Mədəniyyət

"Çox nadir hallarda seriallarda rol alıram"

23 İyul 2018 05:30
0 Şərh     Baxış: 3 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elman Rəfiyev: Bu sənətə insanların marağını çəkmək və seçilmək üçün gəlmişəm 

Milli.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Artıq bir mövsümün də sonuna gəldik. Mövsüm sonunda Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə söhbət etdik. Bu mövsüm "Ata ocağı" serialında baş rollardan birini canlandıran aktyor bir il ərzində qət etdiyi yaradıcılıq yolundan danışdı. "Direktor" sözünü xoşlamayan əməkdar artist hər şeydən əvvəl bir aktyor olduğunu vurğulayır. 
 
- Elman müəllim, geridə qoyduğumuz mövsümü sizin üçün uğurlu hesab etmək olarmı?

- Bəli, bu mövsüm də Azərbaycan Dövlət Pantomima Teatrı üçün səmərəli və uğurlu keçdi. Teatrımızın bir aktrisası Cümhuriyyətimizin 100 illiyi ərəfəsində "əməkdar artist" fəxri adına layiq görüldü. Bu bizim teatrımız üçün çox sevindirici hal oldu. Təbii ki, bu da dövlətimizin teatrımıza göstərdiyi diqqətdən xəbər verir. Geridə qoyduğumuz mövsümdə iki yeni tamaşa hazırladıq. Bu mövsümdə eksperiment tamaşalar üzərində işlədik. 

- Bəs qastrol səfərləriniz necə, oldumu?

- Xeyr, bu mövsüm qastrol səfərlərimiz olmadı. "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr festivalında "Pantomima buketi" konsert-tamaşamız ilə çıxış etdik. Festival çərçivəsində  tamaşamızın premyerası teatrımızın yaradıcı heyətinin təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutdu. Biz o tamaşadan böyük həzz aldıq. Nümayişdən sonra isə diplomla təltif olunduq.
 
- Elman müəllim, bəs aktyor kimi necə, bu mövsümü uğurlu hesab edirsinizmi, yaradıcılığınızın ən məhsuldar ili kimi dəyərləndirə bilərsinizmi?

- Əlbəttə, bu mövsüm serial həyatımda ən uğurlu mövsümlərdən birini yaşadım. 47 yaşım var və bu yaşıma qədər bir çox filmlərdə, seriallarda rol almışam. İndiyə qədər çəkildiyim ən uzun serial "Aramızda qalsın" idi ki, orada 30 bölüm çəkilmişdim, amma mənim üçün bu il uğurlu oldu. Ona görə ki, rol aldığım "Ata ocağı" serialının 194 bölümündə Niyaz obrazı ilə çəkildim və bu obraz tamaşaçıların sevgisini qazandı. Bunun özü mənim üçün bir məktəb idi. 194 bölüm üçün həftənin 5 günü kamera qarşısına keçdim. Kamera qarşısında çalışmağın özü bir məktəbdir. Aktyorlarımızın kameraya öyrəşməsi üçün bu mütləqdir. Aktyor kamera qarşısında olmalıdır ki, nələrəsə nail olsun və kamera ilə işləməyi öyrənsin. 
 
- Siz film və seriallara çox nadir hallarda çəkilirsiniz. Buna səbəb nədir?

- Bəli, mən çox nadir hallarda seriallarda rol alıram. Çünki özümə dəyər verən aktyorlardanam, rejissorların təklif etdiyi seriallarda ucuz qiymətlə razılaşmıram. Bir də canlandıracağım obraz və çalışacağım komandanın da peşəkar olması mütləqdir. Qarşıma belə bir məqsəd qoymuşam və ona doğru gedirəm. Ona görə bu ili aktyor kimi uğurlu hesab edirəm. 
 
- Bu serialdan sonra sizi tanımayan tamaşaçılar Niyaz kimi tanımağa başladı. Halbuki ömrünüzün yarısını məhz pantomimçi kimi yaşamısınız.

