Mədəniyyət

Azərbaycanlı aktrisanın ürək PARÇALAYAN həyat hekayəsi: "Həyat yoldaşım qəzaya düşdü, bətnimdə övladımı itirdim" - FOTO

17 Avqust 2017 21:05
2 Şərh     Baxış: 12 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Rəsmiyyə Nurun Milli.Az-a müsahibəsi.

- Rəsmiyyə xanım, uzun illərdir ki, Musiqili Teatrın aktrisasısız. Teatrın hansı dövrü sizin üçün daha maraqlı idi?

- Mən 1990-ci ildən Tənqid Təbliğ teatrında işləmişəm, o dövrdə bir çox maraqlı obrazlarım olub. 1996-ci ildən isə Musiqili Teatrda işə başlamışam. Mənim üçün o dövr çox maraqlı idi. Bu illərin gözəlliyi öz yerində, amma mən daha çox o illəri sevirdim.

- Dəyişən təkcə illər olub?

- Təbii ki, hər zamanın öz hökmü var. Zamanla hər vaxt ayaqlaşmaq olmur. O qədər fərqlər var ki, sadalamaqla bitməz. Yavaş-yavaş yaşımızın üstünə yaş gəlir. Bunlar məni qətiyyən qorxutmur, şükür Allaha canım sağlamdır, səhnədə çevikliyim, plastikam qalıb. İstər- istəməz özümüz də dəyişilirik, yaşımızın üstünə yaş gəlir. Hər şey bir göz qırpımında gəlib keçir, geriyə baxanda isə gənclik, cavanlıq bir kino kimi gözünün önündə canlanır.

- Eşitmişik ki, teatrınızın o vaxtkı direktoru Hacıbaba Bağırov aktyorlar arasında ayrı seçkilik salırdı, belə ki, yalnız öz ətrafında olan, vaxtilə onunla birlikdə çalışmış aktyorlara rollar verirdi. Bu, həqiqətənmi, belə idi?

- Xeyr, bu, tamamilə yalnış informasiyadır. Bu cür hallar heç vaxt olmayıb, ola da bilməzdi. Tənqid Təbliğ Teatrında işləyənlər də rollar alırdı, digərləri də. Mən elə özümdən danışıram, həmişə yaxşı rollarda oynamışam. Ayrı-seçkilik heç vaxt olmayıb. Təkcə mərhum aktrisa Xanım Qafarova bütün tamaşalarda oynayırdı. Hacıbaba Bağırovun çox gözəl xüsusiyyətləri var idi. Universitetdə oxuyanda mənə onun haqda yalnış fikirlər demişdilər, buna görə mən teatra heç getmək istəmirdim. Buna görə mən teatra daha gec getdim. Sonradan peşman oldum ki, kaş elə 4-cü kursda teatra gedərdim. Hacıbaba Bağırov həmişə mənim yaddaşımda yaxşı insan kimi qalıb.

- Yeni nəsil aktyorlarla sizin nəsil teatrınızın aktyorları arasında hansı fərqlər var? Onların fəaliyyəti sizi nə dərəcədə qane edir?

- Bizim teatrda çox istedadlı gənclər var. Fərq nədədir? Biz dövrümüzdə özümüzdən yaşca böyük aktyorlara qarşı daha böyük hörmət edirdik. İndiki gənclər özlərindən həddindən artıq çox razıdılar. Özlərindən razılıqları o istedadlarına kölgə salır. Bu, təbii ki, hamısına aid deyil, amma çoxları bu cürdür. Bu sözüm təkcə aktyorlara yox, ümumiyyətlə, müasir gənclərə aiddir.

- Rəsmiyyə xanım, sizə elə gəlmir ki, iş təcrübənizə görə həmkarlarınızdan çox geri qalmısız?

