Mədəniyyət

Tanınmış aktrisa: "Həyat yoldaşımı itirəndən sonra təklif oldu ki, gəl mənimlə yaşa" - FOTO

19 Sentyabr 2017 21:05
2 Şərh     Baxış: 6 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsi.

- Xatirə xanım, mövsüm sizin üçün hansı yeniliklərlə başladı?

- Sözün düzünü desəm, mənim üçün mövsüm bağlanmamışdı. Yay ərzində çox çəkilişlərdə oldum, heç istirahətim olmadı. Əsas odur ki, yay ərzində işsiz qalmadım. Teatrda açılışı Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq" tamaşası ilə başlayacağıq. Mən bu tamaşada Səfiyyə adlı ana obrazını canlandırıram. Əsərdə kasıb bir ailənin draması əsas yer tutur. Səfiyyə ağır əzab-əziyyətlərlə üz-üzə qalmış, özünü oda-közə çırpan bir anadır. Mənə həddindən artıq yaxın bir obrazdır. 18 il tamam olacaq ki, mən həyat yoldaşımı itirmişəm. Övladlarımı böyütmək üçün mən də özümü oda-alova atmışam. Bu tamaşa lirik, psixoloji bir tamaşadır. Demək olar ki, mən Firudin müəllimin psixoloji aktrisasıyam. O bu tip rolları mənə həvalə edir. İnşallah, yaxın günlərdə tamaşanın məşqlərinə başlayacağıq. O ki, qaldı ekran işlərinə... Mən rejissor Rüfət Şahbazovun çəkdiyi "Ata ocağı" serialında da çəkilirəm. Balalarını, ailəsini sevən bir ana rolunu canlandırıram. Amma çox təəsüf ki, o həmişə əri tərəfindən əzilir.

- Ümumiyyətlə ailəli olduğunuz illərdə həyat yoldaşınızdan çox zərbə almısınız?

- Bu haqda qətiyyən danışmaq istəmirəm. Çünki ötənlərdə həsəd aparılmalı günüm olmayıb. Ən xoşbəxt günüm ata evimdə olub. Qadının bircə dəfə ürəyi sındısa o elə də qalacaq. Yenə də bu günümə şükür. (mövzunu dəyişərək). Bu serialdan əvvəl Nadir Maçanovun "Aşq qurbanları" filmində çəkildim. Nadir müəllimlə "Bakı mən səni sevirəm" filmində də çalışmışdım. Orda da bir ananı canlandırıram. Çox qəribədir ki, harada bir fədakar ana var, onu mənə tapşırırlar. Yəqin bu gözlərimdən oxunur, ya da alnıma yazılıb. Şam olub balalarım üçün hər an əriməyə hazıram. Balalarıma xoş olsun, mənə nə olur olsun. Allahdan ömür istəmirəm, onları bir kənara çıxarmaq üçün möhlət istəyirəm.

- Həyatda yaşadıqlarınızı filmlərdə də yaşayarkən köz bağlamış yaranız yenidən qananmır?

- Yaram qanasa da, qanamasa da bu mənim sənətimdir. Ayağımın büdrədiyi ola bilər, yıxıldığım da ola bilər. Amma o anda qolumdan tutub yapışan, məni qaldıran insanları heç vaxt unutmamışam. Bir dənə onu arzulayıram ki, qadın heç vaxt ayaq altında olmasın. Mənə həmişə deyirlər ki, sən bütün şəkillərdə gülürsən, amma nə qədər gülsən də, gözünün dərinliyində olan qəmi gizlədə bilmirsən. Göz ürəyin aynasıdır. Çünki aktrisa fikrini gözlə ifadə edir.

- Çətin günlərinizdə kimlər sizə dayaq oldu?

- Atam, bacım, qardaşlarım və onların həyat yoldaşları. Heç vaxt borcunu ödəyə bilməyəcəyim tələbə yoldaşım Səadət Şükürova, rəfiqələrim Rəna, Gülnarə. Bir də Firudin Məhərrəmov idi ki, məni teatra dəvət etməklə çətin və acılı günlərimin unudulmasında, yenidən həyata bağlanmağımda böyük əməyi oldu.

- Ərli qadınlara həsəd aparırsınız?

- Ailə səadəti olmayan qadın ərli oldu, ya ərsiz. Əri ona, buna tamah salırsa, elə ərli olmaq nə xoşbəxtlikdir? Əvvəllər bəlkə də həsəd aparardım, amma illər məni bərk sınağa çəkdi. İndi məhəllə başıma and içir. Qonşular deyir ki, məhəllədə bir kişi var, o da Xatirədir (gülür) Şükür yaradana məni sındırmadı.

- "Kaş məndə də olaydı" dediyiniz günlər olub?

- Əlbəttə, çox olub. Kaş pulum olaydı, kaş rahat həyatım olaydı, kaş oğullarıma ürəkləri istədiyi həyatı yaşadaydım, kaş tək ailə başçısı olmazdım. O qədər "kaş"lar demişəm ki. Özüm dedim, özüm ağladım, sakitləşib arzularımı ürəyimə gömüb yatdım. Qismətə çox inanıram. Allah oğullarıma mənə qıymadığı xoşbəxtliyi versin.

