Mədəniyyət

Ömür Vəfa etsəydi... - FOTO

23 May 2018 05:30
1 Şərh     Baxış: 6 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, əksəriyyətdən fərqlənən, sənətini sevən, yüksək mədəniyyət sahibi olan aktrisa idi 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

O, teatr sənətimizə bir-birindən maraqlı obrazlar bəxş etdi. Tamaşaçıların yaddaşında gülər üzü, mənalı gözləri, şaqraq gülüşü ilə qaldı". İndi də adı gələndə, Azərbaycan teatr tarixində öz silinməz izini qoyan əməkdar artist Vəfa Fətullayevanın haqqında yalnız xoş sözlər eşidilir, yarıda qırılan taleyi təəssüflə anılır...

Rejissorluqdan teatrşünaslığa

Vəfa Fətullayeva SSRİ xalq artisti Hökumə Qurbanova, teatr rəssamı Nüsrət Fətullayevin ailəsində böyümüşdü. Vəfanın teatra sevgisinin ailə kökləri vardı. Üstəlik, əmisi Fəttah Fətullayev, əmisi oğlu, rejissor Hafiz Fətullayev kimi sənət adamlarının əhatəsində böyüməsi onun qəlbinə təkcə sənətin toxumlarını səpmədi, həmçinin səmimi qəlbli, kübar bir insan kimi tərbiyə etdi. Vəfa hər bazar günü dostları ilə Dram Teatrına gedir və onlar üçün ayrılmış xüsusi lojada oturub tamaşalara baxırdılar. Sonradan isə evdə yaddaşlarına həkk olunmuş obrazları təkrarlayırdılar. İlk dəfə səhnəyə çıxanda 8-9 yaşı vardı. Şekspirin "Qış nağılı"nda kralın oğlu Mamili obrazını oynayır. Həm də anası ilə bir tamaşada rol alması gələcək aktrisanın sənət aləmində ilk addımı olur. 

Vəfa Fətullayevanı Teatr İnstitutuna gətirən də bu həvəs idi. O, Rus Dram Teatrının rejissoru Məhərrəm Haşımovun kursunda oxuyurdu. Günlərin birində oxuduğu fakültəni teatrşünaslığa dəyişməsinin maraqlı tarixçəsi var: "Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından, Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun diqqətindən yayınmır və bir gün dərslərin birində "qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın seçimini həll edir. O, bir müddət dərsə gəlmir. Sonradan məlum olur ki, Vəfa heç kimlə məsləhətləşmədən fakültəsini dəyişərək teatrşünaslığa keçib".

V.Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayır. Anası - SSRİ xalq artisti Hökumə Qurbanova, atası teatrın tərtibatçı rəssamı Nüsrət Fətullayevlə çiyin-çiyinə çalışması ona həm də mənəvi ruh verir.

Vəfa bu teatr məbədinin sevilən aktrisasına çevrilir. Bir-birindən maraqlı rollar oynayır. Sənət yoldaşları ilə xoş münasibəti, daim şən əhval-ruhiyyədə olması onu hamıya sevdirir. Ailə həyatının uğursuz olması isə Vəfanı sənətinə qarşı həvəsdən salmır, əksinə, teatra daha çox bağlanır. Vəfanın sənətlə bağlı böyük arzuları vardı. Çoxlu rollar oynamaq istəyirdi. Amma qismət olmadı. Ömür vəfa etmədi...

Aktrisa yaradıcılığının ən yaxşı dövründə ağır xəstəliyə düçar oldu. Vəfa dünyasını dəyişəndə 42 yaşı vardı. 

