Mədəniyyət

Günəşdən şəxsi həyatı ilə bağlı ETİRAF: "Həyat yoldaşımla 16 yaşımda tanış olmuşam" - FOTO

17 Avqust 2018 21:00
1 Şərh     Baxış: 6 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Günəş Mehdizadənin Milli.Az-a müsahibəsi.

- Günəş xanım, qısa zaman ərzində böyük populyarlıq qazandınız. Bunu nə ilə əlaqələndirirsiniz?

- Əlbəttə ki, bu şansla əlaqəlidir. Mən özümü həmişə şanslı aktrisa hesab etmişəm. Nə istəmişəmsə o mənim olub. Heç vaxt tərəddüd etməmişəm. Nəyə tərəddüd etmişəmsə o iş alınmayıb. Sənətə gələndə bilirdim ki, öz yerimi tutacağam. Sadəcə məni narahat edən filmlərlə yox, seriallar vasitəsilə tanınmağımdır. Çünki mən bu sənətə serialla yox, filmlə gəlmişəm.

- Sizi kim bu sənətə yönəldib?

- Mənim atam o vaxtı aktyorluq fakültəsində təhsil alıb, Rza Təhmasibin kursunu bitirib. İncəsənət ruhu olan insan özünü başqa sahədə tapa bilmir. O sənətdən ayrılsa da, sənət eşqi ilə yaşayıb. Atam sənətini davam etdirməsə də, sənət eşqini mənə ötürüb. Həmişə məni dəstəkləyib ki, sənətdə olum. Amma anam aktrisa yox, həkim olmağımı istəyirdi. Anamı qırmamaq üçün hər yerdə deyirdim ki, böyüyəndə həkim olacaqam. Sonradan elə oldu ki, həyat yoldaşım da məni dəstəklədi, qadağa qoymadı.

- Həyat yoldaşınızla tanış olanda artıq aktrisa idiniz?

- Xeyr, biz tanış olanda heç universitetdə oxumurdum. 16 yaşımda onu tanımışam, daha sıx münasibətlərimiz 18-19 yaşımda olub. O mənə bu sənətə gəlməyim üçün çox kömək edib, əlimdən tutub universitetə aparan insanlardan biri olub.

- Həyat yoldaşınız hansı sahədədir?

- Həyat yoldaşım səs rejissorudur. Hətta biz bir filmin çəkilişində birlikdə çalışmışıq. Mənə elə gəlirdi ki, biz dəfələrlə bir yerdə işləmişik.

- Bildiyim qədərilə Yuğ Dövlət Teatrında çalışmısınız. Oranı tərk etməyinizə səbəb nə oldu?

- Əslində mən Yuğ teatrını çox sevmişəm, o teatrın poetikası məni çox cəlb edib. Məni Yuğ teatrına ustadım Vaqif İbrahimoğlu cəlb etmişdi. Elə oldu ki, mənə "Hökmdarın taleyi" filmindən dəvət gəldi. Mən filmə gedəndə ustadımla məsləhətləşməmişdim. Universitetə gələndə Vaqif müəllimə filmdən şəkilləri göstərib, ürək dolusu danışırdım. Vaqif müəllim mənə dedi ki, niyə dərslərə gəlmirsən? Başa düşdüm ki, bu Vaqif müəllimin xoşuna gəlməyib.

- Amma başqa teatrda da çalışmadınız...

- Yuğ teatrını görəndən sonra başqa teatrı sevmədim. Həm də qorxurdum ki, teatra bağlanaram. Seçsəydim Yuğ teatrını seçərdim, başqa seçimim yox idi.

- Çəkildiyiniz ekran işlərində özünüzə baxa bilirsiniz?

- Bəli, baxıram. Hər dəfə də özümə tənqidi yanaşırdım.

- Maddiyat sizin üçün önəmlidir yoxsa "nə versələr, çəkilərəm" deyənlərdənsiz?

- Çalışıram ki, maddi duruma fikir verim. Mən az büdcəyə gedib çəkilən aktyorları qınamıram, çünki hamının ailəsi var. Amma ehtiyacım olmadığı müddətdə çalışıram ki, az büdcəyə razılaşmayım.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.