Mədəniyyət

Natavan Gümet: "Axı Zauru sevirəm..." - FOTO

24 Oktyabr 2018 08:52
19 Şərh     Baxış: 12 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tamaşaçı ən çox "tələsmə, Zaur"u kimin deyəcəyini gözləyir" 

Milli.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Yeni mövsüm yeni seriallar, yeni layihələrlə gəldi. Onlardan özünü doğruldanlar da oldu, tez yanıb tez sönənlər də. Yenilərdən ATV telekanalında yayımlanan "Təhminə və Zaur" serialı isə daha çox səs saldı. Serialın Təhminəsi Natavan Gümet redaksiyamızın qonağı oldu. Aktrisa bizimlə söhbətində müasir Təhminə olmağın özəlliyindən danışdı. 
 
- "Təhminə və Zaur" serialı bizi bir anlıq illər əvvəl çəkilmiş həmin o məşhur filmə apardı. Bu gün Təhminə obrazını canlandırmaq aktrisadan böyük məsuliyyət tələb edir. Maraqlıdır, bu obraza necə təsdiqləndiniz? 
 
- İlk dəfə bu serialda Firəngiz obrazına dəvət almışdım. Rejissorla danışdıq, 4 gün sonra mənimlə əlaqə saxladılar və bildirdilər ki, məni bu rola çəkməyəcəklər. Mən də yaradıcı kollektivə uğurlar arzuladım və növbəti layihələrdə birgə işləməyi arzu etdim. Bildirdilər ki, əksinə, mənimlə vidalaşmırlar, Təhminə obrazında məhz məni görüblər və bu rol üçün təsdiqlənmişəm. Bunu eşidəndə həqiqətən də çox sevindim. Biz uşaqlıqdan "Təhminə və Zaur" filmini izləyərək böyümüşük. Bu rolu canlandırmağı çox istəyirdim. Düzdür, filmdəki açıq-saçıq səhnələr üstüörtülü olsaydı daha yaxşı olardı.

- Bəs siz belə səhnələrə çəkilməzdiniz? 

- Təəssüflər olsun ki, çəkilə bilmərəm. Xaricdə olsam, bəlkə də çəkilə bilərəm. Ancaq milli mentalitet deyilən bir şey var. Yəqin ki, o bizə bunu qadağan edər (gülürük). 
 
- Bundan öncə tərəf müqabiliniz, Zaur rolunun ifaçısı Cövdət Şükürovla "Dəfnə ağacı" serialında sevgili rolunu canlandırırdınız. İndi isə iki qəhrəman yeni serialda qarşımızdasınız. Sizcə, tamaşaçı bu cütlüyü sevdiyi üçünmü yenidən onu efirə qaytardılar?  

- Cövdətlə ikinci dəfə tərəf müqabili olmağımız təsadüf nəticəsində oldu.  Tamaşaçılar "Dəfnə ağacı" serialından bu cütlüyü çox bəyənmişdi. Cövdət serialdan gedəndə "Dəfnə Ağacı"nın reytinqi düşdü və tamaşaçılardan mənfi fikirlər aldıq. Düzdür, zamanla reytinqlər yerinə qayıtdı və Cövdətin zamanında aldığımız reytinqdən də çox reytinq qazandıq. Amma onun serialdan getməsi izləyicilərin qınağına səbəb olmuşdu.  
 
- Qismətdə Cövdətlə "Təhminə və Zaur" olmaq da var imiş... 
 
- Mənə görə, "Dəfnə ağacı" serialındakı obrazımız daha çox sevildi. Çünki həmin vaxt ATV telekanalında iki serial vardı. Şükürlər olsun ki, bu gün seriallarımızın sayı çoxalıb və rəqiblərimiz də az deyil. Biz artıq bir serialla deyil, bir neçə serialla rəqabət aparırıq. Bu da kino aləmində çalışan insanlara stimul verir. 
 
- Serialın Zauru ilə dil tapa bilirsiniz?

- Biz onunla heç tələbə vaxtından dil tapa bilməmişik. Seriala görə birtəhər dil tapırıq. Onunla az dalaşmamışıq (gülürük). 
 
- Cövdət müsahibələrinin birində deyib ki, Natavan öz üzərində işləsə, tanınmış aktrisa ola bilər. 

- Onu düz deyir. Yəqin demək istəyib ki, Natavan üzərində işləsə aktrisa ola bilər (gülürük). Nə edək? Eybi yox, qoy desin. Yaxşı edir, amma düz etmir. 
 
- Təhminənin yerində olsaydınız, hansı qərarı verərdiniz?
 
- Əlbəttə, yenə Zaura dönərdim, axı Zauru sevirəm. Spartakı neynirəm? Təbii ki, burada söhbət obrazdan gedir. Təhminəni əsərdə də, filmdə də mənfi obraz kimi qəbul ediblər. Mənfi obraz olmasına baxmayaraq, çox sevilir. Tamaşaçılar bizə fikirlərini yazırlar, deyirlər ki, Təhminə filmdə daha gözəl oynayır. Ancaq həmin filmdə açıq səhnələr həddindən artıq çoxdur. Zamanında bu obrazı oynaya biləcək cəsarətli aktrisa olmadığı üçün onu Türkiyədən dəvət etmişdilər.  
 
