Mədəniyyət

Azərbaycanlı aktrisa: "O sevgi üçün mübarizə aparırsansa..." - FOTO

13 Sentyabr 2017 21:03
2 Şərh     Baxış: 2 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Səbinə Məmmədzadənin Milli.Az-a müsahibəsi.

- Səbinə, sizin sənətə gəlişinizi xatırlayıram. Bu illər ərzində çox uğurlu rollarınız olub. Əslində bu uğuru teatrdan, yoxsa seriallardan qazanmısınız?

- Əslində mən sənətə ilk dəfə serialla gəlmişəm. 2012-ci ildə Varis Yolçuyevin eyni adlı "Bir ovuc torpaq" əsərinin çoxseriyalı filmində baş rollardan birində çəkildim. Daha sonra Nicat Qafuroğlunun "Ultionis" psixoloji filminə dəvət olundum. Bir müddət Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "Simsar" teatr studiyasında çalışdım. Universiteti bitirən kimi "Hasarın o üzü" tamaşasında Çiçək obrazı ilə böyük teatr səhnəsinə addım atdım. Deyərdim ki, ən böyük uğurum teatrla bağlıdır. Teatr bir məktəbdir. Mən orada yığdıqlarımı filmdə, serialda xərcləyə bilirəm.

- Deməli, teatr həyatınızda dönüş edib.

- Bəli, teatr həyatımda yeni bir səhifə açdı. Hələ də o səhifələri oxuyuram. Gələcəyə inam və ümidlər heç vaxt tükənməyəcək.

- Keçən mövsüm "Məryəm" serialı ilə daha çox tanındınız. Əslində Nurayın həyatını yaşamışdınız, yoxsa müşahidə etmişdiniz?

- Həyat pis və yaxşılardan ibarətdir. Amma pisin də yaxşı tərəfləri var, yaxşının da. İnsan orqanizmində parazitlər olmasa o yaşaya bilməz. Deməli tam yaxşı heç kim yoxdur. Amma mənim haqqım kiminsə nahaqqı ola bilər. Nuray sevirdi, sevgisi üçün mübarizə aparırdı. Səbinə isə sevgisi üçün mübarizə aparmaz. Yəqin ki, mən Nurayın seçdiyi həyatı seçmərəm. Bir sözlə Nurayla Səbinə tam fərqli obrazlardır.

- Sevgi üçün mübarizə aparmağa dəyməz?

- Bəlkə də dəyər, amma mən düşünürəm ki, o sevgi üçün mübarizə aparırsansa, deməli o qarşılıqlı deyil. Sevgi odur ki, əl-ələ tutub, mikrorayon tikməyə gedəsən.

- Sevginizə müdaxilə edənlərlə də mübarizə aparmazsınız?

- Mənim seçimimə heç kim müdaxilə edə bilməz. Qarşı tərəfə yəqin ki, ən böyük müdaxiləm sənətimlə bağlı olar.

- Deməli sənətinizi qarşınızdakı insandan çox sevib, ondan da bunu tələb edəcəksiniz?

- Bəli.

- Əslində həm ailəni, həm də sənəti bir yerdə saxlamaq olur. Niyə bu hər zaman problem olur ki?

- Yəqin mən sənətə çox bağlıyam və məni mücərrəd varlığa qısqanırlar.

- Bir çox insanlar deyir ki, aktrisa ilə evlənmərəm. Niyə aktrisaların adı bu qədər bədnamdır?

- Bədnam deməzdim, amma işini sevən aktrisa ilə yaşamaq bir az çətin olur. Onun tamaşaya hazırlıq dönəmindəki gərginliyi, çəkilişləri və s. çətinlikləri var. Qarşı tərəf gərək birinci növbədə özünə, sonra aktrisaya güvənsin.

- Bəlkə də həmkarlarınız adınıza ləkə gətirir.

- Mən bildiyim, gördüyüm qədər peşəkar sənətlə məşğul olan aktrisalarımızın adları yalnız uğurlu işlərdə hallanır. Gənc olaraq illərini sənətə vermiş aktrisalarımızdan da ancaq yaxşı örnək götürmək lazımdır. Amma indi sosial şəbəkələrdə aktrisalar daha çox yayılıb. Bəzən fikirləşirəm ki, gərək mən öz profilimdən "aktrisa" sözünü götürüm.

