Mədəniyyət

Xərçəng bu gözəl insanı... - Məşhurlardan Amaliya Pənahova haqda TƏSİRLİ SÖZLƏR

9 Noyabr 2018 01:30
1 Şərh     Baxış: 4 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib.

Milli.Az bildirir ki, kino aləminin görkəmli nümayəndələri aktrisa ilə bağlı xatirələrini publika.az-a bölüşüb:

Kinorejissor, ssenarist, xalq artisti Eldar Quliyev Amaliya Pənahovanın əvəzolunmaz teatr və kino ulduzu olduğunu vurğulayıb:

"Amaliya xanımın vəfatı bizim üçün böyük itkidir. Onunla "Babək" filminin çəkilişləri ərəfəsində tanış olmuşduq. Amaliya xanım bir çox rolların mahir ifaçısı olub. Heç bir aktrisa onun yerini tuta bilməz, hər kəsin öz dəsti-xətti, öz rolu və xarizması var".

Xalq artisti Həmidə Ömərova xəbərin şokundan hələ özünə gələ bilmədiyini deyib:

"Səhər tezdən eşitdim, bu xəbər mənə həddən artıq pis təsir etdi. Heç kim bilmirdi ki, o xəstədir. Bu, deyəsən, iki-üç günün söhbəti olub. Bildiyim qədəriylə o, bir neçə gün əvvəl Akademik Dram Teatrında baş tutan tədbirdə iştirak etmişdi.

Amaliya xanımın istər teatrda, istər kinoda öz yeri var. O, Azərbaycan səhnəsinə ölməz izlər qoyub. Onun özünəməxsus obrazları, danışıq tərzi, səs tembri, insanlarla ünsiyyət qurmaq bacarığı var idi. Allah ona rəhmət eləsin..."

Əməkdar artist Məlahət Abbasova:

"Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın! Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli:

"Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Mehriban Xanlarova:

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyirəm. Allah Rəhmət etsin".

Əməkdar artist Elnur Kərimov:

"Azərbaycan Teatr və Kino tarixində ilklərə imza atmağı bacaran, İlyas Əfəndiyev əsərlərinin əvəzsiz qəhrəmanı, yaratdığı Bakı Bələdiyyə Teatrında aktyorlara diqqət və nəvaziş göstərən, yaş məhdudiyyətinə görə teatrdan uzaqlaşdırılan bir çox sənətkarlara öz teatrında qucaq açan, onlara tamaşaçı sevgisini yaşadan, unudulmaz və hər zaman seçilən səs tembri ilə tarixə qovuşan Amaliya xanım Pənahova, Allah sizə rəhmət etsin".

Əməkdar artist Nərgiz Cəlilova:

"Amaliya Pənahova... Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Tanınmış aparıcı Hacı Nuran:

"Xərçəng bu gözəl insanı da apardı... Çox pis oldum... Bir qədər öncə tanınmış Azərbaycan teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının Xalq artisti, gözəl insan Amaliya Pənahova vəfat edib. Əlvida, artıq xatirələrdə yaşayacaq gözəl sənətkar! Allah rəhmət eləsin! Söz tapa bilmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.