- Bildiyim qədərilə həyatınızda çox hadisələr baş verib. Bəzən özünüz özünüzə sual verirsinizmi, mən bu dərdlərə necə dözdüm?

- Bəli, dərdlərə dözdüm və dözürəm də. Dərdi verən Allahdır, dərmanı da o verir. Mən çox sadə insanam. Könlümü sındıran adamı isə heç vaxt nədən incidiyimi demədən həyatımdan silirəm. Bir adam könlümə dəydisə deməli davamı olacaq. Amma onu da etiraf edim ki, uşaq kimi saf düşüncəli adamam. Dəymə mənə, dəyməyim sənə. Sözümü həmin an layiqli yerində deməyi də bacarıram. Çünki başımın nələr çəkdiyini məndən yaxşı kimsə bilməz.

- Azərbaycan qadınları çox fədakardır. Övladlarını böyüdürlər, amma öz həyatları yaddan çıxır..

- Mən sözün əsl mənasında özümü unutdum. İndi də deyirəm... Mənim üçün artıq həyat bitib. Bizdə uşaqlı xanıma kişilər əyləncə kimi baxırlar. Mənə özüm kimi ürəkli və mərd oğul lazım idi. Yaşıdlarımın çoxu Qarabağ müharibəsində şəhid oldular. Özümdən yaşca kiçikdən mənə ər olmazdı. Güclü xarakterli, amma saf, mədəni insanları sevirəm. Qismətimdə tənhalıq var imiş. Taleyimlə barışmışam.

- Deməli təkliflər çox olub. Özünüz istəməmisiniz?

- Bir otaqlı evimin içində mənə ər lazım deyildi. Ər arxa, dayaq olmalıdır. Həyatımda zəif insan istəmədim. Təklif oldu ki, uşaqlarından imtina et, gəl mənimlə yaşa, evlən. İkinci kəlməsinin ardını belə gözləmədim. Uşaqlarım ox olub gözünə girir, yoxsa daş olub başına düşüb?- deyib təklifi rədd etdim. Qadın ailəni o vaxt qurar ki, övladı olsun. Şükür Allaha mənim iki oğlum var.

- Kim idi ki, o insan? Olmaya sənət adamı olub?

- Qonşum demişdi. Xeyr, sənət adamı istəməmişəm. Çünki gecəmiz gündüzüm olmayacaqdı.

- Tamaşa oynayanda dərdlərinizi unudursuz?

- Bəli, yaxşı ki, teatrım var, yaxşı ki, rejissorumuzun diqqət mərkəzindəyəm. Teatra gələndən sanballı əsərlərdə oynayıram. Mən necə bunları dana bilərəm?

- Sizin nəsil aktrisalar teatra çox bağlıdırlar. Amma bu bağlılıq nədənsə indiki aktrisalarda yoxdur. Səbəbi nədir?

- Biz böyük, kiçik bilərdik və indi də buna uyğun hərəkət edirik. Kişi olan yerdə yuxarı başda oturmazdıq. Şortik geyinməyi demirəm daha.. Biz etika, ədəb-ərkan gözləyirdik. Elə indi də özümüzdən böyük aktrisalar görəndə ayaqa qalxırıq. Biz "ulduz" olmalıyıq deyə boş xülya qurmurduq. Tez ulduz olanlar, tez sönər. Nəinki cavanlar, hətta mənimlə yaşıd bir aktrisa var ki, efir onu məşhur edib. Amma İncəsənət universitetinin qapısından belə içəri girməyib. Bütün günü açıq-saçıq fotolarını paylaşır. Böyük-kiçik yeri bilmək lazımdır ki, sabah bizi də saysınlar.

- Söhbət hansı həmkarınızıdan gedir?

-O mənə həmkar ola bilməz. Teatr səhnəsində bir addım atmayan aktrisa olmaz!!!

- Nə qıcıqlandırır ki, sizi?

- Bəsit adamlar mənim qıcıqlandıra bilməz. Güclü insanları sevirəm. Mən həyatım boyu zəif rəqiblə fəxr etmərəm. Güclülərə çatmağa, çox əziyyət çəkməyə öyrəşmişəm.

- Ən çox özünüzə verdiyiniz sual nədir?

- Ay Allah, bəs sabah nə edəcəyəm? Niyə mən bədbəxt oldum, axı niyə məhz mən? Özümə verdiyim suallar da taleyimlə, hazırkı yaşayışımla bağlıdır.

- Yaşayışınız yaxşı deyil ki?

- 30 ildir ki, teatrda çalışıram. 178 manatla guruldaya bilmirəm. Allahın bir otaqlı evini də almamışam. Azərbaycan incəsənətinə 30 il xərclə, Allahın bir otaq evini də sənə çox görsünlər.

- İş rejimini necə bölürsünüz ki, çəkilişləriniz teatrdakı işlərinizə mane olmasın?

- Biz əvvəlcədən teatrın planını çəkilişə veririk. Əksər vaxtlar çəkilişi birinci gün və gecəyə salırıq.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.