- Elədir, bu obraza çəkildikdən sosial şəbəkələrdə izləyicilərimin sayı günü-gündən artdı. Cəmiyyət içinə çıxanda tamaşaçılar məni daha çox tanımağa başladılar. Küçədə uşaqlar məni görəndə "Niyaz əmi" deyərək səsləyirlər. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəyirlər, görürəm ki, utanırlar. Onlara şəkil çəkdirmək üçün şərait yaradıram. Bundan, bu şöhrətdən həzz alıram. Ümumiyyətlə mən aktyorluq sənətinə insanların marağını çəkmək və seçilmək üçün gəlmişəm. 
 
- Niyaz obrazınızla insanlardakı şüuraltı "direktor" stereotiplərini də qırmış oldunuz. Direktor deyəndə istər-istəməz kostyumlu, qalstuklu bir insan düşünürük. Niyaz isə əyyaş və alkoqol düşkünü bir insandır.

- Mən hər zaman demişəm, indi də deyirəm: əvvəlcə Pantomima Teatrının aktyoru, daha sonra direktoruyam. Sadəliyi sevirəm, ancaq bunu başa düşən insanlar üçün. Bəzən sadəliyimdən istifadə edənlər də olur. Mən yalnız teatra daxil olanda və kabinetdə oturarkən direktor oluram. Direktor rolunu iclaslarda oynayıram (gülürük). Ancaq teatrdan kənarda həmkarlarım kimi mən də bir aktyor oluram. Bu ad mənim üçün daha dəyərlidir. Mən bu sənətə aktyorluğa görə gəlmişəm. Xalq artistimiz Bəxtiyar Xanızadə məni teatra ona görə direktor vəzifəsinə təyin etdi ki, mən idarəçilik sənətini də bacarıram. Administrasiya sahəsinə yaxından bələd olduğum üçün teatrın bu kimi məsələlərini həll etmək mənə həvalə olundu. Bu bacarığa sahib olduğum üçünsə müəllimlərimə və atama minnətdaram. Çünki mənim atam da administrasiya sahəsində çalışıb. Uşaqlıqdan onun necə işlədiyini görərək böyümüşəm. Bu gün ondan öyrəndiklərim mənim karıma gəlir. 
 
- Nədənsə hər dəfə Pantomima Teatrı deyəndə gözlərimiz qarşısında o "məşhur üçlük" canlanır - siz, Pərviz Məmmədrzayev və Qurban Məsimov.

- Bunun da bir tarixi var. Belə ki, Pantomima Teatrı 1994-cü ildə yarananda onun təməli 4 tələbənin vasitəsi ilə qoyuldu - Əsəd İsmayılov, Siyavuş Hüseynli, Rövşən İsax və mən. Tamaşaçı qarşısına çıxdıq, bizi qəbul etdilər. Teatr yaranan gündən Nicat Kazımov, Azər Axşam, Reyhan Muradova, Leyla Əfəndiyeva, Hacıbaba Məmmədov kimi sənətkarlar bizimlə birlikdə çalışdılar. Sonra ələnmə prosesi getdi və yerdə qalanlarla işə davam etdik.  Tamaşaçı təzə pantomimanı anlamağa çalışırdı. Deyirdilər ki, bu lal-karlar kimə lazımdır? Səhnəyə çıxmısınız, danışın da, niyə əl-qolla danışırsınız? Biz tamaşaçılardan bu sözləri tez-tez eşidirdik. İncəsənət bizim oyunumuzu yenilik kimi qəbul edirdi, ancaq tamaşaçı bunu həzm etməkdə çətinlik çəkirdi. Daha sonra teatrda 3 nəfər qaldı - mən, Pərviz və Qurban. Bizə "məşhur üçlük" də deyirdilər. Azərbaycana klounada janrını Pantomima Teatrı, yəni biz 3 nəfər gətirmişik. Bizim məşhurluğumuzun səbəbi də məhz bundan qaynaqlanır. Özümüzə məxsus adlarımız var idi. Hansı ki, adlarımızı o məşhur tamaşadan götürmüşdük. Bu üçlük övladlarımızın sevimli obrazlarına çevrildi. Başladıq ad günlərinə, tədbirlərə getməyə. İnsanlar xoş günlərində peşəkar klounlar tələb edəndə bizə müraciət edirdilər. Orda da qeyd edirdik ki, biz Pantomima Teatrının aktyorlarıyıq. Ötən il yeznəmin ad günündə mənə şəkil göndərdilər. Şəkildə baxanda gördüm ki, həmin üçlük və qarşımızda kürəkənimin bacısı dayanıb. Hansı ki, bu gün həmin oğlan mənim kürəkənimdir.  Hər şey qismətdir.
 
