu bilə-bilə Pamela Kronki onları evindən qovmur, onlara mərhəmətlə, insanfla yanaşır. Bəlkə də daxilən Pamela Kronki bilir ki, onların cani olmalarına yaşadıqları qəddar cəmiyyətin ağır qanunları səbəb olub. Bəlkə də, Pamela Kronki özü demişkən evinə girmiş cani qadını Qloriya Çuloku öz qızı Barbaraya bənzətdiyi üçün onlara ana məhəbbəti ilə yanaşır, onun sevgilisi Bred Vinneri isə kürəkəni hesab edir.

Tamaşa boyu aktrisa İlahə Səfərova mehriban, təmiz niyyətli, saf qəlbli qocanın iç dünyasını böyük müvəffəqiyyətlə tamaşaçılara təqdim edərək, özünəməxsus oyun tərzi ilə Pamela Kronkini tamaşaçılara sevdirir. Aktrisa maraqlı hərəkətlərlə, yaşına uyğun olmayan cəldliklə qonaqlarını qarşılayır, onlara hörmətlə yanaşır. Pamelanın insani hərəkətləri cinayətkarların fikrini dəyişir. Sonda onlar özləri dua edirlər ki, Pamela Kronkinə heç nə olmasın və əllərində tutduqları əlli minlik sığorta kağızını cırıb tullayırlar.

Tez-tez Allahla söhbət edən Pamela Kronki öz inamı və əqidəsi ilə qələbə çalır, həyatda hər cür çirkablığa bulaşmış üç insanı gələcək pis əməllərdən qurtarır. Pamela Kronkin onlara əsil insani münasibətin necə olduğunu, pulun heç də vacib olmadığını göstərir. Aktrisa bütün bu səhnələrdə maraqlı oyun tərzi ilə yadda qaldı.

Məhəbbət, xoş münasibət, qayğı cinayətkarları belə döndərib yaxşı insan edər. Bu rejissor Tatyana Şevçenkonun bu tamaşa vasitəsilə tamaşaçıya çatdırmaq istədiyi idi. İnsan xoş münasibətin qarşısında aciz qalır, ona edilən hörməti cinayətkar olsa belə tapdayıb keçə bilmir.

Tamaşada ikinci qadın obrazı Qloriya Çuloku Sədaqət Nuriyeva ifa edirdi. Aktrisanın qəhrəmanı pozğun, əxlaqsız, küçə qadınıdır. Aktrisa Qloriya Çuloku bütün çılpaqlığı ilə tamaşaçılara təqdim edir. O, açıq-saçıq geyim tərzi, həyasızcasına etdiyi əxlaqsız hərəkətləri, üzündəki kobud ənlik-kirşanı, saçını vulqar yığıması ilə küçə qadının ilk sürətini tamaşaçılara təqdim edir. Tamaşa boyu ağzındakı saqqızı yerə atmır, hətta görüşdüyü Bred Vinner ona ağzındakı saqqızı yerə atmasını söyləsə də, o kobudcasına saqqızı tamaşa boyu çeynəyir, "həyasızcasına" gülür, möhkəm danışır, tez-tez öz "həmkarını" söyür, təhqir edir. Sədaqət Nuriyeva küçə qadınının bütün hərəkətlərini tamaşada tamaşaçılara olduqca maraqlı şəkildə çatdırır. Tamaşa boyu möhkəm danışır, qəhqəhələrlə hər kəsi özünə cəlb edir, ağzındakı saqqızı kobud şəkildə çeynəyir, yerişi, duruşu, oturuşu ilə öz əxlaqsızlığından sanki "zövq alır".  Sədaqət Nuriyevanın oyun tərzi olduqca maraqlı və diqqətəlayiqdir.

Tamaşada digər rolu Sol Bozonu Rauf Ağakişiyev oynayır. Aktyor səhnəyə ilk gəlişindən kobud rəftarı, söyüş dolu dialoqları ilə tamaşaçını güldürür. Hamamda polisin əlindən qaçaraq Bred Vinnerlə Qloriya Çuloku tapan Sol Bozo səhnəyə yarımçılpaq çıxır. Polisdən canını zorla qurtardığını dostlarına söyləyən Sol Bozo qəzəbindən əllərini çeynəyir. Qloriyanın saxta ətiri polisin yoldaşına satmasını qəbul edə bilmir, əlində imkanı olsa qızı yerindəcə gülləyərdi, ancaq qoca Pamelanı öldürmək fikri və əldə ediləcək sığorta pulu Solu şirnikləndirir, fikrindən döndərir. Aktyorun kobud danışıq tərzi, tez-tez yoldaşlarını təhqir edib, söyməsi, hədələməsi, baxışlarındakı qəzəb onun qəhrəmanının kimliyini bütün çılpaqlığı ilə açmış oldu. Aktyor obrazın iç dünyasını açmaq üçün təkcə kobud sözlərdən  istifadə etmir, eyni zamanda hərəkətlərində də kobudluğa, qabalığa yol verir. O da Qloriya Çulok kimi qocanın mərhəməti, insani davranışı qarşısında aciz qalır, qocaya qəlbən vurulur və onun ölməsini qətiyyən istəmir.

Tamaşada üçüncü cinayətkarı Bred Vinneri - Cəlal Məmmədov oynayır. Aktyorun bir neçə tamaşasına baxmış teatrşünas kimi qeyd edə bilərəm ki, aktyor dəyişməyi bacarır, hər rola özünəməxsus rəng qatır. Biçimli oyun tərzi ilə Cəlal Məmmədov tamaşaçılara kobud, əxlaqsız, küçə həyatı yaşamış bir Bred Vinner təqdim edir.

"Qocanı öldürməliyik" tamaşasının digər qəhrəmanı Con Yanki - İzaməddin Bağırov idi. O da öz növbəsində maraqlı oyun tərzi ilə yadda qaldı. Tamaşada elə də çox görünməyən Con Yanki az zamanda özünəməxsus, sadə oyun tərzi nümayiş etdirdi.

Rejissor Tatyana Şevçenko tamaşa vasitəsilə insanlarda bir-birlərinə qarşı mərhəmət, sevgi hisslərini təlqin etməyə çalışdı. Yaşlı qadın öz mərhəməti, sevgisi sayəsində üç canini cinayət törətməkdən qurtarır, onlara yeni həyat bəxş edir. Düşünürəm ki, rejissorun səsləndirdiyi fikir cinayətkarlara, kobud insanlara maraqlı bir mesajdır.

Tamilla Əliyeva
Teatrşünas

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.