Mədəniyyət

"Uşaqlığın son gecəsi"ni xatırlarkən

13 İyun 2018 20:05
3 Şərh     Baxış: 4 355

və ya Arif Babayevi nə qəhərləndirmişdi?

"Azərbaycanın kino inciləri" layihəmizdə növbəti görüşümüzün səbəbkarı 1968-ci ildə ekranlara çıxmış əsl kino incilərimizdən biri tammetrajlı, ağ-qara "Uşaqlığın son gecəsi" filmi, qəhrəmanlarımız isə ekran əsərində Murad obrazını canlandırmış Ənvər Həsənov və filmin rejissor assistenti Akif Rüstəmovdur.

Sevgi filmi

"Uşaqlığın son gecəsi"... Bakının və bakılıların mükəmməl açıqcası. Fotoqrafiyanın və hərəkətli fotoqrafiya olan kinematoqrafiyanın ən ifadəli üz ifadəsi məhz ənlik-kirşansızlığındadır: rəngli fotolar və ya kinolentlər onları çəkənin demək istədiklərini daha dolğun, daha dəqiq çatdırır. Xüsusən əgər çəkən Arif Babayev kimi peşəkardırsa. Arif Babayevin bu şedevri 1969-cu ildə Kiyevdə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında 5 mükafata layiq görülüb: ən yaxşı ssenariyə görə (Maqsud İbrahimbəyov), ən yaxşı rejissor işinə görə (Arif Babayev), ən yaxşı operator işinə görə (Zaur Məhərrəmov), ən yaxşı kino musiqisinə görə (Polad Bülbüloğlu) və kişi rolunun ən yaxşı ifasına görə (Ənvər Həsənov). Düz yarım əsrdir ki, "Uşaqlığın son gecəsi"nin seansları sona çatmır, kino qavrayışımızın proqramından çıxmır. Baxırıq, hər dəfə yeni hansısa detal, element tapırıq, Bakımızı yenidən kəşf edirik, onu və bir-birimizi sevməyi, sevdirməyi öyrənirik. Görün, 89 dəqiqəlik bədii filmdə nə qədər mətləblər çözülüb - müharibədən sonrakı insani münasibətlər, ailə, valideyn-övlad, dostluq dəyərləri, ər-arvad münasibətlərindəki məhəbbət üçbucağı və hətta dördbucağı, işgüzar münasibətlər, peşə, ixtisas müzakirələri, vətəndaşlıq missiyasını doğru-düzgün anlayanlarla əks qütbdə dayananların mübarizəsi... 

Arif Babayevin Muradı

Ənvər müəllim deyir ki, gənclər bizim sənət yolumuza maraq göstərmirlər, təcrübəmizdən, dünyagörüşümüzdən faydalanmaq istəmirlər. Öz bildikləri kimi çəkirlər, çəkilirlər. Özü isə son illər cəmisi üç filmə çəkilib. O da sırf kino istehsalı səviyyəsində olduğu üçün. Deyir, insafən çox təkliflər olur, amma daha çox serial çəkilişlərinə çağırırlar, orda da axı epizodlar ssenarisiz çəkilir. 
Ə.Həsənov: "Belə yanaşma isə mənə tamamilə yaddır. Mən ssenarini oxumadan, duymadan, içimdən keçirmədən çəkilə bilmərəm. Ona görə imtina edirəm. "Qaçaq Kərəm" haqqında film çəkmək arzum isə arzu olaraq qalıb..."