V.Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev onun çətin günlərinin şahidi olmasından danışırdı: "Vəfa həyatının son dörd ayını xəstəxanada keçirdi. Son günlərində də onun yanında oldum. Hətta onun haqqında veriliş hazırlamaq niyyətində idim. Bir gün "hamıya veriliş elədin, bir məndən başqa" dedi. "Vəfa, sənə yaxşı bir veriliş hazırlayacam. O verilişdə oynamaq istədiyin rolları üzə çıxaracam" - deyə təsəlli verdim. Çox sevindi. Hətta artıq verilişin planını da tutmağa başladıq. Amma ömür vəfa etmədi... Sağ ikən onun haqqında veriliş hazırlaya bilmədiyimə görə hələ də içim yanır. Vəfa çox gözəl insan idi. Ürəyi yumşaq, mehriban, şən, zarafatcıl, deyib-gülən... Üzündəki təbəssüm heç vaxt əskik olmurdu. Ürəyində hamıya qarşı sonsuz məhəbbət vardı. Həyatı, yaşamağı çox sevirdi. Teatrda elə bir adam yox idi ki, onu sevməsin. Çünki heç kəsin qəlbinə toxunmamışdı".

Vəfanın səbirsizliklə gözlədiyi veriliş - "Ömür vəfa etsəydi" isə ölümündən sonra efirə çıxdı. "Onun ölümü çoxlarının qəlbini parçaladı. Vəfanın ölümünə çoxları yandı. Atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib 2 aydan sonra rəhmətə getdi. Anası Hökumə Qurbanova isə xəstəxanaya düşdü və bir neçə ay sonra dünyasını dəyişdi". 

O, bir evin gözəl xanımı ola bilərdi...

Lütfi Məmmədbəyovun rejissoru olduğu "Göz həkimi" teletamaşasında Vəfa Fətullayeva ilə birgə çəkilən xalq artisti Rafiq Əzimov xatırlayır: "Lütfi Məmmədbəyov "professor İvanov roluna səni çəkmək istəyirəm" - deyə mənə xəbər göndərdi. Əvvəlcə həmin rola başqa aktyor çəkilirdi, sonra isə mən onu əvəz elədim. Teatrda məşq prosesində mən Vəfa xanımla daha yaxın ünsiyyətdə oldum. Bu, psixoloji bir rol idi. Həmin televiziya tamaşasının məsləhətçisi professor Nazim Əfəndiyev idi. Tərəf-müqabilimin istedadlı aktrisa Vəfa Fətullayeva olmasına görə çox sevinirdim". V.Fətullayevanı hələ "Qış nağılı" tamaşasında - anası Hökumə Qurbanova ilə bir səhnədə oynayanda gördüyünü deyən R.Əzimov aktrisanı istiqanlı xanım və istedadlı aktrisa kimi xatırlayır: "Vəfa biləndə ki professor İvanov rolu mənə tapşırılıb, çox sevindi. O, məşqlərə hamıdan əvvəl gələr, özümüz üçün məşq edərdik. Sonradan kollektiv yığılanda, ümumi məşqlərimiz çox səmərəli alınırdı. Vəfa yorulmaq bilmədən, böyük həvəslə rol üzərində çalışardı. Onunla hər bir epizod çox maraqlı və həyəcanlı alınırdı. Tamaşaçılar tərəfindən "Göz həkimi"nin böyük maraqla qarşılanması bizi hədsiz sevindirdi. Xüsusən, Vəfa xanımın oyununa yüksək qiymət verildi". 

R.Əzimov Vəfa Fətullayevanın teatra gəldiyi illəri də yaddaşında saxlayıb: "Vəfanın teatra gəldiyi illər də çox maraqlı idi. Müqtədir sənətkarımız Tofiq Kazımov onu institutda oxuduğu vaxtlarda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə roluna dəvət etdi. Bu rol Vəfanın ifasında çox uğurlu alındı. Vəfa teatra istedad kimi daxil oldu. Baxmayaraq ki istər televiziyada, istərsə də kinoda maraqlı obrazları var, onu teatrın səhnəsindən daha çox tanıdılar və sevdilər". R.Əzimov Vəfa Fətullayeva ilə birgə "Mahnı dağlarda qaldı" tamaşasında da tərəf-müqabil olub: "Əvvəllər bu tamaşada onunla Fuad Poladov tərəf-muqabil idi. Ancaq Fuad hərbi qulluqda olanda onun oynadığı Rəhman rolu mənə tapşırıldı. Bu, tamaşada Vəfanın Gülgəz rolu hələ də tamaşaçıların yadındadır". 

