Mədəniyyət

Yaşar Nurinin tələbəsi olan azərbaycanlı aktrisa illərin SİRRİ-ni açdı: "Dedi ki, bir "kletka" araq alıb gətirim, siz də için" - FOTO

14 Dekabr 2017 21:05
5 Şərh     Baxış: 23 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvan teatrının aktrisası Elnarə Heydərovanın Milli.Az-a müsahibəsi

- Elnarə xanım, uzun müddətdir ki, bu sənətdəsiniz. Bildiyimə görə, sizinlə eyni kursda həmin ildə bir çox məşhurlar oxuyub. Həmin illəri necə xatırlayırsınız?

- 1994-cü ildə mən incəsənət gimnazsiyasını bitirib, Mədəniyyət və İncəsənət universitetinə qəbul oldum. Bizim ilk müəllimimiz böyük sənətkar Əliağa Ağayevin oğlu Vaqif Ağayev olub. Bir müddətdən sonra Vaqif müəllimin səhhətində problem oldu, ona görə də bizim kursu gözəl aktrisamız, xalq artisti Şəfiqə Məmmədovaya verdilər. O dönəmlərdə bizə bir müddət Şəfiqə xanım dərs dedi. Elə oldu ki, ayağımız düşərli oldu, Şəfiqə xanım millət vəkili seçildi. Daha sonra isə biz Faiq Zöhrabov, Azər Mirzəyev, Yaşar Nuri və s. sənətkarlardan dərs aldıq. Bəli, bizimlə birlikdə Əkbər Əlizadə, Elşən Cəbrayılov, İzzət Bağırov, Vəfa Zeynalova, Kənan Mahmudov müğənnilər Sevda Ələkbərzadə, Samira Allahverdi kimi indi çox məşhur olan insanlar oxuyub.

- Sənət müəllimləriniz çox məşhur sənətkarlar olub. Hansı sənətkardan sənətin sirrlərini daha çox öyrənə bildiniz?

- Bircə onu deyə bilərəm ki, hər müəllim bizim həyatımızda özünəməxsus iz qoyub. İstedad Allah tərəfindən insana verilir. Yaşar Nuri həmişə dərsə başlamamışdan öncə deyirdi ki, "əgər mən bilsəm ki, mənim tələbələrimin istedadı bir şüşə araqdadır, bir kletka araq alıb gətirərdim ki, için, istedadlı olun. Amma mən bilirəm ki, istedad Allah tərəfindən verilir". Müəllimlər, sadəcə olaraq, bu istedadı yönəldib, onu rəndələyirlər. Onların hər biri bizə sənətin sirrlərini ayrı-ayrılıqda öyrətdilər.

Biz 1-ci kursda oxuyanda artıq professional səhnəyə çıxırdıq, 4-cü kursun uşaqları ilə eyni səhnəni bölüşürdük. O qədər sevincli, həyəcanlı idik ki.

- Demək olar ki, sizi yalnız teatrda görmüşük. Film həyatınız bir o qədər də uğurlu alınmayıb desək, daha doğru olar..

- Bəli, demək olar ki, mən özümü sırf tetara həsr etmişəm. Filmlərdən təklif alsaydım, özümə uyğun rollara çəkilərdim. Mən "Ağ-qara payız" bədii sənədli televiziya filminə çəkilmişdim. Ondan sonra düzünü desəm, başqa filmlərdən təklif almadım. Son illərdə isə "Gecə qonağı 2" filmində çəkilmişəm. Bu rola məni dəvət etdiyi üçün Kənan Mahmudova təşəkkürümü bildirirəm. Film həyatımı teatr həyatımla müqayisə edə bilmərəm. Filmdə bir səhnəni bir neçə dubla çəkirlər, amma teatrda hisslər canlıdır. Tamaşanı bir nəfəsə oynayırsan, ikinci dəfə sənə şans verilmir.

- Bütün bunlara rəğmən bir aktrisa kimi sənət həyatınızdan razısınız?

- Əlbəttə ki, razıyam, çox şükürlər olsun. Universitetin 3-cü kursunda oxuyanda Musiqili Teatrda işə düzəldim. Universiteti bitirəndən sonra da təyinatımı elə bu teatra verdilər. Mən böyük sənətkarımız Hacıbaba Bağırovla birlikdə uzun illər səhnəni bölüşmüşəm. Bununla paralel olaraq həm də Kukla Teatrında işləyirdim. Daha sonra isə mən İrəvan teatrına gəldim və bu günə qədər də o teatrda çalışıram. Mənim üçün bu teatrda çalışmaq çox qürurvericidir. Bilirsiniz ki, bu teatr Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın teatrdır.

