Mədəniyyət

Azərbaycanlı aktrisa: "Rejissor məni tanımadı, bu onun üçün ayıbdır" - FOTO

15 Dekabr 2017 21:03
0 Şərh     Baxış: 3 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Almaz Mustafayevanın Milli.Az-a müsahibəsi.

- Almaz xanım, uzun illərdir ki, teatrda çalışırsınız. Bu gün də çox böyük həvəslə teatra gedib-gəlirsiniz. Bəlkə də elə bu həvəsdir sizi yaşadan.

- Mən teatrı çox sevirəm. Teatra gələndə heç vaxt maaşı, adı fikirləşməmişəm. Mənə həyatda stimul verən də teatrdır. Hal-hazırda məni yaşadan da elə məhz teatrın eşqidir. Mənə elə gəlir ki, teatr olmasa, mən də məhv olaram.

- Teatra yeni gələn gənclərə qarşı münasibət birmənalı olmur. Bəs siz necə, gənclərə qarşı qısqanc münasibət bəsləmisiniz?

- Bizim teatrımız digər teatrlardan çox fərqlənir. Gənc Tamaşaçılar Teatrına qədəm qoyan gənclərə biz hamımız qucağımızı açırıq. Çünki hər aşiqin bir dövranı var. Mən indi bu yaşımda Cülyetta oynaya bilmərəm axı. Aktrisa kimi oynaya bilərəm, amma görüntü olaraq onu tamaşaçıya verə bilmərəm. O dövr getdi, hansı ki, 50-60 yaşlı xanım aktrisa səhnəyə çıxıb Cülyetta oynayırdı. Hal-hazırda bizim teatrımızın Cülyettaları da, Romeoları da var.

- Yaşınızla barışmısınız?

- Heç bir qadın öz yaşı ilə barışmır. Üstəlik də bu xanım aktrisadırsa... Mənə elə gəlir ki, özünə hörmət edən aktrisa 60 yaşında gənc qız rollarına meylini salmaz. Bir neçə il əvvəl Loğman Kərimov "Qaraca qız" tamaşasını teatrda səhnələşdirdi. Mənə demişdi ki, Tutu rolunu sən oynayacaqsan. Sonradan elə oldu ki, bu rolu digər bir həmkarıma verdi. O aktrisa işdən çıxandan sonra mənə dedi ki, gəl sən oyna. Dedim ki, mənim 50 yaşım var, bu yaşında çıxıb Tutu rolunu oynaya bilmərəm. Mən klassik tamaşada "Qaraca qız" tamaşasında Tutu rolunu oynamışam. Həmin aktrisa mənə dedi ki, sən qorxub oynamadın! Xeyr, mən qorxmadım, sadəcə özümə hörmət edib o rolu oynamadım.

- Amma sizi həmişə uşaq rollarında görmüşük. Daxilinizdə də bir uşaqlıq var.

- Bəli, mən teatra uşaq və oğlan rolları ilə gəlmişəm. Hal-hazırda da yeni il üçün hazırlanan tamaşada mənə Miki-Mausun rəfiqəsi Mini rolunu veriblər. Bu da siçan roludur. Mənə dedilər ki, nəyinə lazımdır bu yaşında uşaq rolu? Əgər mən özümdə bu potensialı və cəsarəti görürəmsə, niyə də oynamayım? Bu gün çox böyük məmnuniyyətlə həm ana, həm də nənə rollarını oynayıram. Bu yaxınlarda məni bir seriala dəvət etmişdilər, təəssüflər olsun ki, orada məni rejissor tanımadı. Mənə dedi ki, mən sizin kimi aktrisanı tanımıram. Amma mən böyük məmnuniyyətlə və müvəffəqiyyətlə həmin rolu oynadım. Çünki aktrisa nəyi yaxşı, nəyi pis oynadığını özü hiss edir. Məni küçədə saxlayıb deyirdilər ki, siz bu obrazda çox dəyişilmişdiniz.

- Rejissor sizi tanımaya-tanımaya onun filmində çəkildiniz?

- Bəli, çıxıb gedə də bilərdim. Ona sübut etdim ki, mən aktrisayam və məni tanımamaq onun üçün ayıbdır. Deməli o heç vaxt teatra gəlməyib, heç bir aktyor-aktrisanı tanımır. Aktyora hörmət etmək lazımdır. Əgər aktrisa, aktyor olmasa film və seriallarımız da olmaz. Mənim oğlum da teatr rejissorudur. Həmişə ona tapşırıram ki, sən gərək hamıya hörmətlə yanaşasan. Mən ona deməsəm də o bunu edir. Çünki o kulis arxasında böyüyüb, bütün bunları o görüb.