- Açıq-saçıqlıqla gündəmə gələn həmkarlarınız da kifayət qədərdir..

- Onlar məni heç maraqlandırmır. Sadəcə, özlərinə aktrisa deməsələr daha yaxşı olar.

- Açıq-saçıq rollara bəs sizə dəvətlər gəlib?

- Dəvət gəlməyib, gəlsə də çəkilmərəm. Bağlılıq qadının sehridir, açıq-saçıqlıq porno ulduzlar üçündür.

- Aktrisalarımız var ki, çəkilir və çox da gözəl alınır. Vücudunuza əmin deyilsiniz?

- Mən özümdən əminəm. Hər mənada (gülür).

- Bəlkə sevdiyiniz şəxs sizə qadağa qoyub?

- Xeyr, sadəcə soyunub-geyinmək mənə çox mənasız gəlir.

- Həyatda qıcıq olduğunuz insan tipi hansıdır?

- Yalançı və riyakar insanlara qıcıq oluram.

- Bəs sizin oyununuz kimləri qıcıqlandırır?

- Yəqin ki, uğurumu arzulayanlar çox deyil. Amma mən daha çox mənə gözəl baxan gözləri düşünürəm. Onların səhnəyə ötürdüyü müsbət enerji, ürəkdən deyilən xoş sözləri mənə kifayətdir.

- Tamaşadan sonra sevgi məktubları almısınızmı?

- Sevgi çiçəkləri gəlib. Hətta canlı cücə də hədiyyə ediblər.

- Bəs görüş təklif edən olubmu?

- Xeyr, görüş təkifi gəlməyib. Yəqin ki, bilirlər görüşən deyiləm (gülür).

- Hansı bahalı əşya hədiyyə olunub sizə?

- Anamın səhnəyə çıxardığı qızıl üzük.

- Nə münasibətlə hədiyyə etmişdi sizə?

- O bilir ki, mən sürprizləri sevirəm. Buna görə də hər premyeram zamanı mənə maraqlı hədiyyələr gətirir. Anam bir dəfə eşitdi ki, rəfiqəmlə danışıram ki, ən böyük arzum səhnədən mənə evlilik təklifi olunmaqdır. Buna görə də o mənə üzük alıb gətirdi. Dedi ki, sevdiyin mənəm.

- Deməli, ananız tezliklə evlənib, ondan ayrı düşməyinizi istəmir.

- Anam mənə gözəl ailə arzulayır. Amma heç vaxt istəməz ki, sənətimi yarımçıq qoyum.

- Səhnədən söz düşmüşkən, dublyorunuzdan tamaşa vaxtı zərbə almısınız?

- Xeyr, heç vaxt belə halla üzləşməmişəm. Rejissorlar dublyorları ayırd edə bilirlər. Bir çox tamaşada dublyorsuz oynamışam. Bunun üçün də lap çox çalışmışam. Gecə-gündüz demədən işləmişəm.

- Əslində aktyor sənəti kişiyə, yoxsa qadına sərf edir?

- Sənət sənəti sevənlər üçündür. Kişi, yaxud qadın fərq etməz.

- Hazırda hansı serialda çəkilirsiniz?

- "Hal-hazırda "Ögey ana" serialında çəkilirəm. Müsbət obrazdır, 20 yaşlı heykəltaraş qız roludur. Anasının xoşbəxtliyi üçün hər şeyə hazırdır.

- Mənfidən müsbət rola keçidi sizcə, tamaşaçılar necə qarşılayacaq?

- Onu zamanla biləcəyəm.

- Əsas odur ki, hər il çəkilirsiniz.

- Mən buna qarşı çox ciddiyəm. Eyni rol təklif olunsaydı, çəkilməzdim.

- Səmimiyyətinizə heç inanmadım.

- İnanın... Əgər bu il də mənfi qəhrəman verilsəydi, mənə çəkilməyəcəkdim. Müsbət roldur deyə qəbul etdim. Çünki dəyişkən rolları sevirəm.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.