Sumqayıt Dövlət Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun "Mamoy kişinin yuxuları" əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilmişdir.
Milli.Az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədov, rəssamı Arif Müzəffərovdur. Tamaşada əsas obrazları aktyorlar Dağlar Rüstəmov, Vəfa Qurbanova, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmirullayeva, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Fuad Kazımov,Vaqif Səmədzadə və b. ifa edirlər.
Müəllif tərəfindən başdan ayağa uydurma adlandırılaraq abstrakt komediya janrında hazırlanmış tamaşada Mamoy kişi hər dəfə yuxu görəndə çin olur. Qorxuya düşən kənd bir nəfərin yuxusunun əsirinə çevrilir. Rejissor versiyasında isə səhnədə baş verən bütün hadisələrin Mamoyun yuxusunda olduğu göstərilir. Kənd camaatı Mamoyu öldürür. Bu əslində rejissor yozumunda rəmzi xarakter daşıyır. Bu rəmz daxilimizdəki xofun, xürafatın, qorxunun ölməsidir.
Teatrın direktoru əməkdar artist Mübariz Həmidov, baş rejissor xalq artisti Firudin Məhərrəmov çıxış edərək əsərin günümüzlə səslənməsini və aktuallığını qeyd etdilər. Aktyorların ifası barədə fikirlərini bölüşərək tövsiyələrini verdilər.
Sonda bədii şuranın qərarı ilə tamaşa qəbul olundu.
Sumqayıt Dövlət Dram Teatrının
oktyabr ayı üçün repertuarı
06.10.2018 |
Turqut Özakman "Ocaq" |
Saat 1800 |
08.10.2018 |
N.Muradoğlu "Zülmətdə nur" (Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində) |
Saat 1900 |
17.10.2018 |
Rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?" Premyera |
Saat 1100 |
20.10.2018 |
N.Muradoğlu "Zülmətdə nur" |
Saat 1800 |
30.10.2018 |
"Sumqayıt Dövlət Dram Teatrı 50 il sizinlə" Təntənəli yubiley tədbiri |
Saat 1800 |
Milli.Az