Mədəniyyət

Azərbaycanlı aktrisa ilk dəfə şəxsi həyatından danışdı: "Nəhayət ki, bu yaşdan sonra mənə də ər çörəyi yemək qismət oldu" - FOTO

17 Sentyabr 2018 21:40
22 Şərh     Baxış: 28 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ülviyyə Əliyevanın Milli.Az-a müsahibəsi.

- Ülviyyə xanım, yeni teatr mövsümünə necə hazırlaşırsınız?

- Hər mövsüm biz işə çox həyəcanla başlayırıq. Çünki bilmirik ki, yeni mövsüm bizi nələr gözləyəcək. Teatrda ötən ili çox uğurla bitirdik. Ən sevimli obrazım isə tarixi tamaşada Üzeyir Hacıbəylinin bacısı rolu oldu. Çox gözəl və məsuliyyətli bir rol idi. Tamaşaçılar qarşısına həmişə komik rolda çıxırdım. İlk çıxışında tamaşaçı səndən komediya gözləyir, görəndə ki, yox, ciddi oynayırsan təbii ki, ilk dəqiqələrdə bir az çətin olur.

- Deyirlər ki, siz teatra həsr edəcəyiniz zamanın daha çoxunu televiziyadakı layihələrinizə sərf edirsiniz. Bu doğrudurmu?

- Bəzən tamaşaçı kimi efirdəki verilişləri izləyəndə təəccüblənirəm. Çünki teatr işçilərini efirə dəvət edib, şikayətlənirlər ki, teatrda 15 ildir bir tamaşa gedir, yeni tamaşalar yoxdur. Teatr haqqında elə insan danışmalıdır ki, ən azı buna haqqı çatsın. Bizim teatrın elə bir tamaşası yoxdur ki, tamaşaçı qıtlığı yaşasın. Biri-birindən zəngin tamaşalarımız da var. Elə tamaşalarımız da var ki, 15 ildir repertuardadır. Çünki sevilir, tamaşaçılar tərəfindən həvəslə izlənilir. Həftədə 3 tamaşa oynanılırsa, onun 3-də mən varam. Mənim haqqımda deyilən o tənqidlərə heç bir münasibət bildirmək istəmirəm. Mən neçə ildir ki, ard-arda teatrda böyük mükafatlar alıram. Onu da deyim ki, mən keçən mövsüm Azərbaycan Dövlət Kukla teatrında da işə başladım. "Kuklaçı" olmaya-olmaya mono tamaşada 5 kuklanı eyni zamanda oynadırdım.

- Məşhurluğu əldə etmək çətindir, yoxsa onu qorumaq?

- Mən məşhurluğu çox çətinliklə əldə etmişəm. Elə gün olub ki, 18 saat dayanmadan işləmişəm. Mən hal-hazırda da 4 yerdə işləyirəm. Bəlkə də yeganə teleaparıcı olmuşam ki, eyni anda ayrı-ayrı telekanallarda aparıcılıq etmişəm.

- Maddi vəziyyətiniz necədir?

- Heç vaxt maddiyatı fikirləşməmişəm. Mənə iş təklif olunanda heç vaxt soruşmamışam ki, nə qədər qonorar verəcəksiniz?! Çünki biz bazarda deyilik. Mən maddiyatı fikirləşsəydim, yaradıcılığım ikinci plana düşəcəkdi. İndi ailə həyatı qurmuşam. Bundan əvvəl ata evində mən həm öz ailəmi, həm də 2 başqa bir ailəni saxlayırdım. O qədər film, serial olub ki, pulsuz çəkilmişəm.

- Sizi bəzən obrazınızın adı ilə "Keyxanım" deyə çağırırlar. Bu cür müraciət xoşunuza gəlir?

