Mədəniyyət

"Bəyin oğurlanması" filminin Gülbadamı həmkarı ilə bağlı SİRRİ illər sonra açdı: "Bəli, Arifi sevmişəm, o da məni sevib" - FOTO

22 Oktyabr 2018 21:06
4 Şərh     Baxış: 8 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Naibə Əlibəyovanın Milli.Az-a müsahibəsi.

- Naibə xanım, sonuncu dəfə sizinlə müsahibə edərkən əməliyyata gedəcəyinizi demişdiniz. Əməliyyat necə keçdi?

- 4 il əvvəl səhhətimdə böyük problemlər yaranmışdı. Beynimdə xərçəng aşkarlanmışdı. Türkiyəyə müalicəyə gedib-gəldim. Şükür Allaha indi yaxşıyam. Allah üzümə baxdı ki, beynimdəki xoşxassəli şiş idi.

- Bugünkü gündə sizə filmə dəvət gəlir?

- Əməliyyatdan sonra danışığımda qüsur yarandı. Həkimlər deyir ki, danışığın yavaş-yavaş özü düzələcək. Ona görə də cəhd edib heç dəvət olunan çəkilişlərə də getmirəm. Əslində filmdə təkcə danışıq yox, xarici görkəm də önəmlidir. Bizim elə filmlərimiz var ki, məşhur sənətkarlarımızı həmkarları səsləndirib. Sadəcə olaraq indiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər.

- Belə başa düşdüm ki, sənətlə məşğul olmursuz.

- Bəli, hal-hazırda ancaq canımı düşünürəm. İki nəvəm var, başım onlara qarışıb. Sənət dostlarımla, əzizlərimlə görüşüb ötən günləri yada salırıq. Bəzən kədərlənirik, bəzən də gülməkdən özümüzü saxlaya bilmirik.

- Hansı teatrda çalışmısınız?

- 5 ilə yaxın Musiqili Teatrda çalışmışam. Səhnədə bir çox rollar oynamışam. Görünür yadda qalmamışam. Həm də biz sırf sənətlə məşğul olurduq. Bu qədər efirlər, internet portalları yox idi ki, bizi çəkib tez-tez göstərsin. İndiki gənclərin bəxti gətirib. Amma buna baxmayaraq ortalıqda sənət yoxdur.

- Teatrda yadda qalmasanız da, "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tamaşaçıların yaddaşına ömürlük həkk olundunuz.

- Mən o vaxtı Arif Quliyevin Satira teatrında çalışırdım. Elə oldu ki, teatr Şamaxıya qastrol səfərinə gəlmişdi. Biz Şamaxıda olanda Məlhəm kəndində "Bəyin oğurlanması" filmi çəkilirdi. Nahar fasiləsində teatrımızın aktyorları ilə kino kollektivi birlikdə nahar edirdi. Rejissor biləndə ki, Arif kənddədir onun üçün bir rol yazdı. Elə oldu ki, ona sevgili də tapmaq lazım idi. Çünki həmin obrazda mütləq şəkildə tərəf müqabili olmalı idi. Rejissor məni göstərib dedi ki, Arif, bu də sənin sevgilin! Tam təsadüf nəticəsində hər ikimiz filmə çəkildik.

- Bəs niyə obrazınız qısa oldu?

- Əslində filmin bir neçə yerində Ariflə biz qarşılaşırıq. Sadəcə olaraq bizim yerlərimizin bəzi hissələri montaj olunaraq filmdən çıxarılıb. Bu kimi hallar filmlərdə tez-tez olur. Bu mənim ilk və son filmim oldu.

- Bu günkü gündə yolda sizi görənlər tanıyır?

- Bəli, tamaşaçılar yaxınlaşıb xoş sözlər deyirlər. Məndən Arifi, Arifdən məni soruşurlar. Elələri var ki, "salam-sağol" deyib qaçır. Bəziləri isə filmdəki epizodları olduğu kimi bizə danışır. Çox sevinirəm ki, kiçik rol ilə də olsa tamaşaçıların yaddaşında qalmışam.

- Bu filmdən sonra sizin Arif Quliyevlə sevgili olduğunuzu da dedilər.

- Ümumiyyətlə sənət adamları haqqında həmişə şayiələr yayılır. Bunlar təbii şeylərdir. Kim kiminləsə filmdə sevgili olursa, onu o dəqiqə yozurlar ki, bunlar həyatda da sevgilidirlər. Bəli, Arifi sevmişəm, o da məni sevib. Amma bu sevgi dostluq, doğma insanın bir-birinə olan sevgisi idi. Bir-birimizi sevsəydik bunu heç gizlətməzdik.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.