Mədəniyyət

Azərbaycanlı rejissor: "Fransada teatr məktəbim fəaliyyət göstərir"

13 Fevral 2018 19:15
0 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada yaşayan tanınmış azərbaycanlı səhnə rejissoru Emil Səlimov müsahibə verib.

Milli.Az report-a istinadən həmin müsahibəni təqdim edir:

- Uzun illərdir Fransada yaşayırsınız. Necə oldu ki, bu ölkəyə köçməyə qərar verdiniz? 
- 1989-cu ildən Fransada yaşayıram. Fransa füsunkar ölkədir, lakin mən onun nə gözəlliyinə, nə də sərvətinə aldanıb gəlməmişəm. Buraya köçməyim fransalı qadına olan sonsuz məhəbbətimlə bağlıdır. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının səhnə rejissoru fakültəsini bitirdikdən sonra ixtisasım üzrə çalışırdım və uğurlu səhnə karyerası qurmağa nail olmuşdum. Həmin dövrdə fransız dilindən dərs demək üçün müqavilə əsasında Moskvaya gəlmiş bir qadınla tanış oldum və onunla ailə qurdum. Müqaviləsi bitdikdən sonra də mənə olan məhəbbəti onu Moskvada qalmağa məcbur etdi və Rusiyanın informasiya agentliklərindən birində redaktor işlədi, daha sonra Fransanın Rusiyadakı səfirliyində fəaliyyət göstərdi. Ancaq sonunda Fransaya qayıtmağa qərar verdi və mən də onunla birlikdə bu ölkəyə gəldim. 

- Bəs uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Mən Bakıda doğulmuşam, uşaqlığım "Beşmərtəbə" deyilən ərazidə, Vidadi küçəsində, 73 nömrəli evdə keçib. Azərbaycanda keçirdiyim uşaqlıq illərimdən yalnız gözəl xatirələrim qalıb. Məhləmizdə müxtəlif millətlərdən olan qonşularımız var idi və bir-birimizlə gözəl yola gedirdik. 

Atamla anam ayrılanda 6 yaşım vardı. Atam məni özü ilə Ukraynaya apardı. Nəticədə yeni mühitə öyrəşmək mənim üçün çox çətin oldu. Həyatımın ən qəmgin notları Azərbaycanı tərk etməyimlə bağlıdır və bunlar yaddaşımda kök salıb. Atam Ukraynada yenidən ailə həyatı qurmuşdu.

Mən 1972-ci ildə 15 yaşımda olanda yenidən bir neçə illiyə Bakıya qayıtdım, hətta hərbi xidmətə də getdim. 1982-ci ildə Fransaya səfərimlə bağlı anamın icazəsini almaq üçün yenidən Bakıya döndüm. Həmin dövrdə Sovet İttifaqını tərk etmək üçün hər iki valideynin icazəsi tələb olunurdu.

- Fransa cəmiyyətinə uyğunlaşmaq çətin oldu?
- Fransaya gəldikdən sonra çox böyük peşə problemləri ilə üzləşdim. Burada əcnəbilər üçün iş tapmaq olduqca çətindir. Hətta teatr sənətinin sahibləri üçün öz ixtisası üzrə işləmək imkanları çox məhduddur. Ancaq bununla belə, Fransaya gəldiyim ilk illər sənətimə uyğun iş tapa bilmədiyimdən tamaşa yazmaq qərarına gəldim və gözləmədiyim halda Fransa Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldüm. Bu hadisə də peşə fəaliyyətimin uğurlu başlanğıcı oldu. Həmin vaxtdan Parisin məşhur Lusern Teatrında üç tamaşa və digər teatrlarda çoxlu sayda sənət əsəri səhnələşdirmişəm. Hər zaman da tamaşalarım böyük maraqla qarşılanıb və mənə yeni uğurlar gətirib.

- Gələcəklə bağlı nə kimi planlarınız var?
- Hazırda yeni tamaşa üzərində işləyirəm və iki fransalı ulduzu buna cəlb etmişəm. Adlarını hələlik məxfi saxlayıram. Tamaşa 2019-cu ilə hazır olacaq.

- Ümumiyyətlə, səhnələşdirdiyiniz əsərləri hansı meyarlar əsasında seçirsiniz?
- Əslində, yeganə meyarım sevgidir. Yəni əsəri sevməliyəm. Seçimimdə çox tələbkar olduğumu mənə dəfələrlə bildiriblər. Bu yaxınlarda bir tamaşanı səhnələşdirməkdən imtina etdim. Tamaşada söhbət Don Juandan gedirdi. Adətən, Don Juan qadınları sevir, lakin bu əsərdə monastrda həyatını dua etməklə keçirir. Mən də mövzunu bəyənmədim. Çünki dini mövzulara toxunmağı xoşlamıram.

- Sənətçi kimi fəaliyyətiniz yalnız tamaşa səhnələşdirməkdən ibarətdir?
- Mənim 400 nəfər müəllim və tələbə kollektivindən ibarət teatr məktəbim var - "Səlimovun metodu" (Méthode Salimov). Bu metod bədənin hərəkətlərindən ibarətdir. Aktyor səhnədə təkcə nitqi vasitəsilə danışmır, eyni zamanda bədəninin hərəkətləri ilə də söhbət edir. Mənim məktəbimdə təhsil üç ildir və bir ildə 13 tamaşa səhnələşdiririk.

- Bəs işinizdə ən çox nədən zövq alırsınız?
- Səhnələşdirdiyim tamaşaların bütün dekorasiyasını öz əllərimlə bəzəyirəm. Bundan da böyük zövq alıram.

- Öz ifadənizlə desək, sonsuz məhəbbət bəslədiyiniz və sizin Fransaya köçməyinizə səbəb olan qadınla məhəbbətiniz yenə də davam edirmi?
- Xeyr. Ondan sonra həyatımda bir neçə qadın olub və hər zaman seçdiyim qadınla xoşbəxt həyat sürmüşəm.

- Vətənini tərk etməyi arzulayan soydaşlarımıza nə məsləhət görərdiniz?
- Biz Vətəndən kənarda hər zaman əcnəbi olaraq qalacağıq. Mən Ukraynada yaşayanda da onlar üçün xarici idim, çünki azərbaycanlı idim. Hətta Rusiyada yaşayanda da xarici hesab edilirdim. Sovet İttifaqı dövründə Rusiyada azərbaycanlılar haqqında o qədər də yüksək fikirdə deyildilər. Hətta mən Ukraynadan Azərbaycana, Vətənimə qayıtdıqdan sonra məni rus hesab edirdilər. Çünki Azərbaycan dilini unutmuşdum. Mən 4 ölkədə yaşamışam, bu gün isə Vətənimdən uzaqdayam. Həyat yoluma nəzər salanda insanın doğulduğu ölkədə yaşamalı olduğunu düşünürəm, çünki Vətən yalnız oradır. İnsan yalnız öz Vətənində xoşbəxtdir.

- Ən böyük arzunuz nədir?
- Bakıda azərbaycanlı komediya ustaları ilə birlikdə teatr səhnələşdirmək ən böyük arzularımdandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.