Mədəniyyət

Azərbaycanlı aktrisa KÖVRƏLDİ: "Həyat yoldaşımın ölməyini, oğlumun intiharını əvvəlcədən bilmirdim" - FOTO

21 Noyabr 2017 21:05
4 Şərh     Baxış: 6 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Məsumə Babayevanın Milli.Az-a müsahibəsi.

- Məsumə xanım, sizinlə serial fasiləsində müsahibə edirik. Üzünüzdən necə deyərlər, yorğunluq yağır. Yəqin ki, bu yaradıcı yorğunluqdan da bir zövq alırsız.

- Gördüyünüz kimi hal-hazırda "Laləli saray" serialında çəkilirəm. Yorğunluğun olması normaldır. Çünki həm gecə, həm də gündüz çəkilişlərində oluruq. Bundan əlavə obrazım da ağır yüklüdür. Xəstəliyimlə əlaqədar olaraq mənə əsəbləşmək olmaz. Amma onadığım rolda bu var, istəsəm də, istəməsəm də bu stressi yaşayıram. Nəticədə bunun ağrısını çəkirəm.

- Elə sənətçilər var ki, bu səhnələri yaşamır, sadəcə oynayır. Rola görə bu qədər əsəb, stress keçirməyə dəyər?

- Əlbəttə ki, bu hisslər təbii olmalıdır. Yalandan oynayanda tamaşaçı o dəqiqə hiss edir. Mən obrazı beynimdən, ürəyimdən keçirməsəm oynaya bilmərəm. Biri var yaşamaq, biri var çəkilmək xatirinə yola vermək. Yola verməkdənsə, heç vaxt oynamaram.

- Gənc aktyorların oyun tərzi ilə sizin kimi sənətkarların oyun tərzi arasında yerlə-göy qədər böyük fərq var. Bütün bunları kənardan hiss edə bilirsiniz?

- Vallah, mən istəmirəm ki, kimisə tənqid edim. Bütün bunlar hamısı təcrübəsizlikdəndir. Biz hamımız Stansislavski teatr məktəbini keçmişik. O vaxtı tək bir televiziya var idi, ora da düşmək hər sənətçinin işi deyildi. İndi həm telekanallar çoxdur, həm də aktyorlar. Bu problem təkcə aktyorlara yox, rejissorlara da aiddir. Çünki aktyorla işləyənlər də rejisorlardır. Bütün bu işlər bir-biri ilə vəhdət təşkil edir. Baxmayın ki, 45 ilin aktrisasıyam, elə vaxt olur ki, mən də nəyisə düz demirəm. Bu zaman da mənim səhvimi rejissor tutur. Bunu çox normal qəbul edirəm. Belə də olmalıdır, çünki rejissor kənardan hər şeyi daha yaxşı görür.

- İncimirsiniz rejissordan?

- Xeyr, incimirəm. Əgər mən rejissorun iradını qəbul edə bilmirəmsə, onda mən nə aktrisayam ki? Mən onun iradını qəbul etməliyəm. Çəkiliş prossesində fikir mübadiləsi mütləq şəkildə olmalıdır. Fikrimiz üst-üstə düşməyəndə isə rejissora deyirəm ki, doğru dediyini sübut et.

- Məsumə xanım, siz Gənc Tamaşaçılar Teatrında uşaq və oğlan rolları ilə tanınmısınız. Amma bildiyimə görə bir müddət Akademik Milli Dram Teatrında da çalışmısınız. Bu teatrı nəyə görə tərk etdiniz?

- Akademik Milli Dram Teatrında böyük aktyorlarla çiyin-çiyinə işləmişəm. Sonradan mənim təyinatım Gənc Tamaşaçılar Teatrına verildi. Boyum çox balaca olduğundan teatrda uşaq rolları oynadım. Fikirləşirdim ki, bu tip rollar 5-10 ildə bir dəfə olacaqdı, ya da yox. Daha sonra oğlan və qız rolları oynamağa başladım. Son illər isə ana, nənə, qaynana obrazları yaradıram. Sözsüz ki, bu cür rollara gəlib çıxmaq üçün insanın fiziologiyasında da bir sıra dəyişikliklər olur.