- Təhminəni cəmiyyət əxlaqsız qadın kimi qəbul edir. 

- Serialda Təhminə heç də əxlaqsız qadın deyil. Ailə qurub boşanmış, həyatını yenidən qurmağa çalışan bir xanımdır. Onun mənfi cəhətləri isə içki içməyi, siqaret çəkməyi, evə gec gəlməyidir. Azərbaycanda bu gün içki qəbul edən, siqaret çəkən xanımlarımız azdırmı? Məgər onlar əxlaqsızdır? Bu onların özəl həyatıdır və mən də buna pis baxmıram. Məgər "Qaynana" filmində Nəsibə Zeynalova müştük istifadə etməyibmi? Düzdür, qadına yaraşdırmırlar, ancaq hər kəsin öz fikri var. Mən də bəzi kişilərə çox şeyi yaraşdırmıram. Ancaq bunu qloballaşdırıb, təhqiredici sözlər demirəm ki. Təhminə bütün ailənin yükünü çiyinlərində daşıyan və gözəlliyi başına bəla olan bir xanımdır. Düzdür, "Təhminə və Zaur" filmi tarixə düşdü, olduqca sevildi və sevilir də. 
 
- Filmdən fərqli olaraq serialın ssenarisi tam başqadır. Tamaşaçı sevdiyi filminin səhnələrinin uzadılmış və bir qədər əlavələr edilmiş variantını qəbul edə bilirmi?
 
- Tamaşaçı ən çox gözləyir ki, "tələsmə, Zaur"u kim deyəcək (gülürük). Rejissorumuz Şahin Qəhrəman çalışır ki, milli mentalitet, ailə dəyərləri məsələlərində çərçivədən kənara çıxmasın və o, açıq səhnələri sevməyən insandır. Bizim açıq səhnələrimiz Spartakla olub. Zaur olan yataq səhnəsində biz artıq geyimdə olmuşuq. Spartakla yataq səhnəsində isə mən ayağımın bir hissəsini çıxardım və bununla ötüşdürdük. Bunu normal hal kimi qəbul etmək lazımdır. Mən də, Zaur obrazının qəhrəmanı da real həyatda ailəliyik. İnanmıram ki, burda açıq-saçıq səhnələri tamaşaçı qəbul etsin. Biz türk seriallarında belə səhnələri izləyir və heç də təəccüblənmirik. Bəlkə də serialı izləyərkən elə bu səhnələri gözləyirik. Həmin seriallarda aktyorlar bu səhnələri o qədər təbii oynayırlar ki, hətta onların sonradan həyatlarında özəl münasibət yaranır. Aralarında yaranan bu qığılcım o qədər təsirli olur ki, onlar ailələrindən boşanıb bir-birləri ilə evlənirlər. 
 
- Bizim Təhminə və Zaurumuzda bu mümkündürmü? 

- Əsla, belə şey mümkün deyil. 
 
- Həyat yoldaşınızın Təhminə obrazına münasibəti necədir?

- Yaxşı ki, Türkiyədə bizim ATV kanalı yoxdur, orada göstərmir. Təbii ki, zarafat edirəm. Həyat yoldaşım bilir ki, bu mənim sənətimdir. Bu rola çəkilmək üçün təklif alanda yoldaşımla bir az sözümüz üst-üstə düşməmişdi. Qayınatam dedi ki, oğlum ailə quranda bilirdi ki, kiminlə ailə qurub. Bu sənin sənətindir. Sən istəmədiyin müddətcə, yoldaşının təkidi ilə belə bu sənətdən getməməlisən. İki aydan bir mən Türkiyəyə gedib-gəlirəm. Çünki yoldaşım Türkiyədədir. 
 
- Ancaq siz Türkiyədən gələndə söz-söhbətlər gəzirdi ki, artıq həyat yoldaşınızdan boşanmısınız.

- Bu, boş söhbətlər, şayiədir. Sadəcə, bu layihəyə təklif aldım deyə gəldim. Təbii ki, mənə təklif olunan bütün obrazları birinci həyat yoldaşımla məsləhətləşirəm. 
 
- Siz özünüz də Türkiyədə yaşayırsınız və orada həyat yoldaşınızla film sektorunun içindəsiniz. Nə üçün serial və filmlərə rol almadınız?

- Türkiyədə adaptasiya olmağa başlayanda artıq uşaq gözləyirdim. Ona görə bir müddət ara verdim. Bir də ki, orda aktrisaları baş rola çəkərkən daha çox 20-23 yaşlı xanımlara üstünlük verirlər. 30 yaş artıq onlar üçün gecdir. Əsas işi aktrisa deyil, prodüserlər həll edir. Prodüser deyəndə, bizim prodüserlər kimi deyil. Bizim aktrisaların 95 faizində prodüser deyilən bir şey yoxdur. Orda prodüser aktrisanın bütün yaradıcılığını həll edir. Aktrisanın yerinə iclaslara gedir, onunla bağlı məsələləri həll edir, yeri gələndə aktrisanın geyiminə, gedəcəyi məkana, kiminlə söhbət edəcəyinə qədər hər bir işinə müdaxilə edir. Aktrisanı xammal kimi götürür və onu yenidən yetişdirir. Təminat verir ki, 5 ilə sən bu zirvəyə çatacaqsan.  
 
