Mədəniyyət

“Yaradanlar və yaşadanlar” layihəsinin yeni formatda açılış konserti keçirildi

12 Sentyabr 2018 17:28
Baxış: 1 595

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" layihəsinin bu mövsümdə ilk tədbiri keçirilib.

Milli.Az xəbər verir ki, artıq üçüncü mövsümdür ki, sözügedən layihə çoxsaylı musiqisevərlərin ürəyinə yol tapıb. Layihənin keçirilməsində əsas məqsəd tamaşaçı ilə canlı ünsiyyət qurmaqdır.

Tamaşaçılar təmannasız olaraq bu musiqiləri canlı ifalarda dinləmək imkanı qazanırlar. Eyni zamanda, yeni mövsümdə yenidən start götürən "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin foyesində heykəlləri ucaldılan sənətkarlar yad edilir, onların həyat və yaradıcılığından danışılır,eyni zamanda onların ifalarında tarixən sevilən sənət nümunələri müasir musiqiçilərin ifasında tamaşaçılara təqdim olunur.

Bu layihənin Azərbaycan Televiziyasının verilişləri sırasında öz yeri və çoxsaylı tamaşaçı kütləsi var. Ötən gün baş tutan layihənin növbəti buraxılışı yeni formatda baş tutub. Verilişin yeni mövsümünün açılışında Azərbaycanın əbədiyaşar bəstəkarları Cahangir Cahangirov, Ələkbər Tağıyev, Oqtay Rəcəbov, Ramiz Mirişli, Bəhram Nəsibov və digərlərinin musiqiləri ifa olunub. Mahnılar xalq artistləri Gülyaz Məmmədova, Teyyub Aslanov, əməkdar artist Ehtiram Hüseynov, ifaçılar Ayşən Mehdiyeva, Zabitə Alıyeva və digərlərinin ifasında səslənib. Proqramın musiqi tərtibatçısı xalq artisti Ağacəbrayıl Abasəliyevdir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.