Mədəniyyət

"Hicran"ın SİRRİ 30 il sonra açıldı: "Nəsibə xanım Siyavuş və Hacıbabadan buna görə incimişdi" - FOTO

14 Noyabr 2018 21:53
13 Şərh     Baxış: 31 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu dəfə sizə sevilən və tamaşaçılar tərəfindən bu gün də böyük həvəslə izlənilən "Hicran" tamaşasının pərdəarxası məqamlarından danışacağıq. Müsahibimiz tamaşada Balami rolunu oynayan əməkdar artist Novruz Qartaldır.

- Novruz müəllim, "Hicran" tamaşası necə yarandı?

- Bu tamaşa Sabit Rəhmanın Musiqili Teatrda səhnələşdirilən sayca ikinci əsəridir. Birinci əsəri "Ulduz" komediyasıdır ki, hətta onun filmi də çəkilib. Sabit Rəhman "Hicran" əsərini yarımçıq yazmışdı. Tamaşa üçün nəzərdə tutulan əsərin iki pərdəsi hazır idi, üçüncü pərdəsi yarımçıq idi. Əsərin 3-cü hissəsini teatrın o  vaxtkı direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli hazırladı. Bununla da əsər səhnələşdirilərək tamaşaya qoyuldu. Rolları xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Şəfiqə Qasımova, Nəcibə Behbudova, Məmmədsadıq Nuriyev və s. kimi aktyorlar oynayırdı. Bu tamaşa həmişə anşlaqla keçirdi, hətta 2 günə biletlər qurtarırdı. Lütfəli Abdullayev Hacıbaba Bağırovla Mitoş roluna dublyor idi. Mən də Məmmədsadıq Nuriyevlə Balami rolunu paylaşırdım. Tamaşanı ən çox birinci heyət oynayırdı. Təkcə Nəsibə Zeynalovanın dublyoru yox idi. O oldu tamaşa gedəcəkdi, olmasaydı yox. Bilirsiniz ki, Nəsibə xanımı heç kim əvəz edə bilməzdi, çünki onda olan improvizə heç kimdə yox idi.

- Qızbacı obrazını Nəsibə xanımdan başqa heç kim oynamamışdı?

- Nəsibə xanım xəstələnib, Moskvaya müalicəyə gedəndə tamaşa Siyavuş Aslan və Hacıbaba Bağırovun iştirakı ilə oynanıldı, Qızbacı rolunu isə başqa bir aktrisa ifa etdi. O boyda anşlaq olan tamaşaya yarım zal adam gəlmədi. Hətta Siyavuş Hacıbabaya dedi ki, "gördün, bu tamaşaya daha çox Nəsibə xanıma görə gəlirlər. Biz ikimiz zalın yarısını doldura bilmədik". Nəsibə xanım gəlib hirsləndi ki, siz niyə Qızbacı rolunun digər bir aktrisa tərəfindən oynanılmasına razı oldunuz, mən ölmüşdüm bəyəm? Nəsibə xanım küsdü, tamaşa bir müddət oynanılmadı.

- Nəsibə xanım daha sonra kimin təkidi və xahişi ilə bu tamaşanı oynadı?

- Allah rəhmət etsin, Ələkbər Kazımovskiyə. Teatra gəlib dedi ki, mən həmin tamaşanı çəkəcəyəm. Şəmsi Bədəlbəyli dedi ki, tamaşa iki ildir oynanılmır, aktyorların sözləri yaddan çıxıb. Ələkbər Kazımovskinin təkidindən sonra məşq təyin olundu. Məşqə yığışdılar, heç kim söz bilmir, aləm qarışıb bir-birinə. Siyavuş Hacıbaba ilə, Hacıbaba da Nəsibə xanımla danışmır. Küsülü olsalar da məşq zamanı mətni oxuyurdular. Şəmsi müəllim əsəbləşib getdi ki, mən belə tamaşa qoymamışam. Çünki hər kəs improvizə edirdi, əsərdə olmayan sözləri deyirdi. Tamaşanın efirə gedən variantını tam improvizə ilə oynadıq.

- Tamaşada 3 nəhəng sənətkarın bir-biri ilə küsülü olmasının əsas səbəbi nə idi?

