Mədəniyyət

Qəfil ölüm, yarıda qalan həyat və yenicə doğulmuş övladını doyunca görmədən rəhmətə gedən aktyor - FOTO

25 Sentyabr 2017 21:05
16 Şərh     Baxış: 24 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bu dəfə tanınmış aktyor, Gənc Tamaşaçılar Teatrının aktyoru Ramiz Sərkərovu xatırlayacaq. Bəlkə də oxucularımızın bir qismi onun ölümü haqqında xəbərsizdirlər. Amma düz 10 ildir ki, aktyor ürək xəstəliyinə tab gətirməyərək qəflətən rəhmətə gedib. Özü də yenicə dünyaya gəlmiş övladını doyunca görmədən, onun qoxusunu almadan... Aktyor bu dünyadan köçsə də, onu sevən sənət dostları hələ də ölümünə inanmaq istəmirlər. Aktyorun ölümünün 10-cu il dönümündə sənət dostları onu xatırlayaraq, Milli.Az-la Ramiz Sərkərovla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Yasin Qarayev aktyoru teatra gəldiyi ilk gündən tanıdığını bildirib:

"Ramizin atası Beqay Sərkərovla mən dost olmuşam. O, əslən Qax rayonundan idi. Uzun müddət hərbi voenkom işləmişdi və 8 il Kəlbəcərdə hərbi komissar olub. Həm də İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişdi. Kamal Əzizovun rəhbərliyi dövründə teatrda inzibatçı işlədi. Ramiz 80-ci illərdə teatrda səhnə maşinist işləyirdi. Atası Ramizin aktyor olmağını çox arzulayırdı. Lakin atasının teatr direktoru ilə dost olmağına baxmayaraq, Kamal Ramizi aktyor ştatına götürmədi. Ramizin istedadını hamı görür və hiss edirdi. Biz onunla çox qastrol səfərlərində olmuşuq. Harada Ramiz olsa, orada bir xoş ovqat olardı. Teatrda hamı onu sevər və əzizləyərdi. Əli Əmirlinin "Cəza" tamaşasında o Abbas Mirzə Şərifzadəni, mən isə Mir Cəfər Bağırovu oynayırdım. Tərəf müqabili kimi çox maraqlı aktyor idi. Onun yoxluğu nəinki biz dostları, bütün teatr ictimaiyyəti üçün ağır bir itkidir" .

Aktyorun yaxın sənət dostu, əməkdar artist Şəfəq Əliyeva müsahibə verərkən göz yaşlarına boğulub. Onun ölümü ilə barışa bilməyən Şəfəq xanım yaxın dostunu itirdiyini bildirib:

"Ümumiyyətlə, Ramiz Gənc Tamaşaçılar Teatrında hamı ilə çox yaxşı münasibətdə idi. Teatrda özünə çox dost qazanmışdı. Ən yaxın 5 dostu var idisə, onlardan biri də mən idim. Həm də biz Ramizlə demək olar ki, eyni ünvanda yaşayırdıq, ailəvi dost idik. Bizim evlərimizi balaca məsafə ayırırdı. Onun həyatı çox çətin olmuşdu. 48 yaşına kimi ürəyi dözübsə, bu, böyük işdir. Həyatda çox problemləri olub, onların hamısını danışmaq istəmirəm. Birinci həyat yoldaşı erkən rəhmətə getdiyinə görə ikinci dəfə evlənmişdi. İkinci yoldaşından onun bir qızı var. Qızı yeni anadan olanda Ramiz rəhmətə getmişdi. O, bütün problemlərini mənimlə bölüşüb, bəzən məsləhət də istəyirdi. Onun kimi teatrı sevən ikinci adam tanımıram. Çox ürəyi yanırdı bu sənətə. Bir sözlə, sənət qurbanı idi. O aktyorluğa pillə-pillə, fəhləlikdən gəlib çatmışdı, sonradan aktyor ştatına keçmişdi. Bu il teatrımızda onun xatirə gecəsini keçirdik. Mən bu yaşa çatmışam, bu cür səmimi xatirə gecəsi görməmişdim. Çox qəribə idi... İki saat yarım ərzində hamı həm gülürdü, həm də ağlayırdı. Çünki Ramiz bütün problemlərinə baxmayaraq yüksək yumor qabiliyyətinə malik idi. Onunla bir yerdə olmaq əylənmək demək idi. Tərəf müqabilini həmişə başa düşürdü, dəstək olurdu. Kollektivdə hər gün Ramizi yada salırıq. Onun sözləri, lətifələri, danışıqları... Ölümündən 1 gün əvvəl onunla teatrdan çıxdıq. Dedi ki, Şəfəq, sən heç mənim yeni aldığım maşına minməmisən, qoy səni evə kimi aparım. Piyada gəzmək istədiyimi bildirərək, etiraz etdim. Çox xahiş edəndən sonra təkidi ilə maşına oturdum. Elə bil ürəyinə dammışdı ki, öləcək. Qoymadı ki, mən bir kəlmə danışım. Elə hey özü danışırdı. Sonda da dedi ki, sabah Ülviyyənin (qızımın) ad günüdür, mən onu efirdən təbrik edəcəyəm, sən baxarsan. O zaman o aktyor yoldaşı Salmanla televiziyada veriliş aparırdı. Səhəri gün televizoru yandırdım, gördüm ki, Salman təkdir, ürəyimə damdı ki, nəsə olub. Zəng vurub gördüm ki, Ramizin telefonunu kimsə götürdü. Dedilər ki, Ramiz ölüb, mən onun qardaşıyam. İnanın mən nə hala düşdüm. İndiyə kimi onun haqqında mənə nəsə bir şey danışanda göz yaşlarımı saxlaya bilmirəm (ağlayır). Özümdə bir güc görüb xatirə gecəsində danışdım. Mən bir dostumu itirmişəm. Onsuz çox çətindir, heç vaxt onun yoxluğu ilə barışmayacağam. Gözüm teatrda həmişə onu gəzir, elə bilirəm ki, nə vaxtsa gələcək (ağlayır). Evdə tək olanda gözlərim dolur, kollektivdə isə ondan yalnız gülməli əhvalatlar danışırıq. Çox heyf ki, ondan lazımi qədər istifadə etmədilər. Bu, yaxşı hal deyil. Rejissorlar aktyorun istedadını görməlidirlər".

