Mədəniyyət

"Harada kino görürlərsə, elə bilirlər mən çəkmişəm"

19 Yanvar 2018 21:57
2 Şərh     Baxış: 2 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rüfət Şahbazov: "Nə vaxt uşaqlarımın xeyrinə nəsə edirəmsə, mənə "sən bu gün əsl kişisən" deyirlər" 

Milli.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Tanınmış film və serial rejissoru Rüfət Şahbazov "Mənim balam" rubrikamızın qonağı oldu. Rejissor bizimlə söhbətində övladlarından və onların təlim-tərbiyəsindən danışdı. Rüfət Şahbazovu rejissor kimi yaxşı tanısaq da, bu layihədə onu həm də ata kimi tanımış olduq. Rejissorun 2 oğlu var. Böyük oğlu Kamal 5, kiçik oğlu Mübariz isə 2 yaşındadır.

- Rüfət bəy, uşaqları tərbiyə edərkən hansı üsuldan yararlanırsınız?

- İki 2 oğlum var. Onların tərbiyəsində müxtəlif üsullardan istifadə edirik. Bura dədə-babadan gələn və öz üsullarımız aiddir. Elə vaxt olur ki, müasir metodlardan da istifadə edirik. Hərdən olur ki, özüm də uşaqlaşıram. Bir də onda ayılıram ki, saatlardır onlarla birlikdə oynayıram.
 
- Uşağı böyüdərkən nədənsə çəkinmələri üçün onları hədəyir və yaxud yüngül döyürsünüzmü?

- Əsla. Uşağı vurmağın qəti əleyhinəyəm. 7 yaşı çatana qədər uşağa "olmaz" demək düzgün deyil. Sadəcə, yaranan təhlükələrin qarşısını almaq üçün yüngül tədbirlər görmək lazımdır. Əgər uşağa "bunu etmək olmaz" desəniz, bu ona maraqlı gələcək və uşaq gedib onu edəcək. Uşağı bir dəfə vurdunsa, ikinci dəfə ona göz ağardanda, o səndən qorxmayacaq. Çünki o artıq səndən ona gələ biləcək ən şiddətli şeyin dadını bilmiş olacaq. Uşaqla o qədər mehriban və dost olmalısan ki, ona bir dəfə göz ağardanda, bu ona vurmaqdan da ağır gəlsin.

- Övladlarınız sizdən qorxurmu?

- Qorxmurlar. Hətta bazar günləri onları gəzməyə aparanda deyirlər ki, "sən bu gün əsl kişisən" (gülürük). Nə vaxt onların xeyrinə nəsə edirəmsə, mənə bu sözü deyirlər. Qalan vaxtlarda bilmirəm mənə necə baxırlar (gülür).

- Zəmanə uşaqlarıdırlar, zamanın nəbzini tutmağı bacarırlar.

-  Elədir. Axşam evə gələndə uzaqdan mənə tərəf sürətlə qaçırlar. O zaman elə düşünürəm ki, bütün günü mənim üçün darıxıblar və qucağıma qaçırlar. Türk kinolarındakı o təsirli səhnələr  kimi. Amma mənə çathaçatda əlimdəki paketi alıb qaçırlar,  özüm heç yada da düşmürəm. Balaca oğlum işi düşəndə qaçır qucağıma, istədiyini əldə edəndən sonra nə qədər çağırsam da yanıma gəlmir. 

- İşinizin çoxluğundan xəbərdarıq. Hətta bəzi gecələri montajda keçirdiyinizin də şahidi olmuşuq. Bu qədər işin içində uşaqlara zaman ayıra bilirsinizmi?

- Həftənin bazar günlərini uşaqlara həsr edirəm. Evə gec gedəndə belə, böyük oğlumun oyaq olduğunu görürəm. Oturub onunla söhbət edirik. Balaca oğlum hələ çox uşaqdır, tez yatır və səhər tezdən durur. Ona görə onu az görürəm. Səhər tezdən anası Mübarizi bağçaya aparır. İş qrafikimiz elədir ki, onunla söhbət etmək, oynamaq imkanım olmur. Mübarizi yalnız həftə sonları görə bilirəm. Gec görəndə daha şirin olur, onda gözdən düşmürəm (gülürük). Yeni il tətilində 3-4 gün evdə oldum, bütün günümü onlarla keçirdim. Tətil bitəndən sonra gördüm ki, uşaq artıq məndən doyub.

- Övladlarınız çəkdiyiniz seriallara, filmlərə baxırlarmı?

- Hansı filmə baxıramsa, Kamal yaxınlaşıb deyir ki, bu filmi sənmi çəkmisən? Kamal 18 nömrəli məktəbin məktəbəqədər hazırlıq kursunda oxuyur. Bir gün təsadüfən Xəzər televiziyasının proqramlarından biri üçün ora gedib uşaqlardan müsahibələr götürmüşdülər. Uşaqlar demişdi ki, biz "Ata ocağı" serialına baxırıq. Bu da televiziya işçilərinə təəccüblü gəlmişdi. Müəlliməsi məsələyə aydınlıq gətirmişdi ki, Kamalın atası o serialın rejissorudur deyə burda, valideynlər və bəzi uşaqlar o serialı izləyirlər. Kamal oxuduğu məktəbdə mənim çəkdiyim serialı təbliğ edir. O mənim təbliğatçımdır.

