Mədəniyyət

Azərbaycanlı aktrisa: "Belə məqsədim olsaydı, çoxdan ölkədən getmişdim" - FOTO

25 May 2018 21:09
2 Şərh     Baxış: 4 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Günəş Mehdizadənin Milli.Az-a müsahibəsi.

- Günəş xanım, niyə məhz bu sənəti seçdiniz?

- Çünki aktrisa olmaq istəyirdim. Ona görə də sevib sənətə gəldim. Heç kim məni aktrisa olmağa sövq etməyib.

- Nə vaxtdan bildiniz ki, bu sənəti sevirsiniz?

- Özümü tanıyandan. Təxminən 6 yaşımdan.

- Ailə, yoxsa sənət? Tərəzidə hansı ağır gələr?

- Əlbəttə ki, ailə.

- Hansı yerli aktyor və aktrisaları bəyənirsiniz?

- Bizim istedadlı aktyorlarımız çoxdur. Məsələn, Qurban İsmayılov, Fəxrəddin Manafov, Rasim Cəfər, Abbas Qəhrəmanov və s. Qadınlardan isə...

- Nədənsə qadın aktrisaların adlarını çəkməkdə çətinlik çəkdiniz...

- Əslində, danılmaz faktdır ki, bizdə aktyorlara nisbətən aktrisalar azlıq təşkil edir.

- Günəş Mehdizadə o pillədə neçənci yerdədir?

- Əlbəttə ki, birinci yerdə (gülür).

- Bəs sizdən sonra kimlər gəlir?

- Məndən sonra qalanlar (gülür).

- Serialdan qazandığınız qonorar sizi qane edir?

- Əlbəttə ki, Azərbaycan çəçivəsində baxsaq, qane edir. Kənara çıxanda isə, əlbəttə ki, yox.

- Maddiyat oynadığınız rolun keyfiyyətinə təsir edib?

- Xeyr, ümumiyyətlə, aktyor pula görə oynamamalıdır. Aktyor elə bir insandır ki, ona həvalə olunan obrazı oynayanda düşünmür ki, mən burdan az pul alacağam, yoxsa çox! Nəticədə bu aktyorun adıdır.

- Hissinizlə oynayırsınız, yoxsa texnika ilə?

- Xeyr, texnika ilə oynamıram.

- Son zamanlar müğənnilərin, aparıcıların film və seriallara çəkilməsi sizi narahat etmir ki?

- Xeyr, bu piyar xarakerlidir. Müğənni və yaxud aparıcıları kütləsinə görə seriala çəkirlər. Bu, yeni başlayan ekran işinin piyarı üçün çox gözəl effektdir.

- Xarici serial bazarı daha gəlirlidir.  Ölkə hüdudlarından kənarda çəkilmək istərdiniz?

- Əgər belə istəyim olsaydı, çoxdan ölkədən getmişdim. Amma heç vaxt istəməmişəm. Özümə güvənim çoxdur, getsəydim, orada məşhur aktrisa da olardım, nailiyyətlərim də olardı.

- Özünüzü məşhur aktrisa hesab edirsiniz?

- Heç vaxt bu cür məqsədim olmayıb. Mənim üçün sənətin zirvəsi yoxdur. Əgər mən özümü məşhur insan hesab etsəm, özümü zirvədə görəcəyəm. Bundan sonra mənim üçün sənət çökə bilər.

- Çəkiləndən sonra "kaş çəkilməzdim" dediyiniz ekran işi olub?

- Bəli, olub.

- Hansıdır?

- Onu deməyəcəyəm.

- Heç sənətin daşını atmaq istəmisiz?

- Xeyr, incəsənət sahəsinə baş vuran insanlar, bir müddət sonra bu sahədən ayrılsalar da, özlərini digər sahələrdə tapmaqda çətinlik çəkirlər. Hər bir insan sevdiyi işlə məşğul olmalıdır. Sevdiyin işlə məşğul olsan, sən də sevib-seviləcəksən.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.