- Teleaparıcı Rövşanə Bektaşi bir müddət əvvəl qaçqın teatrlarını kəskin tənqid etmişdi. Sizin çalışdığınız İrəvan teatrı da qaçqın teatrıdır. Bu sözlər bir aktrisa kimi sizə necə təsir etdi?

- Televiziyada hər hansı verilişi çox asan şəkildə bağlayıb, onun yerinə asanlıqla başqa bir veriliş açmaq olar. Rövşanə xanım elə düşünüb ki, teatr da belədir. Savadı olan hər bir insan bilməlidir ki, qaçqın teatrı nə deməkdir? Bu, bir millətin tarixidir. Hər hansı bir qaçqın teatrını bağlamaq millətin tarixini silmək deməkdir. Savadı olan bir insan bunu deyə bilməzdi. Əgər deyibsə də, çox təəssüf edirəm ki, bu cür gözəl xanım efirdə belə bir ifadə işlədib. Rövşanə xanıma demək istəyirəm ki, bu teatrlarda aktyorlar çox acınacaqlı şəraitdə çalışırlar. Başqa teatrlarda olan komfort, rahatlıq bu teatrda yoxdur.

- Onu da deyim ki, İrəvan Teatrının adı son zamanlar daha çox qalmaqallarda hallanır. Mətbuatda son günlər həmkarlarınızın teatr rəhbərliyindən narazılıqları baş alıb gedir. Siz də narazı aktrisalardansınız?

- Siz həmkar deyirsiz, hamının adından danışırsınız, amma teatrdan narazı olan iki aktyor var. Onlardan da biri çox gəncdir. Düşünürəm ki, onun teatrda narazılıq etməyə haqqı yoxdur. Çünki illərlə bu teatrda çalışan, soyuqda donan, imkansız şəraitdə məşqlər edən, günbəgün qastrollarda olan aktyorlar var ki, onlar narazılıq etmirlər. Mən Musiqili Teatrda çalışanda bizə tez bir zamanda baş rolları vermirdilər. Biz nə vaxt rol alacağımızı oturub gözləyirdik. Haqqı olmayan insanlar danışanda şəxsən mənə çox toxunur. Onlar müsahibələrində teatrın dərnək səviyyəsində olduğunu bildiriblər. Əgər bir kollektivi dərnək səviyyəsində görürsənsə, niyə orada çalışırsan? Get daha böyük teatrlarda çalış. Bəzən ailədə də bir nankor övlad olur ki, o ailənin yediyini-içdiyini zəhərə döndərir. Bu cür hallar hər yerdə baş verir. Mən çox təəssüf edirəm ki, bu aktyorların özləri hələ də bilmirlər ki, nə istəyirlər. O narazılıq edən aktyor pis vaxtlarda teatrı atıb gedib başqa şəhərlərdə bizneslə, alverlə məşğul olub qayıdandan sonra İrəvan teatrı qapılarını taybatay onun üzünə açmışdı. O insan hansı haqdan danışır? Teatrı sevən insan teatrda olur, istədiyi vaxt arxasını çevirib Rusiyaya alverə getmir. O bəyənmədiyi kollektiv həmkarım dediyiniz o aktyor xəstə yatanda onun üçün pul toplayıb, dəfələrlə yanına gedib dəstək olublar. Kimsə kimdənsə narazı ola bilər. Düşmənçilik də edəndə kişi kimi etmək lazımdır.

- Həyat yoldaşınız İftixar Piriyevin teatrı "ailə teatrı" etməsi, sizin tamaşalarda oynamaya-oynamaya maaş almağınız da adınızla bağlı yayılan ittihamlar sırasındadır.

- Mən teatrda 50-yə yaxın irili-xırdalı bir çox tamaşalarda oynamışam. Heç kimə də icazə vermərəm ki, haqqı qoyub nahaqqı danışsın. Təbii ki, mən istəməzdim ki, bu cür şeylər yaşansın. Mən bu teatrla o vaxtlar qastrollara getmişəm ki, heç otellər indiki kimi baxımlı, şəraitli deyildi. Gənc olmağıma baxmayaraq yetərincə teatrda yüküm var. Şikayət edənlərin də oynadığı rollara baxaq, mənim də rollarıma. Yadımdadır, Ağarəhim Rəhimovun "Əsgər anası" tamaşası ilə Qazaxa qastrol səfərinə getmişdik. O zaman mənim 30 yaşım var idi, amma buna baxmayaraq ahıl ana rolunu canlandırırdım. Bu ananın 2 oğlu şəhid olmuşdu. Mən o ananı səhnədə canılandıranda tamaşaçılar oturub hönkür-hönkür ağlayırdılar. Tamaşadan sonra mən cins şalvar geyinib, əynimi dəyişdim. Gördüm ki, qrim otağının qapısını döyürlər, soruşanda ana ilə görüşmək istədiklərini bildirdilər. Qapıdan mən çıxanda dedilər ki, sizinlə yox, ana rolunu oynayan aktrisa ilə görüşmək istəyirik. "Ananı mən oynayırdım" sözlərini deyən kimi inanın mənə böyük heyrətlə baxdılar. Bu gün hansısa bir həmkarım deyirsə mən tetarda oynamaya-oynamaya maaş alıram, bu, həqiqətən çox gülməlidir. Məndən şikayət edən həmin aktyor mənimlə səhnəyə çıxanda dili dodağı əsirdi. O, bunu çox gözəl bilir.

