Mədəniyyət

Tarixçidən "Kələxana" haqqında: "Ermənilər "qızıl var" bəhanəsi ilə türbəni dağıdırdılar" - MÜSAHİBƏ

15 Noyabr 2018 15:37
2 Şərh     Baxış: 5 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunda yerləşən Kələxana adlanan türbələr kompleksi dağılmaq təhlükəsi ilə üz-üzədir. Olduqca baxımsız vəziyyətdə olan abidənin bərpaya ehtiyacı var.

Məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Milli.Az-ın suallarını cavablandırıb.

"Kələxana türbələri" abidəsi hazırda dövlət qeydiyyatına alınıbmı?

- Bu türbə yerli əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır. Hətta onlardan birinin üzərində,  Mədəniyyət Nazirliyi tərəfindən vurulan lövhə də var. Lakin lövhənin o formada vurulması doğru deyil, çünki türbələrin üstünə metal mıxlamaq, mismarlamaq və onu zədələmək olmaz.

XVII əsr Azərbaycan mədəniyyətinin bir nümunəsi kimi bu türbələrin əhəmiyyəti həmin dövr yazılı mənbələrində necə əks olunub?

- "Səyyah Kornelius de Bruin və Adam Oleari səyahətləri zamanı bu türbələri görüblər. Hətta K.de Bruinin Səyahətnamə adlı kitabında türbənin rəsmləri də var. Həmin kitabda o, türbələrin sayını 9 göstərib, indi də qalıqları ilə birlikdə 9-dur. Arxeoloq yazır ki, birinci türbədə 5 qəbir, ikinci türbədə 3 qəbir var.  

- Demək olar ki, bu türbələr tarixi baxımdan yaxşı öyrənilməyib, tədqiqat aparılmayıb. Yalnız "Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyət"in nümayəndəliyi Şamaxıda olarkən türbə haqda məlumatlar qeyd ediblər. Akademik Dorn isə XIX əsrdə bu türbələr haqqında arayış hazırlayıb. Orada qeyd olunur ki, Ağsudakı Şeyx Dursun xanəgahı ilə Kələxanadakı türbələr demək olar ki, eyni məktəbə aiddir, hətta məzarlar eyni ailəyə məxsusdurlar. 

Abidə dövrünün digər tarixi mədəni nümunələri ilə hansı oxşar cəhətlərə malikdir? Həmçinin fərdi götürüldükdə fərqli xüsusiyyətləri hansılardır?

 - Bu abidə XIV-XVI əsrlər Xəlvətilik Sufi məktəbinə məxsus türbələrlə oxşardır. Fərqləndirici əlahiddə  bir elementinə rast gəlinmir. Sonralar əlavə olunan bəzi tikililər var ki, bu da türbələrlə yanaşı həmin ərazidə başqa tarixi binaların da olduğunu deməyə əsas verir. Çünki onların bəzilərinin izləri xüsusilə də yaxınlıqdakı bulağa yaxın ərazidə yerin altında görünür. Ehtimal var ki, onlar hamama aid qalıqlardır.

Müxtəlif dövrlərdə ermənilərin bir sıra rayonlarda, eləcə də Şamaxı rayonunda yerləşdirildiyi bizə məlumdur. Onların tarixi abidələrimizi dağıtmasını bilirik. Bəs Kələxana abidələrinin dağıdılmasında erməni vəhşiliyi haqda hər hansı məlumat varmı?

- Bilirsiz ki, Səfəvilər dövründə sufilər Osmanlı imperiyasına köç edəndən sonra bu ərazilərdə ermənilər yerləşdirilib. Köçürülmə xüsusliə I Şah Abbasın dövrünə təsadüf edir. Bu abidənin yaxınlığında erməni kəndi olduğu da məlumdur. Burada dağıntıların çoxu ermənilərlə bağlıdır. Hətta onlar türbəni dağıdarkən belə bir şayiələr yayıb ki, guya türbələrin baş hissəsində qızıl var. Bu qızıl sonralar türbənin bərpası üçün istifadə edilsin. Yəni əslində heç bir qızıl qoyulmayıb sadəcə abidəni dağıtmaq üçün uydurulmuşdur.

Dövrünün monumental abidəsi sayılan bu türbələrdə nə zamansa bərpa konservasiya işləri aparılıbmı?

- Bəli, Sovet dövründə burada bərpa işləri aparılıb. Amma onu da qeyd edim ki, istər Sovet dövründə, istərsə də indi bu tip abidələri bərpa edərkən yanlışlıqlara yol verilir. Bu yanlış bərpada sementin  istifadəsidir. Ola bilər ki, sement möhkəm görünür, lakin onun tərkibində duz olduğu üçün təbiətdəki yağış və nəm nəticəsində suyu özünə toplayır. Bu da abidənin getdikcə aşınmasına, dağılmasına gətirib çıxardır. Buna görə də, zamanında tikilişində hansı materiallar istifadə edilirsə bərpasında da eynilərindən istifadə lazımdır. Qeyd edim ki, bizim bu yaxınlarda Ağsu rayonundakı Şeyx Dursun türbəsinin bərpasında gördüyümüz işlər buna örnək nümunədir.  

Qeyd etdiniz ki, bərpa zamanı abidənin tikilişində istifadə edilən eyni materialların istifadəsi vacibdir. Bəs konservasiya üçün ölkəmizdə bu materiallardan, texniki vasitələrdən varmı?

- Bəli hazırda bərpa üçün lazım olan bütün vasitələr, avadanlıqlar bizdə var. Xatırladım ki, bu yaxınlarda Miras ictimai birliyi ilə YOCOCU beynəlxalq assosiasiyasının bərpaçı mütəxəssisləri bir yerdə bərpa konservasiya və konsolidasiya işləri görüb. Yəni bu nümunəni Kələxana türbələri və digər türbələrdə də tətbiq etmək olar. Çünki onların hamısı eyni cins daşlardan hazırlanıblar. 

Sizin fikrinizcə bu tip tarixi mədəni abidələrin konservasiyası bölgədə turizmin inkişafına necə təsir edə bilər?

- Kələxana türbələri ərazi baxımından çox yaxşı yerdə yerləşir. Ümumiyyətlə, tarixi bir məkandadır. Ona görə də, turizm üçün əhəmiyyətli yerdir. Qeyd edim ki, orada yeni salınmış üzüm bağları da var. Bu da ekoturizmə bir nümunədir. Yəni burada Əlaqəli işlər görülərsə həm tarixi, həm də ekoturizm inkişaf edə bilər. Ancaq məkan olaraq uğurlu yerdə olsa da, yolu yaxşı vəziyyətdə deyil. Yeni yol çəkilməsi çox vacibdir. Türbələrin konservasiya və konsolidasia olması lazımdır. Lakin nəzərə almaq lazımdır ki, bu zaman mütləq onun ətrafı da dərindən öyrənilməlidir. Çünki ətrafı arxeoloji cəhətdən tam öyrənilməyən, açılmayan abidənin bərpası tarixi baxımdan yarımçıq hesab edilir. 

Afaq Rza 
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.