- Yəqin ki, atası rejissor olduğu üçün məktəbdə bir az qürrələnir də. 

- Açığını deyim ki, hələ o hisslərlə tanış deyillər. Çox balacadırlar. Ancaq  film çəkmək o qədər gözlərində adiləşib ki, artıq buna normal baxırlar. Hətta Kamal deyir ki, mən də istəyirəm böyüyəndə çəkiliş komandam olsun. Mübarizin isə dünya-aləm vecinə deyil. Onun öz dünyası var.
 
- Özünüz rejissorsunuz. Övladlarınızı tanınmış, məşhur etmək sizin üçün asan olar. Bəs nə üçün uşaqlarınızı filmə çəkmirsiniz?

- Əslində işlərim o qədər çox olur ki, buna ayırmağa zamanım qalmır. Ancaq sizə deyim ki, kiçik oğlum Mübariz bundan əvvəl rejissorluq etdiyim "Bir ailəm var" serialında Səma ilə Orxanın övladını canlandırırdı. Onda Mübariz 1 aylıq idi. Uşaqlar hərdən çəkiliş məkanına gəlirlər, yaxud da işlərim o qədər çox olur ki, evdə də bəzi hissələri işləyirəm. Ona görə də bütün prosesləri bilirlər. Mən Mübarizi bir aylığından çəkiliş məkanına apardım. O, 9 aylığına qədər çəkiliş məkanında oldu.

Uşaqlar hərdən mən efirə çıxanda televizorun qarşısında otururlar ki, atamızı görəcəyik. Harda kino görürlərsə, elə bilirlər mən çəkmişəm.

- Mübarizin gələcəyini indidən təsəvvür etmək olar. Əgər aktyorluq sənətini seçsə, deyəcək ki, "mən səhnədə böyümüşəm". 

- (Gülürük) Mübariz gələcəkdə aktyor olsa, deyə bilər ki, "mən bir aylığımdan bu sənətdəyəm". Hətta "mən bu sənətə Həmidə Ömərovanın qucağında gəlmişəm. Xalq artistləri ilə eyni serialda rol almışam" və sair sözlər də işlədə bilər. Çünki bunlar həqiqətdir.  
 
- Uşaqlarınızı gələcəkdə necə görmək istərdiniz?

- Orta məktəbi oxuyanda yəqin hiss edəcəyəm ki, onların meyli və istiqaməti haradır. Böyük oğlumun yaxşı rəssamlıq qabiliyyəti var, gözəl şəkillər çəkir. Mübariz hələ çox balacadır. Orta məktəbdə onlar öz istiqamətlərini təyin edəcəklər. Böyük siniflərdə hiss edəcəyəm ki, qabiliyyətləri hansı sahədə daha yaxşıdır. Bizim işimiz onlara doğru istiqaməti göstərməkdir. Seçimlərini özləri edəcəklər, mən onların seçimlərinə müdaxilə edə bilmərəm.

- Gələcəkdə rejissor, yaxud aktyor olmalarını istərdinizmi?

- Aktyorluq və rejissorluq şərəfli peşədir. Əgər bu sənəti seçsələr, heç də mane olmaram. Elə götürək məni, ailəmdə aktyor və rejissor yox idi. Mən özüm bu sənəti sevmişəm və bu istiqamətdə çalışmışam. Uşaqların gələcəkdə hansı peşənin dalınca qaçacaqları bəlli deyil. Ona görə də indidən nəsə danışmaq tezdir. Bəlkə onlar elə sənət seçəcək ki, indi o sənət bizim  ağlımızın ucundan belə keçmir. Bunu özləri təyin edəcəklər.

Mən şagird olanda valideynlərim deyirdilər ki, həkim, yaxud da iqtisadçı olmalısan. Mən İqtisad Universitetini bitirdim, ancaq rejissor oldum. Yəni deməyim odur ki, hansı peşəni seçirlər-seçsinlər, əsas odur ki, öz sənətlərini sevsinlər.

- Uşaqların tərbiyəsi ilə daha çox siz, yoxsa anaları məşğul olur?

- Uşaqların təlim-tərbiyəsi ilə anası məşğul olur, onların bütün qayğılarını anaları çəkir. Çünki uşaqların anaları onların dilini daha yaxşı bilir. Mübarizin müəlliməsi deyir ki, onu atası bağçaya gətirməsin. Mən onu bağçaya aparanda getmək istəmir, dalımca ağlayır. Bilir ki, mən ürəyiyumşağam, bir az ağlasa, onu özümlə aparacağam. Ancaq anası ilə gedəndə gülə-gülə gedib gəlir, heç ağlamır da.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.