- Deməli, bu ittihamların heç birini qəbul etmirsiz?

- Xeyr, bu ittihamları qəbul etmirəm. O insan ki mənə qarşı ittiham irəli sürüb, o, bundan sonra da işləsə, mənim teatrda işlədiyim qədər xidməti olmayacaq.

- Deyirsiz ki, daha çox baş rollarda oynamışam. Bəlkə elə budur həmkarlarınızı qıcıqlandıran?

- Yenə də deyirəm mənim 50-yə yaxın oynadığım tamaşalarda həm böyük, həm də kiçik rollarım olub. Məndən başqa aktrisalar da əsas rollar oynayıb. Düşünürəm ki, insanın şəxsi fikri olmalıdır, o insanlar öz fikirləri ilə hərəkət etmirlər. Mənim heç kimlə işim yoxdur, sadəcə teatrda sakitcə rollarımı oynayıram. Mənim istedadım olmasaydı, qabiliyyət imtahanından keçib, aktrisa olmazdım. Həmin etiraz edən aktyor məşqdən icazəsiz getdiyinə görə rejissor tərəfindən töhmət alıb. Rejissorun töhmətinə görə rəhbərliyə qarşı bu cür münasibət göstərmək düzgün deyil. Sənə rejissor "paklona" qalmadığına görə töhmət verib. Əgər tamaşanın məşqi bitməyibsə, aktyorun oradan rejissorun icazəsi olmadan getməsi düzgün deyil. O iddia edir ki, "paklon"dan getmişəm, "paklon" axı hələ olmayıb. Sən məşqdən getmisən. Mən özüm də dəfələrlə bu teatrda töhmət almışam. Truppa müdirindən icazə alıb getmişdim, amma onun yadından çıxmışdı. Teatrın rəhbəri məni soruşmuşdu ki, hanı aktrisa? O, mənə icazə verə-verə demişdi ki, xəbərim yoxdur. Onda da İftixar müəllim demişdi ki, gedin Elnarəyə töhmət verin. Halbuki, mən truppa müdirindən icazə almışdım.

- Teatrınız haqqında uzun illərdir bu teatrda çalışan və qalmaqal əsasında teatrı tərk edən Əjdər Zeynalov və adını bilmədiyim bir gənc aktyor narazılıq etmişdi. Amma Əjdər Zeynalov açıqlamasında sizin haqqınızda qətiyyən mənfi fikirlər səsləndirməmişdi. Onun davası, görünür, rəhbərliklədir.. Sohbət konkret olaraq hansı aktyorlardan gedir?

- Heç bir jurnalist teatrda nə baş verdiyini bilmir. Yəqin ki, teatrın içindən məlumatları verən aktyorlar var. Mən heç bir aktyor haqqında mənfi söz demək istəmirəm. Hər kəs dediyi sözə görə cavab verir. Ona qalsa, bu teatrda ən çox danlanan aktrisa mən olmuşam. Çünki bir zamanlar truppa müdiri işləyirdim, hamının sözü mənə deyilirdi, mən danlanırdım. Kiməsə 1 gün icazə verirdim, 2 gün gəlmirdi. Bu işdir də, iş əsnasında hər şey olur. Əgər məndən danışıblarsa, deməli, yaşamağa dəyər. Vay o insanın halına ki, ondan danışmırlar, deməli, o yaşayaraq ölüb. O ki qaldı Əjdər Zeynalova... Əjdər Zeynalov haqqında bir tək onu deyə bilərəm ki, zamanında truppa müdirliyindən bir müddətlik getmişdim. Bütün aktyorlar yığılıb imza toplayırdılar ki, rəhbərlik məni yenidən teatra truppa müdiri kimi qaytarsın. O dövrdə mən Əjdərə zəng etdim ki, hamı imza atıb, sən də imza at. Mənə dedi ki, baş üstə gəlib imza çəkərəm, özü imza atmamağı bir yana qalsın, götürüb teatrın bir aktrisasına zəng etmişdi ki, mən getmirəm, heç sənə də məsləhət görmürəm. Bu hadisə bir neçə il öncə olmuşdu. Ondan sonra biz bütün olub-keçəni unudub, həmişə yaxşı münasibətdə olmuşuq.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.