Mədəniyyət

Tarixinə qənim kəsilmiş millətin daha bir qurbanı - Kələxana - FOTO

15 Noyabr 2018 13:50
5 Şərh     Baxış: 4 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diqqətdən kənar qalan mədəni irs nümunələrimizdən daha biri öyrənilmədən itib gedir. Özündə 500 ilə yaxın tarixi saxlayan abidəni biz niyə qoruya bilmirik?!  

Milli.Az xəbər verir ki, dövrünün ən monumental abidələrindən sayılan "Kələxana türbələri" bu gün dağılaraq məhv olma təhlükəsi ilə üz-üzə olan abidələrimizdəndir. Şamaxı rayonunun cənubunda, Kələxana kəndində yerləşən bu türbələr kompleksi XVII əsrə aid edilir.

Tarixi abidənin səciyyəvi xüsusiyyəti onun Azərbaycan memarlığına xas səkkizbucaqlı şəklində və yonulmuş yerli daşlardan tikilməsidir. Türbələrin sayı vaxtilə 9 olsa da, hazırda onlardan yalnız 8-i qalır. Qalan türbələr isə baxımsız olduğu üçün dağılıb. 

Konstruktiv baxımdan Kələxana türbələri Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan xüsusiyyətlərə malikdirlər. Yaxşı yonulmuş daşların arası əhəng məhlulu ilə bərkidilmişdir. Maraqlı cəhət əhəng məhluluna ağac kömürünün də əlavə edilməsidir.

Burada türbələrdən birinin qarşısında onu əhatə edən divar və bir giriş qapısı formasında tikilmiş yer vardır. Bütün türbələrin gövdə hissəsi səkkizbucaqlı prizma şəklində, üst tərəfi isə səkkizbucaqlı piramida şəklində inşa edilib.

Kələxana abidələri bir-birinə çox bənzəmir. Belə ki, onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Onlar arasındakı əsas fərqi giriş qapısında görmək mümkündür. Hər türbənin qapısı müxtəlif şəkilli çərçivəyə alınmış, bəzi qapıların yuxarısında lövhələr yerləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, bu lövhələrdən yalnız birində kitabə vardır. Bu kitabədən məlum olur ki, türbə 1663-cü ildə Sərkər rütbəli memar Əmir Əli Əbdüləzimin rəhbərliyi altında inşa olunub.

Əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan tarixi abidələr, yaşayış məskənləri xalqımızın tarixinin necə qədim köklərə dayandığını sübut edir. Həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər mədəniyyətinin inkişafında xalqımızın da böyük xidmətləri olmuşdur. Keçmişi özündə yaşadan bu mənəvi dəyərlərin çoxu hələ də açılmamış sirlərlə doludur. Onların bəzilərinin belə diqqətdən kənarda qalmasına, dağılmasına və məhv olmasına şahid olmaq isə təəssüfləndirici haldır.

Afaq Rza 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.