Mədəniyyət

Şedevrlər dünyası - FOTO

13 Avqust 2017 10:59
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.

Müasir İncəsənət Muzeyinin ekspozisiyasının əsasını ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir

Hər hansı bir dövlətin paytaxtında müasir incəsənət muzeyi yoxdursa, oranı müasir sivilizasiyaya malik dövlət hesab etmək olmaz. Qərb təfəkkürünün məhsulu olan bu yanaşma həqiqətən də müasir dövlətçilik prinsiplərinin göstəricisidir. 
Muzey tarixi nümunələrin, incəsənət abidələrinin, elmi-təbii eksponatların toplanıb mühafizə və nümayiş etdirildiyi müəssisədir. Müasir İncəsənət Muzeyi isə dəyərli eksponatların saxlandığı, mühafizə olunduğu və nümayiş etdirildiyi məkandır. Ümumən muzeylər aid olduğu ölkənin zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin göstəricisidirsə, müasir incəsənət muzeyləri isə həmin ölkənin dünyaya yeni baxışının, müasir sivilizasiyaya açıq olduğunun göstəricisidir...
 
Azərbaycan mədəniyyətinə böyük töhfə
 
İlk müasir incəsənət muzeyi 1929-cu ildə əsası qoyulan MoMa (Museum of Modern Art) muzeyidir. MoMa muzeyi bu gün Nyu Yorkun ən çox ziyarətçisi olan ünvanlarından sayılır. Muzey hər il üç milyona yaxın ziyarətçini qəbul edir.

Hazırda bir çox Qərb ölkələrinin müasir incəsənət muzeyləri MoMa muzeyinə xas olan xarakterik xüsusiyyətlərə yiyələniblər. Artıq dünyanın əksər sivil ölkələrində, şəhərlərində müasir incəsənət muzeyləri fəaliyyət göstərir. Mədəniyyət və incəsənət potensialı ilə dünya sivilizasiyasının tərkib hissəsi olan Azərbaycan da bu prosesdən kənarda qalmayıb. 19 dekabr 2006-cı ildə Prezident İlham Əliyev müasir Azərbaycan rəngkarlıq, heykəltəraşlıq və tətbiqi sənətinin ən parlaq nümunələrinin daimi ekspozisiyalarda layiqincə təmsil olunması və nümayiş etdirilməsi məqsədilə Müasir İncəsənət Muzeyinin yaradılması haqqında sərəncam verib. 2008-ci ilin iyulunda isə muzeyin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında növbəti sərəncam imzalayıb və bunun üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,6 milyon manat məbləğində vəsait ayrılıb. 2009-cu ilin mart ayının 20-də isə Bakıda avanqard üslublu yerli sənətkarların yüzlərlə əsərinin sərgiləndiyi, qeyri-adi dizaynı ilə seçilən Müasir İncəsənət Muzeyi istifadəyə verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış muzeyin açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.
 
Təkrarolunmaz duyğu, təxəyyül və təsəvvür aləmi
 
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu muzeyin yaradılmasını Azərbaycanın mədəni həyatında çox əlamətdar hal kimi qiymətləndirdi: "Həqiqətən, çox böyük və əlamətdar hadisədir. Burada qeyd edildi ki, bəlkə də ilk dəfə olaraq Azərbaycanın görkəmli, tanınmış, bəzən unudulmuş rəssamlarının gözəl əsərləri burada nümayiş etdirilir. Bu gözəl binada, gözəl zövqlə yaradılmış muzeydə Azərbaycan rəssamlarının gözəl əsərləri nümayiş etdirilir. Hesab edirəm ki, bu, eyni zamanda, tarixi ədalətin bərpasıdır. Hər bir rəssamın əsəri onun üçün əzizdir və hər bir rəssamın əsəri ancaq haradasa nümayiş etdiriləndə yaşayır. Əlbəttə ki, şəxsi kolleksiyalar da var, müxtəlif digər formatlar mövcuddur. Ancaq mən hesab edirəm və yəqin rəssamlar mənimlə razılaşarlar, o əsərlər ki, nümayiş etdirilir, insanların diqqətinə təqdim olunur, o əsərlər yaşayır və əsərlər yaşadıqca, rəssamlar da yaşayır və rəssamlar əbədiləşdirilir. Azərbaycanın çox zəngin rəssamlıq məktəbi var. Artıq bunu dünyada kifayət qədər bilirlər..."

Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Azərbaycan rəssamlarının əsərlərindən ibarət böyük bir kolleksiyanın toplandığı Müasir İncəsənət Muzeyinin yaradılmasını belə dəyərləndirib: "Muzeyə gələnlər hər bir müəllifin əsərlərində təcəssüm olunmuş daxili aləmini və keçdiyi sənət yolunu görə və duya biləcəklər. Əminəm ki, buradakı azadlığa inam aurası, təkrarolunmaz duyğu, assosiasiyalar, təxəyyül və təsəvvür aləmi, incə arxitekturaya malik forma və rənglər dünyası qəlbləri və şüurları daha da zənginləşdirəcək və ucaldacaqdır".
 
