Mədəniyyət

Türk iş adamı ilə ailəli olan azərbaycanlı aktrisadan etiraf: "Hər gecə ağlayırdım" - FOTO

18 Avqust 2017 22:17
4 Şərh     Baxış: 12 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nigar Bahadurqızının Milli.Az-a müsahibəsi.

- Nigar, uzun zamandır Türkiyədə yaşayıb, fəaliyyət göstərirsiz. Fəaliyyətiniz nədən ibarətdir?

- 3 il olacaq ki, Türkiyədə yaşayıram. Şükürlər olsun ki, hər şey yaxşıdır. Sənət həyatım da təbii ki, davam edir. Teatrda tamaşalarda oynayıram.

- Konkret olaraq hansısa teatrda çalışırsız, yoxsa istədiyiniz teatrda çıxış edirsiz?

- Burada teatr sistemi bizimkindən tamam fərqlidir. Teatrlar dəvət edir, məşqlərə qatılıram və tamaşamı oynayıram. Fərqli-fərqli teatrlarda səhnələrə çıxıram. Azərbaycanda teatrda aldığım 1 aylıq maaşı, mən burada 1 gündə qazanıram.

- Siz Gənc Tamaşaçılar Teatrında çalışdığınız illərdə də tanınırdınız. Birdən-birə hər şeyə son qoyaraq Türkiyəyə getdiniz. Bu, sırf ailə həyatı ilə bağlı oldu, yoxsa, sadəcə, illərdir arzuladığınız bir fürsəti dəyərləndirdiniz?

- Doğrusunu desəm, dişimlə, dırnağımla məmləkətimdə qazandıqlarımı heç bir zaman, heç bir şeyə dəyişməzdim. Amma evlilik bir anda məni həyatımı, şəhərimi, dostlarımı, ailəmi, sevimli teatrımı tərk etməyə məcbur etdi. Məni heç kim məcbur etmədi, sadəcə, bir anda bu qərarı verdim və həyatım dəyişdi. Artıq önümdə başqa bir həyat vardı, mən də bu həyata yenidən başladım... Necə deyərlər sıfırdan.

- Sonradan peşman oldunuzmu?

- Yanımda belə bir həyat yoldaşım olmasaydı, bəlkə də peşman olardım. Amma şükürlər olsun ki, heç peşman olmadım.

- Çətin olmadı?

- Nə gizlədim, mənəvi tərəfdən çox çətin oldu. Tam bir il səhnəyə çıxmadım, sənətimə ara verdim. Mühitə, insanlara alışmaq bir ilimi aldı. Ən əsası isə anamdan ayrı qalmaq bir il məni depressiyaya sürüklədi. Saatlarla İstanbulun o tarix qoxan küçələrində gəzərkən özüm-özümə sual verirdim, sən burada neynirsən, ay Nigar? Ailən, dostların, teatrın Bakıda qaldı. Hər gecə yuxuma teatrım girirdi, rollarımı təkrar-təkrar oynayırdım, oynayanda ağlayırdım. Bəxtimdən həyat yoldaşım məni çox gözəl anlayır və ovundururdu, sıxma canını deyirdi. O, mənə deyirdi ki, sən belə olduqca mən özümü günahkar hiss edirəm. Amma demək ki, insan istəyəndə hər şeyə yenidən başlaya bilir. İndi Bakıya gedəndə orada özümü qonaq kimi hiss edirəm. Sanki, ürəyimin yarısı İstanbulda qalıb. Mən artıq bura aidəm.

- Bakıdakı dostlarınızla əlaqələriniz qalıb?

- Arada yazırlar "necəsən, neynirsən?" deyə... Elnur Kərimov, Elşən Hacıbabayev, Təhminə Məmmədova anamın yanına gedirlər, salam göndərirlər mənə. Yenə də sağ olsunlar. Yaxın rəfiqəm Elyanə Əhmədova burdadır, tez-tez görüşürük. Lamiyyə Novruzova isə Antalyadadır, demək olar ki, hər gün danışırıq.

- Demək ki, əvvəlki bağlar tam qalmayıb?

- Təbii ki, hər kəsin öz həyatı var. Onlar çox məşğuldurlar, bunu çox gözəl anlayıram. Teatrdan kim gəlsə, həmişə qapımız onların üzünə açıqdır. Hamısını sevirəm və hamısı üçün çox darıxıram.