Ənvər müəllim müsahibələrində qeyd edib ki, "Uşaqlığın son gecəsində"ki Murad elə o özüdür, rol-filan oynamayıb... Bizimlə söhbətində açıqladı ki, əslində bu fikir Arif Babayevdən gəlib. Ə.Həsənov: 
"Onun filmlərində rejissor köməkçisi işləyirdim. "İnsan məskən salır" filminin çəkilişlərində gördüm ki, mənə çox nəzər yetirir. Bir gün də dedi ki, darıxma, yaxşı olacaq, səni filmimə çəkəcəm. İnanmadım... Amma üstündən bir müddət keçəndən sonra bu filmin ssenarisini verdi mənə, dedi ki, Murad obrazına diqqət yetirim. Murad obrazı rejissor ssenarisində bir qədər fərqli idi. Yəni Arif müəllim Muradı mənə uyğunlaşdırıb rejissor ssenarisini yazmışdı. Əlbəttə, o vaxt indiki kimi deyildi - bir rola ən azı on namizəd olurdu, fotosınaq çəkilişlərindən sonra kinosınaq çəkilişləri keçirilirdi, bədii şuranın nəzarətindən keçirdi. Amma çox vaxt rejissor müəyyən rola nəzərdə tutduğu aktyoru təsdiq etdirə bilirdi...." 

Beləliklə, Bakının bayır şəhərini bayır şəhərin miqyası boyda, İçərişəhərini iç şəhərin dərinliyi qədər sevən və bu sevgini ən layiqli tərzdə izhar etməyi bacaran əvəzolunmaz və təkrarsız müəllif kinosu rejissoru Arif Babayev peşə muradını gözündə qoymur - ekrana öz Muradını gətirir.      
Həmsöhbətimiz filmin birinci çəkilən epizodun hansı olduğunu xatırlamır. Çox güman ki, bu, natura çəkilişi olub. Çünki filmin əsas hissəsi natura çəkilişləri ilə başlayır, pavilyonla başa çatır adətən. Çəkilişlər İçərişəhərdə, indiki Prezident Sarayının, o vaxtkı Mərkəzi Komitənin qarşısındakı şəlalənin yanında, tikinti epizodları indiki Milli Məclisin binası yerləşən ərazidə çəkilib. Ev epizodları isə Prezident Sarayının qarşısındakı parkın yerində o vaxt mövcud olan evlərdi. 
Ə.Həsənov: "İlk tanış olduğum tərəf-müqabili Səyavuş Şəfiyev oldu. Hələ çəkilişlərimiz başlamazdan əvvəl Arif müəllim bizi dostlaşdırmışdı ki, ekrandakı qardaş münasibətlərimiz təbii görünsün. Tofiq Tağızadə də "Yeddi oğul istərəm" filmini çəkəndə belə şərait yaratmışdı. Səyavuş sirkin bədii rəhbəri idi. Bakıda sirkin binasının arxasında yerləşən mehmanxanada qalırdı, həyat yoldaşı və qızı ilə. Həyat yoldaşının adı yadımda deyil, qızının adı Cəmilə idi. Tez-tez bir-birimizin qonağı olurduq ki, ünsiyyətimiz təbii axara düşsün. Səyavuş beş-altı il gözlədi ki, bir çox gənc mütəxəssislər kimi ona da Bakıda ev verəcəklər, amma nəsə alınmadı və çıxıb getdi yenidən Moskvaya, orda da bildiyiniz kimi iş başında həlak oldu. Çox mehriban, səmimi adam idi. Elə canlandırdığı Rüstəm kimi..." 

"Kinoda vurulduğun qızı həyatda özün tap"

Ə.Həsənov:
"Muradın vurulduğu qız Tamilla İzmirovanı, həqiqətən də, özüm tapdım. Arif müəllim mənə tapşırıq verdi ki, get, bu tərəf-müqabilini özün tap ki, ürəyincə olsun, rolun yaxşı alınsın. Biz də məktəbləri gəzə-gəzə gəlib-çıxdıq 189 nömrəli məktəbə. Bu qız səkkizinci, ya da doqquzuncu sinifdə oxuyurdu. Kinoda çəkilmək təklifinə təkbaşına razılıq verə bilməzdi, ona görə Arif müəllim dedi ki, gedək qızın atasından razılığını alaq. Evləri Tolstoy küçəsində idi, "Vətən" kinoteatrının yaxınlığında. Arif müəllim məni qızın valideynlərinə təqdim edib dedi ki, bax, bu oğlan qıza cavabdeh olacaq, arxayın olun. Nə isə, valideynlərinin razılığını aldıq. Bu yaxınlarda öyrəndim ki, o xanımın üç qızı var, amma artıq Azərbaycanda yaşamır, Amerikaya köçüb. Onunla filmdə görüşə çıxdığımız vaxt üç gəncin məni soyması epizodu çəkiləndə köynəyimin altında bıçaq gizlətmişdim, Muradın sevdiyi qızın yanında pərt olmamasından ötrü bizə sataşan o gənclərin cavabını vermək istəyəndə Arif müəllim çəkilişi dayandırdı. Dedi ki, özfəaliyyətə yol vermə. Mən də dedim, belə olmaz axı, oğlan qızın yanında tamam pərt oldu ki... Dedi, bu ssenaridə belə olmalıdı.." 