Aktyorun bir çox tamaşalarda tərəf müqabili olan həmkarı Faiq Mirzə onun haqqında keçmişdə danışmağın ağır olduğunu bildirib:

"Ramizlə tanışlığım 1992-ci ilə təsadüf edir. Gənc Tamaşaçılar Teatrına dəvət olunduğum günün səhəri özü qrim otağıma gələrək əlimi sıxdı. Elə o gündən də dostluğumuz başladı. Bu insan olduqca həyata sevinclə baxan, özünü, sənətini, dostlarını hədsiz sevən bir insan idi. Öz üzərində daim işləməyi sevirdi. Yadımdadır ki, biz Əli Əmirlinin "Bala başa bəla" tamaşası üzərində işləyərkən məşqlərdə oynadığı rolun-hərbi xidmətdən yayınan Şəmilin, daxili psixoloji vəziyyətini tapmaq, onu düzgün ifadə etmək üçün gecə-gündüz axtarışlar edirdi. Tamaşa vaxtı səhnəyə hər gəlişi və gedişində zalda gurultulu alqışlar qoparırdı. O, qastrol səfərlərində tikəsini bütün sənət dostları ilə bölməyi bacarırdı. Ramiz rəhmətə gedəndə mən Azərbaycanda deyildim. Ümumiyyətlə, artıq teatrdan da getmişdim. Onun ölüm xəbərini eşidib çox sarsıldım. Həyatdan, səhnədən, ailəsindən, dünyadan doymadan dünyadan gedən istedadlı bir aktyorun ölüm xəbərini eşitmək mənim üçün çox çətin idi. Onun yeri hələ də görünür. Bəzən tamaşaya, yaxud filmə baxanda fikirləşirəm ki, görəsən, Ramiz sağ olsaydı, bu rolu necə oynayardı?"

"Gəlinlər" televiziya tamaşasındakı tərəfmüqabili, aktrisa Xuraman Əlizadə isə onunla ilk tanışlığını belə xatırlayıb:

"1999-cu ildə Gənc Tamaşaçılar Teatrına gələndə 18 yaşım var idi. Məni teatra baş rejissorumuz, teatrımızın bədii rəhbəri Loğman Kərimov qəbul etdi. Loğman Kərimov Ramiz Sərkərovla çox yaxın dost idi. Loğman Kərimovla məşqlərimə bəzən Ramiz də gəlirdi. Həddindən artıq çox şən insan idi. Kollektivdəki insanların arasında ən pozitivi Ramiz idi. Məni ilk dəfə görən kimi çox yaxşı təsir bağışladı. Hətta ürəkdən güləndə də əlini ürəyinin üstünə aparırdı. Hiss edirdim ki, ürəyi sancır. O, elə ürək çatışmazlığından da rəhmətə getdi. Elə oldu ki, biz "Gəlinlər" televiziya tamaşasında "ər-arvad" olduq. Mənim üçün onunla tərəf müqabili olmaq çətin deyildi. Biz teatrda da "Qaraca qız" tamaşasında onunla tərəf müqabili idik. Mən Yasəməni, o isə mənim ərimi oynayırdı. Məndən öncə bu rolu əməkdar artist Şəfəq Əliyeva oynayırdı. Elə oldu ki, məni bu tamaşaya "vod" etdilər. Şəfəq xanım, sözsüz ki, məndən arıq idi. Tamaşada Yasəmənin ölüm səhnəsi var, hansı ki, Oruc Yasəməni qucağında daşımalı idi. Ramiz bunu Şəfəq xanımla rahatlıqla edə bilirdi, gözəl də alınırdı. Ramiz biləndə ki, Yasəmən rolunu mən oynayacağam, Loğman müəllimdən mizani dəyişməyi xahiş etdi (gülür). Üzümə də dedi ki, mən səni daşıya bilmərəm. Bir sözlə, Ramiz məni qucağına götürməkdən imtina etdi. O, teatra yeni gələn gənclərə çox dəstək olurdu. Mən onun ölüm xəbərini eşidəndə şok oldum. Mənə bir şey təsir etdi. Onun xatirə günü keçiriləndə teatrdan məni dəvət etmədilər. Halbuki mənim də onun haqqında deyiləcək sözlərim var idi. İnanıram ki, Ramizin ruhu indi şaddır. Mən onun haqqında indi də qəmgin danışmıram, üzüm həmişə gülür... Necə idisə elə də onu xatırlayıram".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.