- Bu haqda mən özümə çox sual verirəm. Bəzən fikirləşirəm ki, mən, görəsən, harada səhv etdim? Görəsən, günah kimdədir?1990-ci ildən teatrda işləyirəm, o illər ərzində mənim çox obrazlarım olub. Mən obrazlarımı necə əzabla oynamışamsa bunu bir Allah bilir. Həyatımda heç kimə sataşmamışam, heç kimlə işim olmayıb. Bu yaşıma çatmışam, hələ bir nəfərə güldən artıq söz deməmişəm. 10 ildə 1 dəfə səsim çıxıb, ya yox. Nə etmişəmsə, dırnaqlarımla, cırmağımla etmişəm. Primyeraları mən çox əzab, əziyyətlə oynamışam. Həmişə məni "vurublar". Mən teatrın o vaxtki dövründən danışıram. Yenə də bu günümə şükür edirəm. Mənim hal-hazırda adım da olmalı idi. Heç bir aktyor nə məndən artıq deyil, nə də ki, mən onlardan əksik deyiləm. Hamı özünə görə aktyor, aktrisadır. Özümü heç kimdən zəif hiss etmirəm, yeri gələndə özümü hamıdan güclü bilirəm. Mən hər ampluada oynamağı bacaran aktrisayam. Əvvəllər bu sual məni heç maraqlandırmırdı, amma son illər bunu həmişə düşünürəm. Məndə qürur var, heç kimin qarşısında əyilməmişəm. Bəlkə də səhvim elə burda olub. Bir ona sevinirəm ki, həyatda da, sənətdə də hər şeyi öz bacarığımla etmişəm. Mənim də həyat devizim budur. İnsan bəzən həyatda razılaşa bilmədiyi hadisələrlə də razılaşır. Həmişə deyirlər ki, gənclərə imkan yaradaq, filan şeyləri gənclərə verək. Lap yaxşı, razıyam. Gənclərə, əlbəttə ki, yol vermək lazımdır. Bəs bizə nə vaxt o imkanlar yaradılacaq? Öləndən sonra?! Bəs biz insan deyilik? Hamı mənə deyir ki, sən Xanımla (Xanım Qafarovanı nəzərdə tutur) bir vaxtda teatra gəlmisən, niyə geri qaldın? Bağışlayın bu sualın cavabını sizə deyə bilməyəcəyəm, çünki hələ də özüm buna cavab tapmamışam.

- Bir həmkarınız Xanım Qafarovanın teatrda bir çoxları ilə intriqa apardığını bildirmişdi. Bu suala, məncə, sizdən başqa heç kim dolğun cavab verə bilməz. Çox istərdim buna aydınlıq gətirəsiz.

- Mən də bu sözü bir neçə həmkarımdan eşitmişəm, amma kimlərdən eşitdiyimi açıqlamayacağam. Əgər Xanım yaşasaydı, bu sualın cavabını nöqtəsinə qədər deyə bilərdim. İndi o haqq dünyasındadır, onun arxasınca danışmaq heç düzgün deyil. Xanım mənimlə həmişə yaxın olub, amma çox gizli bir qız idi. Heç kimə sirrini verməzdi. Etiraf edim ki, teatrda ona dayaq duranlar var idi. Mənim arxamda amma heç kim dayanmayıb. Mən direktorumuzun qapısını ildə bir dəfə də döymürəm. Bəlkə də lazım imiş ki, insanın arxasında kimsə dursun. Xanım Qafarovanın bir xüsusiyyəti var idi, o, hamının obrazını hazırlayırdı, əzbərləyirdi. Kimsə xəstələnib gəlməyəndə çıxıb onun yerinə həmin rolu oynayardı. O, bizlə heç bir intriqa aparmırdı, hamı ilə münasibəti çox yaxşı idi. Mən o illərdə Xanımın səsinin çıxdığını hiss etməmişəm. Əsər götürülürdü, hansı obrazı istəyirdi, onu da oynayırdı. Burada nə intriqa ola bilərdi? İstədiyini oynayırdı da. Özü heç vaxt, heç kimlə münasibətini pis etməzdi. Tıxsız balıq idi.

- Nədənsə teatr aləmi həmişə intriqalarla dolu olub...

