Mədəniyyət

Səhnə sənətinə yeni töhfə - Şən və cazibəli tamaşa

19 Aprel 2018 19:18
Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox qədim tarixi olan sehrli çıraq sahibi Ələddin barədə dünyada, o cümlədən Azərbaycanda da müxtəlif janrlı tamaşalar hazırlamışlar. Neçə-neçə bədii film çəkilib. Geniş kütləyə göstərilən tamaşalarda süjetlər müxtəlif olub, hadisələr müəyyən mənada fərqli xarakter daşıyıb və hər biri də uşaqlar, yeniyetmələr üçün xüsusi tərbiyəvi əhəmiyyət daşıyıb. Sevimli nağıl qəhrəmanı haqqında müzikl tamaşası isə Azərbaycanda ilk dəfə yaranıb. Həmin tamaşanın da motivlərinin əsasını Şərq nağılının süjeti təşkil edir.

"Ələddin" tamaşasında sevgi və nifrət, dostluq və xəyanət, səmimiyyət və riyakarlıq, cəsarət və qorxaqlıq kimi təzadlı duyğuların mübarizəsi poetik zərifliklə, dramatik hadisələr burulğanında təsvir olunub. Maraqla qarşılanmış tamaşanın redktoru Leyla Qədirzadə, quruluşçu rejissoru İnarə Babayeva, musiqi redaktoru Emin Həsənov, rəssamı Fərid Nəcəfli, xormeysteri Şəhla Ələkbərova, baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır. Yaraddıcı heyət zövqlə işləmiş, tamaşaya maraqlı musiqi obrazı tapmış, bütöv kompoziziyalı dramatik səhnə əsəri hasilə gətirə bilmişlər. Quruluşçu rejissorun dəqiq, ifadəli və səmərəli işini xüsusi qeyd etmək lazımdır. İnarə Babayeva tamaşaya cazibəli kompozisiya tapmış, hadisələrə dinamik canlılıq vermiş, aktyorlarla yaradıcılıqla işləmişdir. Onun tamaşa üçün müəyyənləşdirdi janr və ritm mövzu ilə həmahəng səslənir.

Azərbaycan televiziyası "Mədəniyyət" kanalı müzikl tamaşasının hazırlanmasına böyük dəstək verib. Arzu edirik ki, bir sıra maraqlı layihələrin reallaşmasında dəstək verən, iştirak edən və tamaşaçıların rəğbətini qazanmış kanal yeni-yeni xeyirxah işləri ilə öz pərəstişkarlarını daha da sevindirsin.

Tamaşanın maraqlı cəhətlərindən biri də odur ki, yaradıcı heyət nağıl süjeti, Cin kimi xəyali, əfsanəvi obraz əsasında  müasir dövrümüz üçün maraqlı olan səhnə əsəri hasilə gətirə bilmişlər. Forma və məzmun, fikir və ideya baxımından tamaşada güclü realizm çalarları var. Ən əsası isə odur ki, tamaşa pak sevgininin ülviyyətini, yenilməzliyi, gənclərin etibarını, mənəvi-əxlaqi dəyərlərini tərənnüm edir.

"Ələddin" tamaşasında rolları Zamiq Hüseynov (Ələddin), Sevda Yəhyayeva və Emiliya Yaqubova (Yasəmən), Hüseyn Abdullayev (Cin), Ələkbər Əliyev (Sultan), Hüseyn Əlili (Cəfər), Tofiq Hacıyev (Yaqo), Nicat Əli (Rəsul) ifa edirlər. Gənc aktyor və müğənnilərdən ibarət olan iştirakçıların ifa tərzi müzikl janrının estetik prinsiplərinə uyğundur. Ayrılıqda hər ifaçının zərif plastikası, səhnə sərbəstliyi və musiqinin hadisələrlə bağlı dəyişkən ritmini həssaslıqla tutması tamaşanın səmimi anasambl bütövlüyünü təmin edib. Aktyor kimi ilk çıxışı olan ifaçıların da oyunlarında səmimi cazibədarlıq var.

Tamaşada müxtəlif dramatik xəttlər mövcuddur. Onların hamısı əsas ideya, ana xətt ilə bağlıdır. Ələddin və Cin səhnələrində etnoqrafiq dəqiqlik nağılvari epikliklə təcəssüm tapıb. Məhəbbət xəttinin daşıyıcıları Ələddin və Yasəmən xətində həm dramatik, həm psixoloji, həm də poetik lirizm var və hər iki ifaçı bu dəyişməni inandırıcı reallıqla tamaşaçılara çatdırırlar. "Ələddin"in kəskin dramatik hadisələri əsasən yüz fitnə-fəsadla Yasəmənlə evlənmək istəyən riyakar baş vəzir Cəfərlə bağlıdır. Hüseyn Əlili obrazın daxili eybəcərliyini, riyakarlığını inandırıcı boyalarla göstərir. Onunla olan səhnələrdə Zamiq Hüseynov (Ələddin) da daha çox dramatik-psixoloji ifadə vasitələrindən istifadə edib. Yasəmənin ifaçıları həziz və kövrək lirizmə üstünlük veriblər. Onların duetləri tamaşanın gərgin psixologizminə xüsusi canlılıq verir. Ələddin və Yasəmənin münasibətlərini təcəssüm etdirən musiqi obrazı xarakterik səciyyəsi ilə diqqəti cəlb edir.

Müzikldə müuyyən dramatik faciə notları da var. Həmin xüsusiyyət Cəfərin sehrli lampanı ələ keçirməsi, özünü sultan elan etməsi və müxtəlif rəzilliklə Yasəmənə sahib olmaq istəməsi ilə bağlı hadisələrdə üzə çıxır. Rejissor və musiqi redaktoru, eləcə də ifaçı aktyorlar dramatik faciə notlarını müzikl janrının janr və poetika səciyyələri ilə təcəssüm etdiriblər.

"Ələddin" tmaşasında qəhrəman da yalnız bir bədii xüsusiyyətlə təsvir edilməyib. Tamaşa boyu müxtəlif dramatık, psixoloji, hətta komik vəziyyətlərə düşən Ələddinin xarakter dəyişməsi inandırıcıdır. Hadisələr finala doğru inkişaf etdikcə Ələddin yeniyetməlikdən gənclik dövrünə adlayan fərd kimi formalaşır, mənəvi-əxlaqi dəyərləri daha da güclənir.

Maraqla qarşılanan "Ələddin" müzikli fikir dərinliyi, didaktik mahiyyəti, musiqinin hadisələrlə bağlı dramatik-psixoloji dəyişməsi və obraz kimi bütövlüyü diqqəti cəlb edir. Xoş sonluqlu, ülvi duyğuların təntənəsi ilə bitən "Ələddin" tamaşasının səhnə tərtibatında, musiqi ritminda ecazkar ifadəlilik könül oxşayir. Arzu edərdik ki, uşaqların, yeniyetmə və gənclərin maraq göstərdikləri, onların dünya görüşlərinin, musiqi zövqlərinin, incəsənət maraqlarının formalaşmasında əhəmiyyətli rol oynayan "Ələddin" kimi müzikl tamaşaları tez-tez səhnə həyatı qazansın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.