- O vaxta kimi teatrda uşaq rolları oynayan aktrisa var idi?

- Bəli, var idi. Hər bir aktyor, aktrisa cavanlıq illərində teatrda uşaq rolları oynayıb. Mən hətta "Aycan" tamaşasındakı oğlan roluna görə Moskvada mükafata layiq görülmüşdüm. Sonradan Gənc Tamaşaçılar Teatrının bağlanması bizə biraz çətinlik törətdi. 10 il demək olar ki, teatr fəaliyyətsiz qaldı, çünki təmir olunmalı idi. Biz artıq tamaçaşılarımızı itirməyə başlamışdıq.

- Teatr fəaliyyətiz qalanda nə işlə məşğul oldunuz?

- Biz müvəqqəti Teatr Xadimləri İttifaqının binasında məskunlaşmışdıq. Burada tamaşalar hazırlayıb, yeri gələndə qastrol səfərlərinə gedirdik. Teatrda yeni gələndə "Əlvida Hindistan" tamaşasında kiçik Ramo rolunu digər bir aktrisanın yerinə oynamağa məcbur oldum. Çünki həmin aktrisa xaricdə idi. Mənim qarşımda seçim qoymuşdular ki, bu rolu yaxşı oynasan, teatrda qalacaqsan, oynaya bilməsən, gedəcəksən. Məşqlərə başlayan kimi kənardan müdaxilələr oldu. Onlar əvvəlcədən planlaşdırmışdılar ki, məni yola salsınlar. Xalq artisti Solmaz Qurbanova deyirdi ki, gündə bir uşaq gələcək, biz onunla məşq edəcəyik? Səhəri gün bədii şura mənim oyun tərzimi bəyəndiyini söylədi. Tamaşadan sonra otağıma bir bilsəniz ki, nə qədər güllər, məktublar gəlmişdi.

- Bu cür maneələr teatrda sizə çox olub?

- Xüsusilə, bu tamaşadan sonra düşmənlərim artdı. Onlar gizlin şəkildə üzümə gülüb, arxamca danışırdılar. Elə vaxt olub ki, səhnəyə çıxmağa gəlmişəm, görmüşəm ki, dublyorum məndən əvvəl artıq tamaşadadır. Məni itələyib yerimə səhnəyə çıxanlar da olub.

- Adətən deyirlər ki, sənətçidən dost, rəfiqə olmaz. Bəs Məsumə xanımın dostları kimlərdir?

- Həyatda insanın dostu çox olmur. Mənim 3-4 rəfiqəm var, onlarla da uşaqlıqdan bir yerdəyik. Teatrda isə sadəcə həmkarlarım, yoldaşlarım var. Hər insandan dost olmur, dost tamam başqa bir varlıqdır.

- Məsumə xanım, şəxsi həyatınızda bir çox faciələrlə üz-üzə qalmısınız. Ümumiyyətlə bu depressiyadan çıxış yolunu nədə tapdınız?

- 44 yaşıma kimi mən həyatımı görürdüm. 44 yaşımdan sonra bilmədim ki, həyatım necə olacaq. Oğlumun özünü asmasını, yoldaşımın ölməyini əvvəlcədən bilmədim. Bəli, çox çətin günlər keçirdim. Qızım qəzaya düşdü, nəvəmi itirdim. Elə anda dostların, yoldaşların bir kəlmə sözləri mənə mənəvi qida idi. Düzdür, elə insanlar oldu ki, mənim yıxılmağımı istədilər. O çətin günlərdən mən təkbaşına özüm çıxmışam. Allah nə qədər ömur veribsə o qədər yaşamalıyıq. Deməli hələ həyat missiyam bitməyib. Elə gün olub ki, özümü öldürmək də istəmişəm, amma kimsə gəlib bir anda qarşımda dayanıb.

- Dərdli insan olsanız da bunu heç vaxt hiss etdirməmisiniz. Həmişə çöhrənizdə gülüş olub.

- Mənim dərdimdən tamaşaçı niyə xəbərdar olmalıdır ki? Mən yalnız həyatda dərdli ola bilərəm, səhnəyə çıxanda dərdimi unuduram. O səhnə elə bir şeydir ki, istər-istəməz səni ovsunlayır.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.