- Götürək elə mənim özümü... Mənə sənət yoldaşlarımdan kimsə laqeyd münasibət göstərsə, onlardan küsə də bilərəm, inciyə də. O vaxt teatrda bir üçlük var idi: "Nəsibə xanım, Bəşir Səfəroğlu və Lütfəli Abdullayev". Bu üçlükdən təkcə Nəsibə xanım həyatda idi. Nəsibə xanım Siyavuş Aslan və Hacıbaba Bağırovu yanına götürərək bu üçlüyü yenidən yaratdı. Bu üçlük "Hicran" tamaşası ilə bütün Azərbaycanda məşhur oldu. Onlar Nəsibə xanıma təşəkkür etməli idilər. Bir yeri ağrıyanda getməli idilər, maraqlanmalı idilər. Buna görə Nəsibə xanım onların hər ikisindən incimişdi. Nəsibə xanımın inciməyinin bir səbəbi də xəstə olarkən Qızbacı rolunun digər bir aktrisa tərəfindən ifa edilməsi idi. Bundan başqa Nəsibə xanımın həyat yoldaşı dünyasını dəyişəndə Hacıbaba ora getməmişdi, Nəsibə xanım bundan da incimişdi.

- Bəs tamaşanın digər iki qəhrəmanı - Siyavuş Aslanla Hacıbaba Bağırov nə üstündə bir-birindən küsmüşdü?

- Siyavuş Aslan deyirdi ki, mən teatrın direktoru olum, sən bədii rəhbəri, Hacıbaba Bağırov da əksinə deyirdi. Elə oldu ki, bir müddət sonra Hacıbaba Bağırov direktor oldu, Siyavuş Aslan bədii rəhbər. Siyavuş küsüb Akademik Milli Dram Teatrına getdi.

- Sənətkarlar bu tamaşadan sonra neçə il küsülü qaldılar?

- Nəsibə xanımın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstərdi. Burada barışdılar, amma o demək deyil ki, onlar tam barışmışdılar.

- Tamaşada improvizə daha çox hansı səhnələrdə idi?

- Orada bir yer var Hacıbaba Bağırov Nəsibə xanıma deyir ki, "Qızbacı, siz bizə yardım əlinizi uzada bilərsinizmi?" Nəsibə xanım Siyavuşdan soruşur ki, "Adə, Yardıməli kimdir?" Siyavuş deyir ki, "sən başa düşməzsən, bu, mədəni dildə danışır". Nəsibə xanım əlini uzatdı ki, "ala". Ala deyəndə Siyavuşu gülmək tutdu (gülür). Nəsibə xanım o dəqiqə sözü fırlatdı ki, "adə, bu mədəni dildə danışır, sən də bunu mənə demirsən". Bu tamaşa elə bununla da bitdi, bir daha oynanılmadı.

- Səhv etmirəmsə, bu tamaşa illər sonra başqa bir aktyor kollektivinin ifasında oynanıldı. Həmin tamaşanın uğuru haqda nə deyə bilərsiniz?

- Hacı Zeynalabdin Tağıyev adına binamız söküləndə biz 26-larda Lütfü Məmmədbəyovun xalq teatrına köçdük. "Hican" əsəri orada tamaşaya qoyuldu. Bu tamaşada rolları artıq Afaq Bəşirqızı, Ələkbər Əliyev və s. aktyorlar ifa edirdilər. Biz də o zaman Hacıbaba Bağırovun Tənqid və Təbliğ teatrında idik. Siyavuş Aslan da teatrın bədii rəhbəri idi. Öz-özümə dedim ki, gedib baxacam görüm bu "Hicran" necədir? Gəldim teatra, Siyavuş Aslanla lojaya çıxıb, tamaşaya baxdıq. Dedim ki, "ay Siyavuş, bu "Hicran"dır?". Səhnədə, sanki, tamam başqa bir əsər qoyulmuşdu. Tamaşada fasilə vaxtı aşağı düşəndə bütün millət töküldü üstümüzə. İnanın Allaha tamaşaçılar bizi öldürürdülər ki, Nəsibə xanım sağ, Hacıbaba sağ, siz sağsız, bəs nə səbəbə bu tamaşanı oynamırsınız?

- Tamaşada Balami rolunu oynamısınız. Siz o vaxtlar gənc bir aktyor idiniz. Nəhəng aktyorların sizə qarşı münasibəti necə idi?

- Hamı mənə xoş münasibət göstərirdi. Nəsibə xanımla münasibətim daha gözəl idi. Ümumiyyətlə, Nəsibə xanım bəlkə də yeganə aktrisalardan biri idi ki, gənclərin teatra gəlməsinə sevinirdi. Siz bilirsiniz ki, Nəsibə xanım mənə tamaşada qalstuk satırdı. Qalstuku gətirib taxdı boğazıma, boş qalmayım deyə qalstuku əlimdə oynatdım ki, görüm nə deyəcək? O dəqiqə dönüb dedi ki, adə neynirsən, kisə çəkirsən? (gülür). Nəsibə xanımın heç vaxt nöqtəsi, vergülü olmayıb. İmprovizə elə bir şeydir ki, sən onu o dəqiqə tutmalısan, tutmadınsa, o gedəcək, sən qalacaqsan.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.