- Adətən teatr aktrisaları müsahibələrində deyirlər ki, vaxtilə bizi çox rollara dəvət etsələr də qarşımıza maneələr çıxıb. Bəs Almaz xanımın necə, film həyatında qarşısına maneələr çıxıb?

- Xeyr, heç kim mənim qarşımı kəsməyib. Çox vaxt bu sözü aktrisalar özlərini reklam etmək üçün deyirlər. Əgər sən istedadlı insansansa, mütləq çəkiləcəksən. Bu artıq bir bəhanədir.

- Bildiyimə görə sizi "Sehrli xalat" filmində Zərifə obrazına dəvət ediblər. Bəs niyə həmin rolu yox, Səidə obrazını oynadınız?

- Bəli, Zərifə obrazına məni dəvət etmişdilər. Vallah bilmirəm ki, sonradan niyə məni çəkmədilər? Mən qarabəniz qız idim, o isə ağbəniz. Bəlkə də buna görə həmin qızı Zərifə roluna çəkmişdilər. Amma deyə bilmərəm ki, o məndən yaxşı oynamışdı.Baxıram ki, mən bu rolu daha yaxşı oynayardım. Mənə bu filmdə Səidə rolu qismət oldu. Bu filmdən sonra mənim üçün bütün qapılar taybatay açıldı. Filmin rejissoru Əlisattar Atakişiyev mənim əlimdən tutub dublyaja apardı. Mən o vaxtdan başlayaraq uşaq rollarının səsləndirilməsində yaxından iştirak etdim. Amma indi dublyajlara getmirəm. Çünki gedib-gəlmək məni yorur. Uşaq rollarını müasir dövrdə məndən yaxşı yazan aktrisa yoxdur. Çox təəssüf ki, indi elə aktyor aktrisalar dublyajla məşğul olurlar ki, səsləri adamın qulağını "kəsir".

- Çox gözəl vokal səsinizin olduğunu bilirəm. Hətta illər öncə Ramiz Mirişli məhz sizin səsinizə uyğun mahnılar bəstələyib. Niyə müğənni olmadınız?

- Mən fikirləşmirdim ki, müğənni olmalıyam. Hərçənd ki, müğənni olsaydım, çoxundan da yaxşı oxuyardım. Amma mən teatrı sevib- seçdim. Mənim üçün yazılan mahnıları sonradan böyük sənətkarımız Zeynəb Xanlarova da oxudu. Hər il 8 martda teatrımızın səhnəsində həmkarım İlham Əsədovla bu mahnıları yenidən oxuyuram.

- Bəlkə də müğənni olsaydınız, yaşayışınız daha yaxşı olardı...

- Bəlkə də... O gün verilişlərdən birinin prodüseri mənə zəng edib ki, Almaz xanım, öz maşınınızla gələcəksiniz? Dedim xeyr, ya metro ya da avtobusla. Yağış yağsa, taksi ilə gələcəyəm(gülür). Mən xalqın arasında olmağa öyrəşmişəm.

- İnsanların içində kompleks yaşamırsınız?

- Xeyr, niyə də kompleks yaşayım ki? Onlar da mənim bacı və qardaşlarımdır. Rəhmətlik Rəşid Behbudov Mahnı Teatrından çıxıb evə piyada gedəndə hamı ona böyük heyranlıqla baxırdı. O boyda sənətkar piyada gəzə bildi biz yox? Biz də bu xalqın bir nümayəndəsiyik də. İki mövsüm seriala çəkilib, məşhur olmaqla deyil ki. Onların da məşhurluqları seriallar bitənə kimidir.

- Seriallardan söz düşmüşkən, ekran işlərində müğənnilər və modellər aktrisalardan çox çəkilir.

- Çox təəssüflər olsun ki, hal-hazırda vəziyyət belədir. Yaxşı olar ki, hər kəs öz sənəti ilə məşğul olsun. Onlar teatrda çalışmayıblar, obrazı yaşaya bilmirlər. Bu təbii ki, biz aktrisalar tərəfindən xoş qarşılanmır.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.