Kinomuzun Alen Delonlarından birinə "sui-qəsd" 

Çəkilişlərin ortasında Ənvər müəllimin başıma bir iş gəlibmiş, bir davaya düşüb, daha doğrusu, dostunu kişi söhbətinə çağırıb, əvəzində bıçağını işə salmaq istəyən birinin zərbəsinin qarşısını alıb.  Bulvardakı yay kinoteatrının yanında baş verib bu hadisə. Bıçaq Ənvər müəllimin çənəsini yaralayıb.

Ə.Həsənov:

"Ertəsi gün çəkilişə gələndə dəsmalla ağzımı tutmuşdum. Arif müəllim bir neçə dəfə dedi ki, əlini sağ aşağı, mən də ancaq bir əlimi o biri ilə əvəz edirdim. Axırda bu onu hövsələdən çıxardı, əlimi tamam üzümdən çəkməli oldum. Onda Arif müəllim dəhşətə gəldi, assistenti Akifə (Akif Rüstəmov-red.) tapşırdı ki, yanımdan ayağını çəkməsin, hər yerdə məni müşayiət eləsin, ta ki çəkilişlər bitənə qədər. Çapığım sağalana qədər isə çəkilişlər bir həftəlik dayandırıldı..." 
Bir çox gözəl filmlərimizdə rejissor assistenti kimi çalışan Akif Rüstəmov "Uşaqlığın son gecəsi"nin ərsəyə gəldiyi özəl məqamları, məmnuniyyətlə, danışdı. Belə məqamlardan biri filmin musiqisi ilə bağlıdır. Akif müəllim xatırlayır ki, Polad Bülbüloğlunun Moskvadan göndərdiyi məşhur "Gəl, ey səhər" saundtrekinin müxtəlif versiyalarda ifa olunmuş lent yazılarını dinləyərkən Arif Babayev doluxsunub. A.Rüstəmov: "O anlar heç yadımdan çıxmaz - Arif müəllim musiqidən elə təsirlənmişdi ki, qəhərini saxlaya bilmədi...

Arif müəllim özü də çəkilmişdi bu fimin bir epizoduna, amma o epizod ekrana çıxmadı, səhv eləmirəmsə, elə özü montajda kəsmişdi o hissəni. Deməli məsələ belə belə olmuşdu: İçərişəhərin küçələrinin birində bir yaşlı qadın bir cavan kişidən hansısa küçənin istiqamətini soruşur, o kişi isə yarısərxoş vəziyyətdə idi. Arif müəllim dedi ki, bu rolu özüm oynayacam, amma təbiilik üçün mən də içməliyəm. Nə isə, elə çəkilişarası maşınların birinin içinə toplaşıb bir az içdik, sonra da o epizodu çəkdik.

Arif müəllimlə başqa filmlərdə də işləmişəm. Əsl peşəkar olduğu üçün onunla işləmək hər kəsə unudulmaz zövq verirdi. Onun filmin çəkilişlərinə hazırlaşmağı ayrı aləm idi! Hər çəkiliş gününə mütləq şəkildə həmin gün çəkiləcək epizodu tam aydın şəkildə təsəvvür edərək gəlirdi. Nadir hallarda ola bilərdi ki, istədiyini tapmadan gəlsin çəkiliş meydançasına. Belə olanda deyirdi ki, bu gün çəkilişi təxirə salsaq yaxşıdı. Amma belə hallar çox az olurdu..."