- Bir obraz ki, məni tamaşaçılara sevdiribsə, bu, artıq mənim uğurumdur. Amma bu oldu, keçdi. Bəzən görürsünüz ki, internet portallarında yazırlar ki, "Keyxanım filan şey deyir"... Bu, sözün düzü, mənə xoş gəlmir. Mənim yetərincə uğurlu tamaşalarım, obrazlarım da var. Tamaşaçı artıq məni Ülviyyə kimi tanıyır, qəbul da edir. Bu başlığı o adam üçün yazırlar ki, nə üzü tanınır, nə də adı.

- ARB-də aktrisa Xuraman Əlizadə ilə birgə "Hüseynova bacıları" adlı layihə hazırlayırsınız. "Toppuş"u "Xuruş"a dəyişdiniz?

- İnşallah ki, bu layihə də uğurlu olar. Tünzalə xanımın səhhətində problem olduğu üçün Xuraman xanımla bu layihəni etdik. Heç kim, heç kimi əvəz etmir. Sabah Xuraman xanım başqa bir teleaparıcı ilə də layihəni apara bilər. Bu, o demək deyil ki, Ülviyyəni əvəz etdilər.

- Bir neçə ay olar ki, ailə həyatı qurmusunuz. Əslində, sizin toyunuz digər məşhurların toyuna nisbətən o qədər də çox danışılıb, mənfi tərəfdən müzakirə olunmadı.

- Toyum haqqında, həqiqətən də, heç bir saytda mənfi rəyə rast gəlmədim. Oldusa da, 1-2 mənfi rəy oldu. Bəzən tamaşaçılar oxuyub, özləri həmin mənfi rəy yazanlara cavab verirdilər. Mənim o insanlara cavab verməyim düzgün çıxmazdı, özlərini böyük insan sayardılar. O ki qaldı toya... Hələ də indiyə qədər məndən inciyən insanlar var. Mən bilmirdim ki, toyuma bu qədər insan gələr! 60 nəfər çağırılmamış qonaq gəlmişdi. Elə müğənnilər oldu ki, özləri gəlmişdi, gələ bilməyənlər pul göndərmişdi.

- Toydan nə qədər pul yığdınız?

- (gülür)...

- Maraqlanmadınız?

- Elə şeyi maraqlanmamaq olar? (gülür).

- Təxminən yığılan məbləğ 50 mini keçdi?

- Xeyr, ay qardaş. Biz müğənni deyilik ki! Balaca adamlarıq (gülür). Toyuma gələn bütün sənət yoldaşlarıma təşəkkürümü bildirirəm.

- Toy xəbərini nədənsə gizlətdiniz...

- Sizlərdən heç nə gizlətmək olmur ki (gülür).

- Bəzi insanlar qınadı ki, ailə həyatı qurduğunuz insan sizdən yaşca çox böyükdür..

- Bir insanla mən xoşbəxtəmsə, orda nə yaş, nə başqa şeylər mənim üçün önəmli deyil! Mənim üçün yaşın önəmi yoxdur. Birincisi, mənim həyat yoldaşımın 70 yaşı, 100 yaşı yoxdur. Əsl evlənməli yaşı idi. Mənim də az yaşım yoxdur. Bizim evdə söz-söhbət olmur. Çünki o da həyat görüb, mən də həyat görmüşəm. Biz heç vaxt keçmişi açıb tökmürük. Hər günümüzü sonuncu gün kimi yaşayırıq.

- Qayınananızla yaşayırsınız?

- Çox təəssüf ki, mənim qayınanam da, qayınatam da rəhmətə gedib. Amma baldızlarım var. Həyat yoldaşım həmişə deyir ki, sənin 24 baldızın var (gülür).

- Əl çörəyi yemək yaxşıdır, yoxsa ər çörəyi?

- Mən bu yaşa qədər heç vaxt əl çörəyi yeməmişəm. 17 yaşımdan özüm qazanmışam, ailəmi də dolandırmışam. Həyat yoldaşım da işləyir. Nəhayət ki, bu yaşdan sonra ər çörəyi yeməyə başladım (gülür). Həqiqətən də, ər çörəyi çox ləzzətlidir (gülür).

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.