Mədəniyyət

Azərbaycanlı aktyor aktrisa xanımından ayrılıb ölkəni tərk etdi - FOTO

16 Oktyabr 2017 21:21
3 Şərh     Baxış: 6 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Eşqin Quliyevin Milli.Az-a müsahibəsi

- Eşqin, Gənc Tamaşaçılar Teatrını həmişəlik tərk edib Sankt-Peterburqa köçmüsünüz. Hətta orada teatrda da çalışırsınız. Azərbaycanı tərk etməyinizə səbəb nə idi?

- Rusiyada teatr sahəsi çox inkişaf edib. Hətta deyərdim ki, dünyada ən böyük teatr məktəbi bu ölkədədir. Həmişə istəmişəm ki, Rusiya teatrlarından birində çalışım. Şükür Allaha ki, buna da nail oldum. Hal-hazırda Rusiyanın Kovçeq teatrında fəaliyyətimi davam etdirirəm. Rusiyaya köçməyimin digər bir səbəbi isə maddi imkanlarımla bağlı idi. Mən Sumqayıtda yaşayırdım və qazandığım məvacib yol puluna gedirdi. Buna baxmayaraq sənət eşqiylə alışıb-yanırdım. Bütün bu səbəblər mənim Azərbaycanı tərk edib, Rusiyaya köçməyimlə nəticələndi.

- Teatrı tərk etməyinizi rəhbərlik necə qarşıladı?

- Rəhbərlik teatrdan çıxmağımı normal qarşıladı. Mən kiməm ki? Adi aktyoram da. Teatra çox aktyorlar gələcək. Mən sizin vasitənizlə ustadım, Xalq artisti Cənnət Səlimovaya təşəkkür edirəm ki, məni bu zirvəyə gətirib çatdırıb. Mənə dəstək olduqlarına görə Nofəl və Leyli Vəliyevlərə, İlkin Mehdiyevə çox sağ ol deyirəm. Rusiyada olsam da Azərbaycanı təmsil edirəm.

- Deməli hər şeyə sıfırdan başlayırsınız.

- Bəli. Həyatımda ilk dəfədir ki, sıfırdan başlayıram. Çətin olsa da.

- Kollektivə tez uyğunlaşdınız?

- Bəli, mən kollektivə tez bir zamanda uyğunlaşdım. Bu yaxınlarda Rusiyanın Pskov şəhərinə dəvət olunmuşdum və 2 həftə ərzində S.Dovlatov adına festivalda iştirak edib, laureat qazandım. Quruluşcu rejissor Talqat Batalov idi. 2 həftə ərzində məni elə sevdilər ki, ayrılmaq istəmirdilər.

- Gənc Tamaşaçılar Teatrından aldığınız məvaciblə Kovçeq teatrındakı əmək haqqınız arasında çox fərq var?

- Mən Azərbaycanda təhsil almışam, Gənc Tamaşaçılar Teatrında böyümüşəm. Nə qədər xırda-böyük məvacib olsa da oranın çörəyini yemişəm. Sadəcə onu deyə bilərəm ki, Azərbaycanda bir aya qazandığım maaşı burada bir çıxışım ilə qazanıram.

- Teatrda yerinizi kiminsə tutacağından qorxmursunuz?

- Gənc Tamaşaçılar Teatrı həmişə yaxşı aktyorlar yetişdirib, yetişdirəcək də. Heç kim əvəzolunmaz deyil.

- Bildiyimə görə həyat yoldaşınız, əməkdar artist Gülər Nəbiyeva ilə eyni teatrda çalışırdınız. O da sizlə birlikdə Sankt Peterburqa gəldi?

- Xeyr, Gülər xanım Gənc Tamaşaçılar Teatrında çalışır. Biz bir neçə ay olar ki, ayrılmışıq. Mən Güləri həmişə çox istəmişəm, indi də istəyirəm. Gülər mənim üçün Azərbaycan qadını simvoludur. Sənətinə də böyük hörmətim var. Həyatdır, hər şey olur, bizdə də belə oldu. Ayrılmağımıza səbəb isə özəl məsələlər idi.

- Gülər xanımla teatrda tanış olmuşdunuz?

- Bəli, biz onunla Bakı Kamera Teatrında çalışmışıq. Elə orda da tanış olub, ailə həyatı qurmuşduq. Bir-birimizin xasiyyətini bilirdik. Çox mehriban münasibətimiz olub.

- Bildiyim qədərilə aranızda yaş fərqi də var. Ailə həyatı quranda bu sizi qorxutmurdu?

- O inanmırdı ki, belə bir addım ataram. Mənim üçün yaş fərqinin heç bir önəmi yox idi. Həqiqətən də onu sevirdim, sevib ailə həyatı qurmuşdum.

- Neçə illik ailəyə son qoydunuz?

- 7 il ailəli olduq.

- Gülər xanım ailə həyatı qursa, necə qarşılayarsınız?

- Elə hisslər var ki, onları deyə bilmirəm. Bu suala cavab verməyəcəyəm.

- Bəs siz necə, yenidən ailə həyatı qurmaq istərdinizmi?

- O haqda hələ ki, fikirləşmirəm. Bu, Allahın işidir.

- Fikirləşirdinizmi nə vaxtsa ailə həyatınız dağılar?

- Ailə dağılmaq üçün qurulmur ki... Sadəcə bizim taleyimiz belə gətirdi. Allah hamının köməyi olsun.

- Çox səhvlər etmisiniz?

- Həyatda səhvsiz insan yoxdur. Hamı kimi mənim də səhvlərim olub, var da. Heç kim deyə bilməz ki, mənim səhvim yoxdur. Amma səhvlər haqqında düşünmürəm, keçən keçib, düzlər haqqında düşünürəm.

- Həyatınızı hansı qəhrəmanınızın həyatına bənzədirsiniz?

- Bu bir az çətin sual oldu. Dəqiq deyə bilmərəm. Hamısından bir az var, amma ümumilikdə Eşqinəm.

- Ailə həyatınızdan keçmişdə danışmaq necə bir hissdir?

- Keçmişdən danışanda insan kədərlənə, kövrələ bilər, hətta yaxşı hisslər də keçirə bilər. Mən həmişə ailə həyatım haqqında danışanda yaxşı hisslər keçirirəm. Bu həyatdır, hamının başına gələ bilər. Heç kim deyə bilməz ki, mənim başıma gəlməyəcək.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.