Aktyor olmayan ifaçılar

Arif Babayev aktyor olmayan, amma harizması, cazibəsi ilə seçilən tanıdığı şəxsləri filmlərində əbədiləşdirməyi sevirdi. Bu ekran əsəri də istisna deyil. Məsələn, Zauru oynayan Qorxmaz Atakişiyev aktyor deyilmiş. Akif Rüstəmovdan öyrəndik ki, o, hansısa elmi-tədqiqat institutunun əməkdaşı imiş.

Ət kombinatından oğurluğa gələn Sürücü rolunu canlandıran Rafiq Tağıyevi isə Ənvər müəllim çox yaxşı xatırlayır. Çox gözəl insan olan bu şəxsin Nərimanov prospektində ayaqqabı dükanı var imiş, özü də Arif müəllimin dostu imiş. Ekrana yaraşan görkəmi, davranışı var idi. Təəssüf ki, avtomobil qəzasında həlak olub. 

Murad və Cəlal

Söhbət əsnasında Ənvər müəllim daha bir kino "incimiz" olan, SSRİ kinosalnaməsinin ən yaxşı filmləri siyahısına daxil edilən və 128 ölkənin kinoprokatını bəzəyən "Yeddi oğul istərəm" filmini də tez-tez xatırladı. Məncə bu iki obraz bir-birinə çox bənzəyir, qəhrəmanların sosial statusu, yaşadıqları dövr, şərait tamamilə fərqli olsa da, onların həyatdakı mövqeləri eynidi - ikisi də həm sevməyi bacarır, həm dostluq etməyi, həm də vətəndaş olmağı.

Ə.Həsənov: "Murad obrazı mənim bütün taleyimi dəyişdi. Çox böyük şöhrət qazandım. Küçəyə çıxa bilmirdim - mənimlə şəkil çəkdirənlərin sayı-hesabı yox idi. Indi də belə olur, amma əlbəttə gənclərin çoxusunun bu flmlərdən xəbəri yoxdu, amma məlumatlı olan kimi onlarda da maraq yaranır...

Arif Babayevin beş filmində işləmişəm. Özü də bizim nəslin çəkiliş qrupunun üzvləri arasında ayrı-seçkilik olmazdı, hamımız "kinoşnik" idik, ümumi adımız bu idi, texniki heyətin də yaradıcı heyətin də. Biz realist məktəbin yetirmələri olduğumuz üçün həyatdakı davranışdan fərqli ifa, oyun tərzi nümayiş etdirə bilməzdik. Bizə aktyorluq sənətinin bütün incəliklərini öyrətmişdilər..."  

P.S. Filmdə Elya rolunun ifaçısı və bu obraza yeganə namizəd kimi təsdiq edilmiş Megi Kejeradze haqqında məlumat toplamaq cəhdimiz alınmadı - Gürcüstanın Azərbaycandakı səfirliyi aktrisa haqqında nəsə öyrənməyə müyəssər olmadı, Gürcüstandakı dostlarımdan birinin tapıb göndərdiyi və M.Kejeradze hazırda özünü yaxşı hiss etmədiyi üçün qızına məxsus telefon nömrəsi ilə əlaqə saxlamağı məsləhət bilsə də, cəhdimiz də nəticəsiz qaldı.

Samirə Behbudqızı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    I · 13 İyun 21:1260

    Can Bakı!

    Cavab yaz
    • Anonim
      }}}}}{{{{{ · 13 İyun 23:1050

      Teshekkur meqaleye gore. Bir mahnida diyilir ,,olerem yasamayaram ay Baki sansiz....,,. Enver Hesenovun musahibesi bizleri kohne Bakiya qaytardi..;((((

      Cavab yaz
  • Anonim
    Syama · 14 İyun 01:0740

    Heyf senden Baki.heyf o gunlerden.hani o sirin bakili lehcesi ile danisan insanlar((((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.