Mədəniyyət

Tanınmış aktrisa: "O insanla ömürlük qırılacağam" - FOTO

11 İyul 2018 21:05
2 Şərh     Baxış: 6 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İskəndərlinin Milli.Az-a müsahibəsi.

- Sənubər xanım, gənclərə həmişə dəstək olursunuz, onları tərifləyirsiniz. Bəs siz necə, kimlərdənsə  bu münasibəti gözləyirsiniz?

- Təbii ki, gördüyümüz işin müqabilində həm təşəkkür almaq istəyirik, həm də təbrik. Bu kimi hallar  daha çox gənc yaşlarımda olurdu. Baxırdım hamının ağzına ki, görüm kim nə düşünür, kim nə fikirləşir? Bu elə indi də var. Elə insanlar var ki, onlardan bəzən umuram, amma havada qalır (gülür).

- Bu arada onu da deyim ki, uzun müddətdir sizi efirlərdə görmürük. Buna səbəb nədir?

- Bəli, düzdür, son vaxtlar efirlərə getmirəm. Fikir verirəm ki, əksər verilişlər hansısa məişət mövzusu ətrafında gedir. Mən xoşlamıram ki, ekspert kimi verilişlərə dəvət alım.  Bu sahələrlə psixoloqlar məşğul olmalıdır. Ona görə də bu verilişlərdən qaçıram. Bir də nədənsə məni daha çox gözəllik verilişlərinə dəvət edirlər (gülür).

- Çünki gözəl xanımsınız. Dəvət edirlər ki, xanımlarla gözəllik sirlərinizi bölüşəsiniz.

- Əstəğfurullah, bu nisbi gözəllikdir, bunu həmişə deyirəm. Amma o verilişdə xanımlara kosmetoloq lazımdır, mən yox.

- Sənubər xanım, maşallah uzun illərdir səhnədəsiniz... (deyib sözümə davam edirdim ki, qəfildən sözümü kəsərək)...

- 30 ildən çoxdur. İnanın Allaha, mən bunu saymamışdım, mənə dedilər. İlk səhnəyə addımım Həsənağa Turabovun gözünün qarşısında olub. Heç vaxt unutmaram o günü. "Şeyx Xiyabani" tamaşası oynanılırdı. O tamaşada Fuad Poladov, Amaliya Pənahova və s. böyük sənətkarlar oynayırdı. Mən heç sənətə gəlmək istəmirdim. Bəzən deyirəm ki, təsadüflər zərurətdən doğur.

- Sizin üçün doğma olan tamaşanız hansıdır?

- Hər dövr üçün bir tamaşa mənə doğma gəlir. Çünki vaxt sərf olunur, ömürdən gedir. Son dövrlərdə oynadığım "Yaşlı xanımın gəlişi" tamaşası mənə doğmalaşıb. Hər aktrisanın da bəxtinə yaxşı rollar oynamaq düşmür. Çox şükür ki, taleyimə yaxşı rollar yazılıb.

- Baxıb, "daha da yaxşı oynaya bilərdim" dediyiniz rolunuz olub?

- Bir vaxtlar  özümə heç baxa bilmirdim. Sonra o xasiyyətimi tərgitdim. Çünki yaş o yaş deyil, professionallıq artır. Bu gün oynadığımı 10 il sonra bəyənməyə bilərəm. Amma "Kişi sözü" filmindəki roluma bu gün baxa bilmirəm.

- Niyə?

- Həm filmdə ilk debütümdür, həm də səsləndirməni özüm etmişəm. Orda da hələ səsim "çiy" idi, bilmirdim necə səsləndirməliyəm. Çünki film çəkilir, üstündən bir neçə ay sonra səsləndirilir. İnsan istər-istəməz o situasiyada olmur.

- Sənət adamlarını başa düşmək çox çətindir?

- Hər bir insan yaranışından qəlizdir. İnsan var kitab kimi açıqdır. Bəzən başa düşülmək, yaxud başa düşmək üçün sənət adamı olmaq lazım deyil. Gəlin bunu çox da qəlizləşdirməyək. Düzdür, sənət adamlarında kövrəklik var. Mənə elə gəlir sənət adamları ilə dil tapmaq daha asandır, nəinki adi insanlarla.

- Çəkildiyiniz hansı filmlərdə özünüzü bəyənirsiniz?

- Filmlərin heç birində özümü bəyənmirəm. Ümumiyyətlə, həyatda da özümü bəyənənlərdən deyiləm. Nisbət götürəndə rejissor Şamil Əliyevin çəkdiyi "Təsadüfi görüş" filmini bəyənirəm. Bu filmdə mən rəhmətlik Fuad Poladovla çəkilmişəm. Fuad müəllimlə yaxşı oynamaya bilməzdim.

- Teatrda özünüzü doğrultduğunuz kimi filmlərdə də özünüzü doğrulda bildiniz?

- Xeyr! 80 ci illər mənim gənclik illərimə təsadüf edirdi, bu illərdə 1-2 filmə çəkildim. 90-cı illər isə kinostudiyanın süqutu idi. Sonra bir ara yenə də film çəkilişləri dayandı. Bu gün daha çox kişi filmləri çəkilir, qadın obrazları yoxdur. Sırf qadına xas olan rollar yoxdur.

- Bunun səbəbi nədir?

- Çünki ssenaristlərin çoxu kişilərdir. Yazar ssenarist qadın ya yoxdur, ya da var imkan yaratmırlar. Türkiyədə məşhur serialların yazarları qadındır.

- Məcburiyyət qarşısında qalıb hansısa rol oynamısınız?

- Bəli, olub ki, razılaşmışam, amma bəxtimdən alınmayıb (gülür). Bu kimi hallar daha çox teatrda olub. Bu da gənc yaşlarımda. Amma kino elədir ki, sən özün seçirsən.

- Bəzən görürsünüz ki, aktrisa qalıb kənarda modeli aktrisa kimi seriala çəkirlər. Bunlara münasibətiniz necədir?

- Bu axı ciddi filmlərdə olmur, seriallarda olur. Serial mənim üçün sənət deyil. Seriallarda elə özləri kimi oynayırlar, bəzilərində şirin də alınır. Bəyəndiklərim də var. İstedad varsa, hardansa vurub üzə çıxacaq.

- Nəyi bağışlaya bilmirsiniz?

- Hərdən çox şeyi bağışlayıram. Xasiyyətimi bəyənmirəm, o insanla qırılsam, ömürlük qırılacağam. Çünki məndə geriyə dönmək yoxdur. Yenə də o insandan qırılandan sonra da düşmənçilik etmirəm. Deyirəm mən kiməm ki, Allah bağışlasın! İnsan var yıxıldığı yerdən bir də yıxılır, insan da var kənardan gedir.

- Bəs siz?

- Mən indi kənardan gedirəm (gülür). Amma yıxılmağımı unutmuram, hər dəfə onu yadıma salıram.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.