- Rəqabət olan yerdə intriqa qaçılmazdır. Ən çox teatr aləmində elə mənimlə intriqa aparıblar. Teatra yeni gələndə heç kimi tanımırdım, üzümə gülə-gülə həmişə mənə "torba tikiblər". 2 dəfə eyni tamaşanı oynamışam, 3-cü dəfə məni "vurublar".

- Bəs bugünkü gün necə?

- Bugünkü gündə mənim iş rejimim belədir - işə gedirəm, məşqimi edirəm, rastıma kim çıxırsa, hamıyla deyib-gülürəm, otağıma keçib əynimi dəyişirəm, sonra da teatrı tərk edirəm. Mən 3-4 ildir ki, teatrın bufetinə belə düşmürəm. Çünki söz-söhbətdən qorxuram, qaçıram. Bəzən elə hadisələr olur ki, orada olmaya-olmaya məni hansısa söhbətə qatırlar. Hamıyla mehribanam, səmimiyəm. Heç kimlə ədavətim yoxdur, sadəcə, yenə də deyirəm, söz-söhbətdən qaçıram. Teatrımızın direktoru Əliqismət müəllim bizim üçün çox böyük imkanlar yaradıb. Teatrımızda müasir dövrdə intriqaların olmamasının başlıca səbəbi Əliqismət müəllimin mədəni siyasətinin göstəricisidir.

- Rəsmiyyə xanım, deyirlər insanın bəxti əvvəldən necə gətirdi, elə də gedəcək. Sizin şəxsi həyatda da bir çox sıxıntılarınız olub. Çətinlikləriniz nə ilə bağlı olub?

- Hər şey yolunda gedərkən həyatım yarımçıq qaldı. Amma bu, bir həyatdır, mənim də alın yazım budur. Bütün bunlara rəğmən həyatımdan razıyam. Bəzən özümü tək hiss edirəm, sonra Allaha şükür edirəm ki, mənə xeyirli bir övlad nəsib edib. Bir gün ac olmuşam, bir gün susuz olmuşam, amma bunu heç kimə bildirməmişəm. İstəməmişəm ki, kimsə mənim problemimdən agah olsun. İnsanlara dərd verməkdən qaçmışam, özüm öz dərdimi çiynimdə tək daşımışam. Ehh... Həyatımda o qədər xoşagəlməz hadisələr baş verib ki, danışsam, bir serial ssenarisi çıxar.

- Amma nələrin baş verdiyini demədiniz.

- Həyat yoldaşımı vaxtsız itirdim, o çox cavan idi. Yaşasaydı, bəlkə də hər şey başqa cürə ola bilərdi. Həyat yoldaşım avtomobil qəzası keçirmişdi, sonra onda qorxudan şəkər xəstəliyi əmələ gəldi. 2 həftə "Semaşko" xəstəxanasında qaldı. Çox nifrət edirəm bu xəstəxanaya, anamı da, həyat yoldaşımı da, dünyaya gələcək bir övladımı da orada itirmişəm. Bütün bu dərdlərdən sonra uzun müddət özümə gələ bilmədim. Deyib-gülməyimə baxmayın, qəlbim çox kövrəkdir.

- Yoldaşınızın ailəsi ilə münasibətiniz varmı?

- Yoldaşımın bir-iki qohumlarıyla əlaqəm qalıb, çünki insanları dar gündə tanıyırsan, ona görə də onlar mənə yetərincə dərd verdilər. Amma etiraf edim ki, qayınanamla münasibətim çox yaxşı olub. O xəstə olanda mən 6 ay yatmadım, onun qulluğunda dayandım. Qayınanam mənə deyirdi ki, Allah səni mənim üçün göndərib, sən mənim qızımsan. Bir-birimizi çox istəyirdik, qarşılıqlı hörmət edirdik. Onun haqqında pis nəsə danışsam, dilim qabar bağlayar. Hal-hazırda oğluma görə yaşayıram, onu tək böyütmüşəm, bütün arzularım onunla bağlıdır.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.