Mədəniyyət

Göylər eşqim qədər mənə əzizdir...

10 Dekabr 2018 21:42
3 Şərh     Baxış: 2 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 94-cü ildönümü tamam olur

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da soyuq bir qış günündə Bakıya yaxın kəndlərdən birində Xırdalanda dünyaya göz açmışdı. 2007-ci ilin yanvarın 15-də yenə soyuq bir qış günündə Bakıda vəfat etdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi, Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 94-cü ildönümü tamam olur.

Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Nəbi Babayev Xəzər dənizini hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdü.

Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.

Xalq şairi Səməd Vurğunun xeyr-duası ilə ədəbiyyata gələn Nəbi Xəzrinin Azərbaycan poeziyasına dəyərli töhfələri aktuallığı ilə diqqəti cəlb edir. Onun yaradıcılığı, poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.

İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Altmış ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeiriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Tanınmış müğənnilərimizin repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Qeyd edək ki, Nəbi Xəzrinin 90 illik yubileyi 2014-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.