- Türkiyədə seriallara çəkilmək çətindir?

- Türkiyədə seriallara, filmlərə çəkilmək üçün yaxşı bir kastinq menecerin olmalıdır. Məni qonaq aktrisa kimi "Arka sokaklar" serialına menecerliyimi edən şirkət dəvət etmişdi.

- Bəs davamı niyə gəlmədi?

- Düzünü desəm, mən son zamanlar çox tənbəl olmuşam. İnşallah, bəlkə də sezondan yeni seriallara çəkiləcəyəm. Bunu zaman göstərəcək.

- Həyatda kiminsə qadağası ilə yaşamısız?

- Həyatım boyu çox şükür, nə ailəm mənə qadağa qoyub, nə də ki həyat yoldaşım. Hər zaman hansısa bir işə başlayanda yardım ediblər, seviniblər. Bir sözlə, həmişə yanımda olublar.

- Amma gəlin etiraf edək ki, bizim sənətçilər Türkiyədə yetəri qədər tanınmırlar. Azəri qızı Günel təkcə istisnadır.

- Türkiyə böyükdür, tək İstanbulun özü Azərbaycan boydadır. Bu işlər, təbii ki, zəhmətlə olur. Amma mənim heç vaxt tanınmaq kimi bir niyyətim olmayıb.

- Tanınmaq niyyətiniz yox idisə, bəs niyə aktrisa olurdunuz?

- Hər kəsin bir sənəti, işi var. Mənim də işim teatr sənətidir. Demək istədiyim odur ki, mən bu sənətə tanınmaq üçün gəlmədim, sadəcə mən bu işi sevdiyim üçün gəldim. Onsuz da, zamanla izləyicilər tərəfindən tanınırsan.

- Bildiyim qədərilə həyat yoldaşınızla sosial şəbəkədə tanış olmusuz. O vaxtlar buna görə çox qınandınız. Əslində, tamaşaçıları qınamıram, onlar, yəqin, elə bilirdi ki, sizin də ailəniz 5-6 ay davam edəcək.

- Biz sosial şəbəkədə tanış olmamışıq. Mən onunla "Xoca" filminin İstanbuldakı qala gecəsində tanış oldum. Ersel mənə evlilik təklifi edəndə çox düşündüm. Çünki mən evdə heç bir iş görməmişdim, yemək bişirməmişdim. Məndən ailə xanımı olmaz deyə düşünürdüm. Amma o deyirdi ki, səndən gözəl ailə qadını olar. Dediyi kimi də oldu. İndi ev də yığışdıra bilirəm, yemək də bişirirəm. Bu evliliyin 5-6 ay davam edəcəyi kimi sözlər mənim də qulağıma çatmışdı. Şükürlər olsun ki, evliliyimiz 3 ildir ki, davam edir. Allah ömür verdikcə də davam edəcək. Biz bir-birimizi əvvəlkindən də çox sevirik. Düzgün seçim etdiyim üçün çox xoşbəxtəm. Hər zaman qorxurdum ki, qayınanam məni sevməz. Amma qayınanam məni çox sevir. Bakıda necə sevilirdimsə, burada ondan 10 qat artıq sevilirəm.

- Azərbaycanda ən cəsarətli aktrisalardan idiniz desəm, yanılmaram. Həm tamaşalarda, həm filmdə, həm də həyatda, bir sözlə hər obrazınızda müəyyən qədər açıq-saçıqlıq var idi. Bunlara artıq sədd çəkmisiz, yoxsa yenə də o tipdə rollar oyanayacaqsız?

- Mən aktrisayam və həyatın içindəki insanları canlandırıram. Həyatın içində isə hər insan tipi var. Yenə də o tipdə rollara dəvət alsam, sevə-sevə oynayaram. Bu, mənim sənətimdir. Məsələn, bu yaxınlarda bir tamaşada dindar, başı bağlı bir qızı oynadım.

- Yəqin ki, yenə də sizi qınayacaqlar..

- Qınayan hər zaman var və olacaq da. Onlara baxan biri olsaydım, mən bu sənəti seçməzdim. Mənim üçün ailəm və yaxınlarımın fikri önəmlidir, onlarla məsləhətləşmədən heç bir rol oynamaram. Qınayanlar məni öldükdən sonra da qınayacaqlar (gülür).

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.