Mədəniyyət

Belarus, Ukrayna, Rusiya və Azərbaycanlı opera ulduzları "Karmen" operasının tamaşasında çıxış edəcəklər

15 Noyabr 2017 19:24
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 2-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının növbəti  tamaşası keçiriləcəkdir.  Bu dəfə azərbaycanlı operasevərlər Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifasında dinləyə və seyr edə biləcəklər. O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun  Əməkdar artisti, Dövlət mükafatı laureatı, bir sıra beynəlxalq müsabiqələrinin qalibidir. 2013-cü ildən bəri o dünya şöhrətli "Metropoliten-opera"da mövsümün açılışına dəvət olunur və çıxış edir. Oksana həm də Rusiya Akademik Böyük Teatrının dəvətli solistidir. Milanın "La skala", Palermonun "Massimo", Neapolun "San Karlo", Buenos-Ayresin "Kolon" teatrlarında, həmçinin Nitsa, Münhen, Riga opera teatrlarının səhnəsinə, Çin və Yaponiyada çıxış edir.

Xarici KİV-lər O.Volkovanın ifasını yüksək qiymətləndirir, onu "parlaq aktrisa, opera nəhəngi və ulduz" adlandırırlar. Opera tənqidçiləri onun fenomenal vokal göstəriciləri, çox gözəl səs tembrinə, effektli xarici görünüşə malik olduğunu qeyd edirlər.

O.Volkova ilə yanaşı tamaşada həmçinin  Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko (Xoze), habelə  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela),  Cahangir Qurbanov (Eskamilio), Gülnaz İsmayılova (Fraskita), Əliəhməd İbrahimov (Romendado),  solistlərdən Nina Makarova  (Mersedes),  Tural Ağasıyev (Dankayro)  çıxış edəcəklər

Tamaşanı Əməkdar artist,  beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.