- Elman müəllim, sosial şəbəkələrdə nəvənizin şəklini tez-tez paylaşırsınız. Qürbətdə yaşayan qızınızın övladı üçün darıxırsınız deyəsən?

- Əlbəttə. O mənim ilk nəvəmdir. Bəzən dostlarım mənə deyir ki, nəvənin şəklini nə üçün sosial şəbəkələrdə tez-tez paylaşırsınız, ona göz dəyə bilər. Deyirəm ki, insan, əgər göz dəyəcək deyə qorxu içində yaşayırsa, o mütləq olacaq. Mən belə inanclardan uzağam. Dostlarım deyir ki, nəvən sosial şəbəkədə gözümüzün qarşısında böyüyüb (gülürük). Qızım Amerikada yaşayır və ötən il onların yanına getdim. Oraya gedib-gəlmək çox bahalıdır. Amma hər il də olmasa, 2 ildən bir gedib dəymək olar. Qızım Kaliforniya ştatının Los Anceles şəhərində öz karyerasını qurub. Sevdiyi işlə məşğuldur. 
 
- Hər bir aktyorun arzusu məhz o Los Ancelesdə, Hollivvuda filmlərə çəkilməkdir. Yəqin sizin də qəlbinizdə bu istək yer alır.

- Əlbəttə. Hərdən qızıma zarafat edib deyirəm ki, ingilis dilində CV-mi düzəldib, Hollivuddan keçəndə qapıdan içəri atsın. Bəlkə hansısa rejissorun ayağına yapışar. Rejissorlar şəklə baxıb, desinlər ki, baxaq görək bu kimdir? Bəlkə Hollivudun qapıları üzümə onda açıla (gülürük). 
 
- Mətbuatda hər zaman nəvənizdən və qızınızdan danışırsınız. Ancaq sizin bir oğlunuz da var.

- Oğlum Moskvada Aviasiya Universitetini bitirib. Təhsilini bitirəndən sonra Moskvada işlədi. Onun marağı turizm sahəsinədir. İngilis dilini təkmilləşdirib, bacısının yanına getmək istəyir.  İndiki gənclər bir yerdə dayanmır, daima inkişaf edir, yeni dünyanı kəşf etməyə çalışırlar. Biz də onları anlayır və hər zaman öz dəstəyimizi əsirgəmirik. Oğluma "Mosfilm"dən təklif gəlsə də, imtina etdi. Bakıya gələndə ona burda yeni serialda baş rol təklifi gəldi, onu da istəmədi. 
 
- Elman müəllim, yeni mövsümdə sizdən nələr gözləyək?

- Teatrda yeni mövsümdə nümayişi nəzərdə tutulan yeni tamaşanın məşqləri gedir. Çexovun bir əsəri üzərində çalışırıq. Onun bir nümunəsi sözlə yoxlama şəklində göstərildi, bu dəfə sözsüz olacaq. Həmçinin Vüsal Rzasoyun əsəri əsasında səhnələşdirilən və özünün də rol aldığı "Vuvana" tamaşasını yeni mövsümdə nümayiş etdirəcəyik. Bundan başqa, Bəxtiyar Xanızadə hər zaman yoxlama tamaşalar etməyi sevir və yeni mövsüm də belə tamaşamız olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.