R.Əzimov aktrisanın vaxtsız ölümündən kədərlə danışır: "Təəssüf ki, sənət aləmi Vəfanı çox erkən itirdi. Onun oynadığı tamaşalar bu gün də televiziya ilə nümayiş olunanda Vəfa Fətullayeva böyük məhəbbətlə yad olunur. Vəfanın daxilində həyata qarşı böyük məhəbbət var idi. Heyf ki, o, həyatın xoşbəxtlik anını bir qadın kimi yaşamadı. O, bir evin gözəl xanımı ola bilərdi. Vəfa sağ olsaydı, onun ifasında hələ çox gözəl tamaşalar yarana bilərdi... Vəfanın gülər üzü, şaqraq gülüşü indi də qulağımda səslənir. Onun çox mənalı gözləri vardı. Vəfa istedadlı bir aktrisa kimi teatr sənətinə öz möhürünü vurdu, bir-birindən maraqlı rollar yaratdı, Dövlət mükafatına layiq görüldü. Onun ölümü teatrın böyük itkisi oldu. Vəfanın vəfatı hamımızı təsirləndirdi. Onun səmimiyyəti, mehribanlığı həmişə yadımızdadır".

Heyf ki, bu dünyadan vaxtsız getdi...

"Mən Akademik Milli Dram Teatrına təyinatla gələndə bu teatrın səhnəsində Ağasadıq Gəraybəyli, Məlik Dadaşov, Həsənağa Turabov, Hökumə Qurbanova, Amalya Pənahova, Vəfa Fətullayeva kimi böyük sənət adamları çalışırdılar" - deyə xalq artisti Nurəddin Mehdixanlı xatırlayır: "Tale elə gətirdi ki, gənc vaxtlarımda bu sənət adamlarının əksəriyyəti ilə tərəf-müqabili ola bildim. Bu teatrın səhnəsində təsadüfi adamlar ola bilməzdi. Onlar istedadlarına görə seçilib bu sənət məbədinə təyinat alırdılar. Eyni zamanda, bu sənət adamları insanlıq, mədəniyyət, ətrafdakılara münasibət baxımından fərqlənirdilər. Aktrisaların içərisində Vəfa Fətullayeva danışığı, geyimi, zövqü ilə çox fərqlənirdi. Bu xanımda əsilzadəlik vardı". V.Fətullayevanı pozitiv insan kimi xatırlayan aktyor N.Mehdixanlı, həmçinin aktrisanı yaxşı mütaliəsi olan, yüksək intellektə malik insan kimi yada salır: "Vəfa xanımla söhbət edəndə hər mənada yüksək səviyyəyə malik olduğuna inanırdın. Vəfa xanım SSRİ xalq artisti Hökumə Qurbanovanın, teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı olsa da, həmişə özünü sadə və səmimi aparırdı. Vəfa, həmçinin işinə məsuliyyətlə yanaşan xanım idi. Biz onunla "Torpağa sancılan qılınc" tamaşasında bir tamaşada oynadıq. Vəfa xanım mənim anamı - Burlaxatun rolunu oynayırdı. İndiyə qədər Vəfanın siması, baxışları, danışığı, mizanları gözümün qabağındadır. Vəfa xanım o insanlardan idi ki, onu xatırlayanda ilk növbədə gözəl davranışı gözümün qabağına gəlir. O, əksəriyyətdən fərqlənən, sənətini sevən, yüksək mədəniyyət sahibi olan aktrisa idi. Heyf ki, bu dünyadan vaxtsız getdi..." 

Mayın 21-i Vəfa Fətullayevanın vəfatı günüdür. Nə yaxşı ki, aktrisanın adını və rollarını özündə əbədiləşdirən teatr və kino tarixi var... Aktrisa yaşasaydı, kim bilir teatr və kino sənətimizi nə qədər rəngarəng rollarla zənginləşdirəcək, tamaşaçılara fərqli zövq bəxş edəcəkdi...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.