Mədəniyyət

Bəy nəslindən olan kinomuzun "Sərvəri"nin qızı: "Oğlum xəstədir, stress keçirmişəm, ehtiyac içərisində yaşayıram" - FOTO

21 Avqust 2017 21:05
1 Şərh     Baxış: 5 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktyor Arif Mirzəquliyevin qızı Teyyubə Mirzəquliyevanın Milli.Az-a müsahibəsi.

- Teyyubə xanım, siz məşhur aktyorumuz Arif Mirzəquliyevin qızısız. Sizin "Həyat" verilişinə gözünüzdən əməliyyat olunmağınız üçün müraciət etdiyinizi gördük. Müraciətinizə cavab verən oldu?

- İlk öncə, onu deyim ki, mən atamla bir aktyor kimi yox, bir insan kimi həmişə fəxr etmişəm. Nə yaxşı ki, onun qızıyam, nə yaxşı ki, onun kimi insan həyatımda olub. O ki, qaldı gözümdəki problemə... Bu problem 3-4 il bundan əvvəl yaranmışdı. Çox fikir edirdim, stress keçirirdim. Məndə böyük stress əmələ gəlib, hamısı da ehtiyacdan, işsizlikdəndir. Bu problemlə bağlı mən ATV-də yayımlanan "Həyat" verilişinə müraciət etdim. Sağolsunlar, onlar mənim müraciətimi cavabsız qoymadılar. Başda hacı Nuran və komandası olmaqla bütün mənə kömək edənlərə təşəkkür edirəm. İnşallah, sentyabr ayında o biri gözümdən də əməliyyat olunacağam.

- Hal-hazırda heç bir yerdə işləmirsiz?

- Mən Mədəni Maarif texnikomunu bitirmişəm, musiqi üzrə təhsil almışam. Amma ixtisasıma uyğun iş tapa bilmirəm. Nə iş bacarıramsa onu da görürəm. Hal-hazırda rus dilindən məktəbəqədər hazırlıq keçirəm. Oradan aldığım qəpik-quruşa da bilmirəm övladımı dolandırım, yoxsa öz problemlərimi həll edim. Mən, həqiqətən də, çox çətinlik çəkirəm. İndiyə kimi maddi problemlərimi dilə gətirməmişəm, amma indi bunları deməyə məcburam. Evim də çox baxımsızdır, təmirə ehtiyacı var. Mən adi insanam, mənim atam tanınmış aktyor olub, əgər atamın sənətini sevib, ona dəyər verən insanlar varsa, çox xahiş edirəm mənə köməklik etsinlər.

- Ailədə heç kim işləmir?

- Mənim iki oğlum var, biri Moskvadadır. Balaca oğlum da xəstəliyinə görə işləyə bilmir. O futbolçu idi, maddiyata görə sənətindən uzaqlaşdı.

- Atanız sağ olanda da maddi baxımdan çətinlik çəkmisiz?

- Xeyr, atamın vaxtında dünyanın ən xoşbəxt insanı idim. Mən çox varlı, aristokrat ailədə böyümüşəm. Mən həm də bəy nəslindənəm. Anamın babası çar generalı, anası isə gürcü çariçası olub. Atam mənə hər şeyin ən gözəlini yaşadıb, gəzmədiyimiz dünya ölkələri qalmayıb. Mən indi o xatirələrlə yaşaya bilərəm, amma övladlarımı o xatirələrlə "yedizdirə" bilmərəm.

- Bildiyim qədərilə atanızın əsl sənəti həkimlik olub. Bəs niyə aktyor kimi məşhurlaşıb?

- Atam uşağlıqdan aktyor olmaq arzusu ilə yaşayıb. Amma atası onun aktyor olmasına qarşı çıxıb. Çünki onların nəsli həkim nəsli idi, istəyirdi ki, oğlu da həkim olsun. Babamın etirazına baxmayaraq atam Moskvada kinematoqrafiya universitetinə daxil olub. Sonradan atasının təkidi ilə elə orada Tibb universitetində təhsil alıb. Babam xəstə olanda atamı Bakıya çağırıb və 6-cı kursu atam Bakıda oxuyub. Bakıdakı Tibb universitetində o anamla tanış olur. Anam da, atam da ixtisasca nevrpotoloq idi. Atamın aktyor kimi məşhurlaşmasında rejissor Həsən Seyidbəylinin əvəzsiz rolu var. Atam bir gün parkda itini gəzdirəndə Həsən Seyidbəyli onu görüb, filmə dəvət edib. Atam sonradan onunla bağlı xatirələrindən danışarkən o gün çox sevindiyini, hətta səhərə kimi yatmadığını bildirmişdi. O. 1955-ci ildə "Görüş" filminə, 1956-cı ildə isə "O olmasın, bu olsun" filminə çəkilib. Atam "O olmasın, bu olsun" filmindən ürək dolusu danışardı. Bu film İçərişəhərdə çəkilmişdi, hətta Gülnaz roluna çəkilən qadını da İçərişəhərdə gəzərkən tapmışdılar.

- O, hər iki filmdə çığın gənc rollarını yaradıb. Filmdəki həmkarlarını həyatda da sevib?

- Xeyr, nə "Özbək qızı", nə də ki, "Gülnaz" onun həyatda tipajı deyildi. O Avropasayağı qızları xoşlayırdı. Sözün düzü, elə mənim anam da avropalı qadınlara bənzəyirdi.

- Ananız onu həmin qadınlara qısqanmırdı?

- Xeyr, qətiyyən anamda qısqanclıq hissləri yox idi. Əksinə, atam anamı qısqanırdı. Buna görə də yaxınları ona "dəmir ledi" adını qoymuşdu. Yaxınları ona deyirdi ki, sən heç emosiyanı hiss etdirmirsən. Atam elə həyatda da filmlərində yaratdığı obrazlardakı kimi idi. O, yalnız özünü oynayırdı. Hətta atam Moskvada oxuduğu illərdə məşhur bir rus aktrisasını sevmişdi. Anam həmişə evdə bu haqda danışardı. Ailəmizdə heç vaxt bu mövzuda böyük problemlər olmayıb.

- Kino ilə bağlı əlamətdar günlərdə sizi yada salıb, axtarırlar?

- Məni heç kim itirib-axtarmır. Bircə dəfə filmin 25 illiyində atamla birlikdə kinoteatra getmişdim. O zaman filmin bir çox aktyorları həyatda idi. Amma indi o filmdən həyatda yaşayan bircə Gülnaz rolunun ifaçısı Tamara Ağamirovadır. Televiziyalar da atam haqqında heç bir veriliş hazırlamır. Halbuki, bunu etmək o qədər də çətin bir şey deyil. O, dünyanın ən gözəl atası, ən gözəl insanı idi. Mən şəxsi həyatımda da onun xasiyyətdə həyat yoldaşına rast gəlmədim. Bircə kiçik oğlumun xüsusiyyətləri ona bənzəyir. Atamın adını hal-hazırda kiçik oğlum yaşadır.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.