- Təhminə obrazını canlandıran Meral Konratla görüşmüsünüzmü?
 
- Onunla heç bir görüşüm olmayıb.
 
- Görüşsəniz, ilk sözünüz nə olar?

- Deyərdim ki, bir zamanlar Azərbaycanda bu obraza çəkilməyə heç kim risk etməmişdi. Artıq yeni bir gənc Təhminə var. Bəlkə onun qədər sevilməyəcəm. Ancaq onun qədər sevilsəm, mən Natavan olmaram. Mən Natavan olmağa və onun simasında yeni bir Təhminə canlandırmağa çalışıram. Obrazıma yeni nəfəs verərək yeni Təhminəni sevdirməyə cəhd göstərirəm. Biz tamaşaçıdan mənfi də, müsbət də fikirlər alırıq. Serialda bəzən Təhminə siqaret çəkir və başlayırlar sosial şəbəkələrdə ona mənfi rəylər yazmağa.
 
- Mənfi rəyləri oxuyursunuzmu?

- Oxumuram. Mən aqressiv insanam və hər şeyi ürəyimə salıram. Biri var tənqid, biri də var təhqir. Savadsız və bisavad insanlar bunları səhv salırlar. Kimisə təhqir etməyə heç kimin haqqı yoxdur. Bu gün şəhərin mərkəzində qızlarımız siqaret çəkir, içki içir. Onları tənqid edən varmı?
 
- Bəs deyirlərmi ki, siz o Təhminə ola bilməzsiniz?
 
- O qədər... Deyirlər ki, "bu nə Təhminədir?", "Azərbaycanda serial aləmi heç vaxt inkişaf etməyəcək". Yazılan rəylərdə bizi daha çox Türkiyə ilə müqayisə edirlər. Türkiyədə öpüşmə və yataq səhnəsinə ağzıaçıq baxırlar, ancaq Azərbaycanda əlində siqaret olan Təhminəyə qıyqacı yanaşırlar. Daha anlamırlar ki, məhz onların sayənizdə biz inkişaf edib, özümüzü göstərə bilmirik. Seriallarımızın və kinomuzun zəif inkişaf etməyinin səbəbi məhz onlardır.  
 
- Türkiyəyə gəlin köçəndən sonra sanki dostlarınıza qarşı bir az soyumusunuz. 

- Hamı məni olduğum kimi qəbul etməyə məcbur deyil. Hər kəs səhv edə bilər və səhvsiz insan yoxdur. Mən özümdə heç bir səhv görmürəm. Onu da unutmasınlar ki, mənə qarşı haqsızlıq olmasa, mən haqsızlıq etmərəm. Məndən heç kəsə pislik gəlməz, çox insandan pislik görsəm də. Çox ani əsəbiləşirəm, sakitləşəndən sonra "kaş onu etməzdim" deyirəm. Ana olduqdan sonra daha da aqressivləşmişəm. Bəlkə çox haqsızlıqlar gördüyümə görədir. Eqoist olmağa başlamışam. Əvvəl hər kəsin dərdini dinləyir, kömək etməyə çalışırdım. Ancaq yanıma gəlib, dərdini tökən insanın aurasını üzərimə götürmək istəmirəm. Hər şeyə daha pozitiv yanaşmağa çalışıram. 
 
- Təhminə obrazının hansı məqamları Natavanın həyatı ilə üst-üstə düşür.

- Bir çoxu. Təhminənin ürəyi yumşaqdır. Mən elə deyiləm, bəlkə ailə həyatı qurduqdan sonra gördüyüm haqsızlıqlara görə belə qəddarlaşmışam. Hər günün üzərinə gün gəldikdən sonra daha da əmin oluram ki, mən güclü qadınam, məndə olan güc heç bir kişidə yoxdur. Mənim yaşadığım problemləri onlar yaşasaydı tab gətirə bilməzdilər. Təhminən yaşadığı həyatla mənim həyatım üst-üstə düşür. Ondan fərqli olaraq övladım var. Oğlum mənim ən böyük mükafatımdır. 
 
- Bir oğul anasısınız, oğlunuz real həyatda Təhminəni alsa, qəbul edərsiniz?

- Əlbəttə, yetər ki, oğlum xoşbəxt olsun. 
 
- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Çox şey. Nə qədər gözəl bir həyat yaşasam da, övladımı qucağıma alanda anladım ki, həmin günə qədər yaşamamışam. Övladını qucağına almaq, ona toxunmaq, qoxusunu içinə çəkmək tamam başqa bir hissdir. Bunu ana olmayan anlamaz. Ana olduqdan sonra məsuliyyət hissim daha da artdı. Belə ki, yolu keçərkən, maşın sürərkən özümü qorumağa çalışıram ki, mən övladıma lazımam. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.