Mədəniyyət

"Bu layihə gənc ifaçıların böyük rəgbətini qazanıb" - FOTO

15 Fevral 2018 17:05
Baxış: 626

Dünən "Gənclərə dəstək" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında 14 fevral "Sevgililər gününə" həsr olunmuş maraqlı konsert keçirilmişdir. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri, AMK tərkibində İncəsənət Gimnaziyasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etmişdirlər. İştirakçılar arasında Respublika və Beynəlxalq müsabiqələr laureatları da yer almışdır.

AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova "Gənclərə dəstək" layihəsi haqqında Milli.Az-a aşağıdakıları bildirmişdir:

"Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə "Gənclərə dəstək" layihəsinin növbəti konserti keçirildi. Yarandığı gündən etibarən bu layihə gənc ifaçıların böyük rəgbətini qazanmışdır. Hər bir gənc musiqiçi bu layihə çərçivəsində keçirilən konsertlərdə çıxış etmək arzusundadır. "Gənclərə dəstək" layihəsi gənc istedadları aşkara çıxarmaqla, onların peşəkar inkişafına təkan verməklə yanaşı böyük maarifləndirmə işi görür. Burada Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı rus, qərbi Avropa bəstəkarlarının, həmçinin gənc bəstəkarların əsərləri səslənir. Solistlərlə yanaşı ansambl nömrələri, kollektivlərin çıxışı tamaşaçıların böyük marağına səbəb olur.

Bugünkü konsertdə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri də çıxış etdi. Keçən il bu layihə çərçivəsində keçirilən konsertlərdə gimnaziyanın şagirdləri dəfələrlə çıxış etmiş və bu çıxışlar onlara böyük stimul vermişdir. Həqiqətən, tam əminliklə deyə bilərəm ki, "Gənclərə dəstək" layihəsi qoyduğu vəzifəni yüksək səviyyədə həyata keçirir. Bu səbəbdən layihənin yaradıcısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq Artisti, professor, tanınmış pianoçu Murad Adığözəlzadəyə gənclərə yaratdığı bu şərait üçün dərin minnətdarlığımı bildirirəm.

Eyni zamanda layihə konsertlərinin ərsəyə gəlməsində, onların hazırlanmasında musiqişünas, işinin peşəkarı, yaradıcı bir insan olan layihənin koordinatoru Ayla Kərimova-Zəkəriyyənin əməyini xüsusi qeyd etmək istəyirəm.

Bu gün konsertdə AMK tərkibində İncəsənət Gimnaziyasının qonaqları - Bursa Zəki Mürən adına Gözəl Sənətlər Liseyinin rəhbərliyi və şagirdləri iştirak etdilər. Konsertdən böyük zövq alan qonaqlar proqramın rəngarəngliyini, ifaçıların professionallığını, eyni zamanda gənclərə göstərilən dəstəyi xüsusi qeyd etdilər".

Eyvaz

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.