Mədəniyyət

Azərbaycanlı aktrisadan ETİRAF: "Ona görə evlənmədim ki..." - FOTO

23 Avqust 2017 21:05
3 Şərh     Baxış: 7 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Hüsniyyə Əhmədovanın Milli.Az-a müsahibəsi.

- Hüsniyyə xanım, əslində, sizi "Çal-çağır" verilişində "Toppuş bacı" ləqəbi ilə tanınan Tünzalə xanımla birlikdə olan səhnəciklərdən tanıyırıq. Niyə orada iştirakınız davamlı olmadı?

- Mən universitetin 3-cü kursundan Dövlət Gənclər Teatrında aktrisa kimi çalışmışam. Bir müddətdən sonra "Çal-çağır" verilişinə dəvət aldım. Əlbəttə ki, aktrisa efirdən tanınır. Belə də oldu. Amma mən bir müddət efirdəki fəaliyyətimə ara verdim, çünki teatrı daha çox sevirdim. Mən o cür gündəmdə qalmaq istəmədim. Məncə, aktrisa yaxşı, sanballı rollarla gündəmdə qalmalıdır. Hər bir aktrisanın sənət həyatında səhvləri olmamış deyil. Mən "Çal-çağır" verilişinə getməyimi də səhv addımım kimi qiymətləndirirəm.

- Deməli, siz digər həmkarlarınızı bu yolla gündəmdə qalmalarına görə qınayırsız?

- Xeyr, əstağfurullah. Sadəcə, hər kəsin bir yolu var. Bu, mənim yolum deyildi. Mənim digər adını çəkdiyiniz aktrisalarla da münasibətim çox yaxşıdır. Sadəcə olaraq, özümü şou-biznesdə görmədim.

- Əslində, aktrisa hər bir rolda oynamalıdır. Sizin orada rolunuz komik obraz idi.

- Bəli, komik obraz idi. Amma istəmədim bu obraz ilə tanınım. Hiss edirdim ki, bu obrazım teatrda oynadığım rollara da təsir edir. Adım da heç xoşuma gəlmirdi, "Cüllüt bacı".

- Deməli, tamaşaçılar "Toppuş bacı"nın "Cüllüt bacı"sını itirdilər. Bəlkə də, daha çox pul qazanardınız.

- Ola bilər ki, tamaşaçılar itiriblər. Amma mən xaraktercə çox pula həris insan deyiləm. Bu günümlə yaşayıram, sabah nə olacaq bilinmir.

- Teatrda bildiyim qədərilə rollarınız çox idi. İndi vəziyyət necədir?

- O vaxt rollarım çox idi. İndi 3 teatr birləşib, 100-dən də çox aktyor var teatrımızda. Yenə də şükür, narazı deyiləm. Mənə də rol çatır.

- Amma gəlin etiraf edək ki, siz baş qəhrəman yox, xarakterik rolları çox gözəl oynayırsız.

- Bəli, çox düzgün qeyd etdiniz. O vaxtlar rəhmətlik Hüseynağa Atakişiyev elə mənə xarakterni aktrisa deyirdi. Sonralar da Rəhman Əlizadənin bir çox tamaşalarında xarakterik rollar oynadım. Bu yaxınlarda da bir seriala dəvət almışam, rolum da çox xoşuma gəlib. Amma hələ bir səs-səmir yoxdur. Məncə, sponsor məsələsinə görə qalıb.

- Ümumiyyətlə, bu cür hallarla çox rastlaşmısız?

- Xeyr rastlaşmamışam, çünki çox seriallara dəvət almıram.

- Niyə dəvət etmirlər ki?

- Bilmirəm. Yəqin çox istedadsızam.

- Niyə belə fikirləşirsiz ki?

- Mən belə fikirləşmirəm. Serial çəkən rejissorlar, yəqin, məni bəyənmirlər. Əgər bəyənsələr, dəvət edərlər də. Bundan əlavə də mən 1-2 seriyalıq rollara çəkilmirəm. Bədii filmlərdə çəkilmək istəyərəm. Bəzən AzTV-də sənədli filmlərə çəkilirəm.

- Deməli, özünüz sərhəd qoymusunuz.

- Hər bir aktrisa öz sənətinə hörmət etməyi bacarmalıdır. Mənim indi sıfırdan başlayan vaxtım deyil. Əgər yoxdursa, qoy heç olmasın.

- Sənətə gələndə tanınmağı gözə almışdız? Bu gün bir seriala çəkilib, efirdə tanınan həmkarlarınız var. Bu, sizə pis təsir etmir ki?

- Sənətə gələndə, sözün düzü, tanınmaq haqqında heç düşünmürdüm. Amma indi aktrisa kimi fəaliyyətdə olmaq üçün tanınmaq vacibdir. Mən paxıl insan deyiləm, sadəcə, heç vaxt, heç kəsə ağız açmağı sevmirəm. Düşünürəm ki, əgər mən lazımamsa, çağırarlar.

- Özlərindən razı halda müsahibə verən gəncləri görəndə, yəqin ki, qıcıq olursuz?

- Özündən razı insanları, ümumiyyətlə, sevmirəm. Gəncləri isə bağışlamaq olar, axı onlar hələ gəncdilər. Lütfi Məmmədbəyov deyirdi ki, aktyor gərək tavanını hiss etməsin. O, həmin gün məhv olur.

- Hüsniyyə xanım, bu günlərdə atanızı itirdiniz. Valideynləriniz vaxtilə sənətinizə mane olmuşdu?

- Atamı çox sevirdim. Ümumiyyətlə, valideynlərimə çox bağlı adamam. Mən deyərdim ki, dayağımı itirmişəm. O, sözün düzü, mənim sənətimi sevmirdi. Amma son vəsiyyəti mənə o oldu ki, heç vaxt sənətdən getmə. Bu vəsiyyətə özüm də təəccübləndim. Atamsız mənə çox çətindir, o, birdən bizi tərk etdi. Çalışıram özümü ələ alım, toparlayım, çünki anam yaşayır.

- Ananızla yaşayırsız?

- Bəli.

- Heç ailə həyatı qurmaq haqqında fikirləşmədiz?

- Mən bunu alın yazısı adlandırardım. Məncə, ailə sevgi üzərində qurulmalıdır. Əgər bu, yoxdursa, ailə qurmağa dəyməz.

- Heç həyatınızda sevgi olmayıb?

- Bunu xatırlamaq istəmirəm.

- Hər bir xanım uşaqlıqdan evlilik haqda xəyallar qurur. Siz heç xəyallar qurmadınız?

- Mən azadlığı sevirəm, elə düşünürdüm ki, evlilik azadlığımı əlimdən alacaq. Mən xəyal yox, ailə qurmaq istəmişəm. Həmişə də mənimlə evlənmək istəyən bəylər sənətini at deyiblər. Bax, bu, mənə çox pis təsir edirdi. Düşünürdüm ki, məni sevən, sənətimi də sevməlidir.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.