Açıq səma altında muzey
 
Bakının Müasir İncəsənət Muzeyi həqiqətən də ziyarətçilərini heyran edir. Artıq səkkiz ildir ki, fəaliyyət göstərən muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycanın ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltəraşlıq əsərləri toplusudur. Muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunub. Belə ki, incəsənətdə Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.

Muzey binasının həyətində yer alan qeyri-adi incəsənət nümunələri elə ilk baxışdan insanı cəlb edir. Bu mənada, Müasir İncəsənət Muzeyinin həyətini də açıq səma altında muzey adlandırmaq olar. Burada Azərbaycan sənətkarlarına məxsus "Fəza Saatı", "Rəqs", "Külək", "Kometa" adlı müasir incəsənət nümunələri, eləcə də bir-birindən fərqli, qeyri-adi heykəltəraşlıq işləri yer alır.

Ümumilikdə isə muzey müasir dövrün son 70 ilin Azərbaycan rəssam və heykəltəraşlarının 3000-dən yuxarı incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır. Ekspozisiyaların bir hissəsi sovetlər dövründə formalaşan və milli rəssamlıq sənətinin tamamilə başqa bir cərəyanına aid olan "naməlum" təbəqəni özündə əks etdirir. Bu, Əşrəf Muradın, Kamal Əhmədin, Mircavad Cavadın, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanan unikal əsərləridir. Ekspozisiyada bu rəssamların işlərinin saxlanması tarixi ədalətin təcəssümüdür.

Muzey özündə memarlıq və dizaynı, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid məkan kimi nəzərdə tutulmuşdur. Azərbaycan avanqardı parlaq və yaşamağa qabil bir olaydır. Bütün dünyanın avanqardçı rəssamları kimi, Azərbaycan rəssamları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumuna nüfuz edir, məkan və əhatənin enerjisini duyaraq, sirli və yeni olanları öz fəhmilə araşdırır, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, hər biri özünəməxsus şəkildə yeni estetik gerçəklik yaradır. Bu, daim təsvirin zahiri formalarının arxasında gizlənən, incəliklərinə qədər duyulan dünya harmoniyasıdır. Muzeyin daimi ekspozisiyasında məhz bu cür təsviri incəsənət nümunələri nümayiş etdirilir. Onlar Rasim Babayev, Mir Nadir Zeynalov, Ağa Üseynov, Əşrəf Murad, Gennadi Brejatyuk, Əli İbadullayev, Məmməd Mustafayev, Fazil Nəcəfov, Fuad Salayev, Fərhad Xəlilov, Darvin Vəlibəyov, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Müseib Əmirov, Mahmud Rüstəmov, Hüseyn Haqverdiyev, Eliyar Əlimirzəyev, Rəşad Babayev, Altay Sadıx-zadə və bir çox başqa rəssamlarla təmsil olunub.
 
Dövlət rəhbərlərini, diplomatları, elm xadimlərini heyran edən muzey
 
Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıqzadədir. Muzeydə qapalı formalar yoxdur. İki mərtəbə vahid açıq məkanda yerləşir və "Unudulmuş pilləkən" obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir. Muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş "hərəkəti", rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir. Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunur. Muzeyin strukturuna daxil olan "Art-kafe" və restoran avanqardçı rəssamların ekspozisiyalarının davamıdır. Muzeydə təsviri incəsənət və memarlıq üzrə kitab mağazası da mövcuddur.

Xatırladaq ki, yerli sakinlərlə yanaşı, əcnəbilərin də bu muzeyə böyük marağı var. Xüsusən də "Bakı 2015" I Avropa Oyunları, "Formula-1" yarışları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də digər beynəlxalq forum və tədbirlər çərçivəsində Müasir İncəsənət Muzeyini xeyli sayda qonaq ziyarət edir. Buraya sadə insanlarla yanaşı, diplomatlar, elm xadimləri, dövlət rəhbərləri də təşrif buyururlar.

Qeyd edək ki, zaman-zaman muzey eksponatlarının beynəlxalq sərgiləri təşkil olunur. Muzeyin özündə də hər ay bir neçə dəfə Azərbaycan rəssamlarının, heykəltəraşlarının fərdi sərgiləri keçirilir.

Muzeyin qapıları həftənin birinci günündən başqa hər gün saat 11:00-dan 21:00-dək ziyarətçilərin üzünə açıqdır. Biletin qiyməti 5 manatdır. Tələbələr üçün muzeyə giriş 2 manat, məktəblilər və uşaqlar üçün isə pulsuzdur.

Beləliklə, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanda da Müasir İncəsənət Muzeyinin mövcudluğu ölkənin mədəni və incəsənət aləminin zənginliyindən xəbər verməklə yanaşı, onun müasir sivilizasiyaya malik dövlət olduğunu təsdiqləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.