Teleaparıcı və aktrisa Aytən Əlizadənin Milli.Az-a müsahibəsi.
- Aytən xanım, həm teleaparıcısınız, həm də aktrisa. Hansı peşədə çalışmaq rahatdır?
- İndi desəm ki, teleaparıcılıq asandır, deyəcəklər ki, bu qız tənbəl qızdır, işləmək istəmir.
- Tənbəlsiz?
- Bir az hə.
- Bu özünü daha çox nədə göstərir?
- Yatmağımda (gülür). Ən sevdiyim iş yatmaqdır.
- "Laləli saray" serialındakı Gülnarə obrazı Aytən Əlizadəni tamamlayır?
- Deməzdim. Qohum-əqraba hərdən mənə deyir ki, sən olsaydın, neyləyərdin? Deyirəm ki, mən olsaydım, Kamalın üstündən birdəfəlik xətt çəkərdim. Kimdənsə qisas almaq, olanları xatırlamaq mənlik deyil.
- Bəs nə sizlikdir?
- Sevmək və sevilmək mənlikdir.
- Deyəsən, həyatınızın sevmək, sevilmək fəslidir?
- Mən hər zaman sevmişəm, sevirəm də, sevəcəyəm də. Təbii ki, dostlarımı, ailəmi, sevdiklərimi.
- Deyəsən, qapalı insansız. Şəxsi həyatınız haqda danışmaq istəmirsiz.
- Şəxsi həyatla bağlı heç bir sualı cavablandırmağı sevmirəm. Bir də yaşımla bağlı danışmağı. Zatən bu kimi sualları cavablandıranda da düzgün cavablandırmıram.
- Kompleksiniz var?
- Xeyr, əslində, kompleks deməzdim. Mənə elə gəlir ki, tamaşaçıya hər şeyi açıqlamaq lazım deyil.
- Əminəm ki, 18 yaşınız var. Bəs 18 yaşlı Aytən xoşbəxtdir?
- Utandırdınız məni (gülür). 18 yaşlı xanıma bənzəməsəm də, hər halda baxımlı xanımam. Amma "Laləli saray" serialına gələndən qocalmışam.
- "Laləli saray" serialında sizinlə birlikdə illərdir teatr sahəsində çalışan xalq artisti Şükufə Yusubova da rol alır. Aktrisalığınızı bəyənir?
- Mən ilk dəfə çəkilişə gələndə Şükufə xanımla səhnəm var idi. Mənə dedilər ki, sən səhər saat 10 tamamda burda olmalısan, amma 15 dəqiqə əvvəl gələrsən. Elə oldu ki, çəkiliş meydançasına bir az gecikdim. Siz təsəvvür edin ki, orda bir səhnəmiz var idi, ona deməli idim ki, "həddini bil". Bu sözü deyənə kimi o qədər həyəcanlandım ki...
- Çərçivələrə məhəl qoyursunuz?
- Bəli, çərçivələri gözləyən insanam. Çünki ailə var, qohum var, tanış var.
- Serialda səmimi səhnələr çoxalsaydı, çəkilməkdən imtina edərdiniz?
- Bilmirəm, bu haqda yaxşı olar ki, heç danışmayaq. Amma bir də görürsüz ki, Kamalla bir az səmimi səhnəmiz olur. Anam özü mənə irad tutur ki, ay qız, bu nədir, çıx serialdan! (gülür).
- Belə başa düşdüm ki, açıq-saçıq səhnələrə çəkilməzsiniz.
- Qətiyyən yox! Siz özünüz görürsünüz ki, o cür aktrisaları necə tənqid edirlər.
- Rejissorluq fakültəsini bitirsəniz də yanaşmanız əksdir. Bu, nə dərəcədə doğrudur?
- Əslində, bu fakültəni istəyərəkdən bitirməmişəm. O vaxtı aparıcı olduğumu bildirəndə mənə məsləhət gördülər ki, İncəsənət Universitetinə daxil olsam, daha yaxşı olar. Məhz bu səbəbdən mən rejissorluq fakültəsinə daxil oldum. Biri var sən kadr arxasında durub, aktyoru qarşında oynadırsan, biri də var ki, sən özün o rolu oynayırsan.
Əli Rəhimoğlu
Milli.Az