Mədəniyyət

"Bəyin oğurlanması"nın Gülbadamı: "Anam dərdimə dözməyib dünyasını dəyişdi" - FOTO

13 İyul 2017 21:25
1 Şərh     Baxış: 2 874

Aktrisa Naibə Əlibəyovanın Milli.Az-a müsahibəsi

- Naibə xanım, bir müddət əvvəl səhhətiniz pisləşmişdi. Neçə ildir bu xəstəlikdən əziyyət çəkirsiniz?

- Heç ağlıma gəlməzdi ki, nə vaxtsa xərçəng xəstəliyinə tutularam. 4 il bundan əvvəl sağ əlimdə və başımda əsmə başladı. Mənə deyirdilər ki, həkimə get, yoxlan, amma getmirdim, qulaq ardına vururdum. Türkiyədə bir rəfiqəm yaşayırdı, təsadüfən onlara qonaq getmişdim. Rəfiqəmlə həkimə getdim, həkim məni yoxlayandan sonra xərçəng xəstəsi olduğumu, beynimdə şişin aşkarlandığını bildirdi. Heç nə demədim, susdum. Mənə sual verdi ki, qorxmursan? Cavabında dedim ki, yox! Həyatdır da, bir gün gələn bir gün gedir. Sakitcə həkimin otağından çıxdım. Xəstəxananın həyətinə çıxan kimi hönkürüb ağladım (ağlayır). Hamı gəlib başıma yığışdı. Ağlamağımın səbəbini soruşdular. Mən o an Allahın qarşısında aciz idim! Özümə görə yox, anama görə... Anam bu əməliyyatımı eşitsə, çox pis olardı, bəlkə də yaşamazdı, necə ki yaşamadı (ağlayır).

- Ananız xəstə olduğunuzu kimdən eşitmişdi?

- Mən əməliyyat olunub gələndə ona bildirmədim. Hamıya tapşırmışdım ki, anama heç nə deməyin. Təkbaşına əməliyyat olunub evə qayıtdım. Sonradan kimdənsə eşitmişdi, üzümə vurmasa da bilirdim ki, fikir edir. Fikir onu o biri dünyaya apardı. Xəstəliyim yadımdan çıxdı, anamın ölümü mənə böyük dərd oldu. Çünki mənim atam da yoxdur, anam mənə həm ata, həm ana, həm də bacı olub. Bütün dərdimi onunla bölüşürdüm. Ən yaxın rəfiqəm o idi.

- Atanızla ananız ayrılmışdı?

- Biz uşaq idik, 12 yaşım olarkən atam rəhmətə getmişdi. Ataya olan sevgimi anam əvəz etdi. Anam 34 il həkim işləyib. Bütün nəsil və anamı tanıyanlar ona səcdə edirdi. Fəxr edirdim ki, belə bir anam var. Onu itirəndən sonra danışığımda qüsur əmələ gəldi.

- Çətin günlərdə ən böyük dəstəkçiniz kim oldu?

- Ən böyük dəstəkçim qardaşım və ailəsi oldu. Hal-hazırda da onlarla yaşayıram, məni tək qoymurlar.

- Bildiyim qədərilə ailə həyatınız da uğurlu alınmamışdı.

- Ailə həyatı da qurmuşdum, amma uğurlu olmadı. Alınmadı da, mən neyləyim? Ailə məsələsini istəmirəm sənət həyatıma qatım. Bir qızım, bir nəvəm var. Onlara baxanda keçmiş həyatımda yaşadığım acıları unuduram. Amma o acılardan qətiyyən danışmaq istəmirəm.

- Sənətdən söz düşmüşkən, təkcə elə "Bəyin oğurlanması" filmində çəkilmisiniz?

- Bəli, elə o rol ilə yadda qaldım. Arif Quliyevin "Satira" teatrında və Musiqili Teatrda işləmişəm. Teatrda fəaliyyətim çox olsa da kinoda tək elə "Bəyin oğurlanması" filmi ilə yaddaşlarda qalmışam. Bəlkə də həyatda məni aktrisa kimi heç kim tanımır, amma "Salam, sağ ol" deyən kimi mən və Arif müəllim yada düşürük.

- Bildiyimə görə təsadüf nəticəsində bu rola dəvət olunmusunuz.

- Biz 1985-ci ildə Şamaxıya Arif müəllimlə qastrol səfərinə getmişdik. Təsadüfən Ceyhun Mirzəyev Vaqif Mustafayevlə birlikdə Şamaxıda "Bəyin oğurlanması" filmini çəkirdi. Biz eyni mehmanxanada qalırdıq. Kafedə oturub çay içirdik, Ceyhun Mirzəyev Arif müəllimlə mənə bu rolları təklif etdi. Biz də sevərək razılaşdıq. O vaxtı mənim 22 yaşım var idi. Orda Arif müəllimlə epizodlarımız çox olsa da, nədənsə filmə baxanda o yerləri görmədim.

- O vaxtı Arif müəllimlə adınıza şayiə yayılmışdı?

- Biz sənət adamları olduğumuza görə adımıza yayılan bu cür şayiələrin olması normaldır. Məni həmişə "Arif Quliyevin sevgilisi" kimi qələmə veriblər. Biz indinin özündə də çox yaxın dostuq. Bir-birimizə qarşı çox hörmətli və anlayışlıyıq. O mənə öz bacısı kimi, mən də ona qardaşım kimi yanaşmışam. Mən Arifin yoldaşı, oğlu ilə də tanışam. Arifin də həyatı mənim həyatıma oxşayır. Oğlu cavan rəhmətə getdi, yoldaşı ağır xəstədir. Allah onun da ailəsinə kömək olsun.

- Hal-hazırda seriallara çəkilməməyinizin səbəbi nədir?

- Bu səbəbi, sözün düzü, heç özüm də bilmirəm. Mənə hər il söz verirlər ki, səni çəkəcəyik, sonradan görürəm ki, artıq serialın çəkilişləri qurtarıb. Serial, film çəkilişləri olsa, yaxşı olar. Bu mənim maddiyatıma da kömək etmiş olar. Tanınmaq üçün çəkilmirəm ki. Mənim artıq o yaşım deyil ki, tanınmaq üçün seriallara çəkilim. Şükür Allaha bir epizodla tanınmışam. Sənətkar var ki, illərdir sənətdədir, amma onu heç kim tanımır. İnsanın gərək şansı da olsun.

- Seriallara, filmlərə çəkilmirsiniz, teatrda da çalışmırsınız. Bəs necə dolanırsınız?

- Mən vaxtilə Arif Quliyevin "Satira" teatrında işləmişəm. Demək olar ki, hər həftə biz rayonlara qastrol səfərlərinə gedirdik. Çox məhsuldar günlərimiz olub. Cəbhə bölgələrindən tutmuş, kalxoz-sovxoza kimi yerlərdə tamaşalar göstərmişik. Yaxşı da qonorar alırdıq. Hal-hazırda teatr fəaliyyətini dayandırıb, ona görə də mən ordan qonorar da almıram. Qazancım demək olar ki, sıfıra bərabərdir. Qızım, qardaşımın ailəsi ilə qalıram. Bütün maddi ehtiyaclarımı onlar ödəyir. Allahdan çox razıyam ki, mənə gözəl övlad və kürəkən nəsib edib. Xəstəliyimə görə də üsyan etmirəm. Sağalacağıma ümüdlərim hədsiz çoxdur.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 15 İyul 15:2810

    Mugennileri, aparicilari cekince ele bu cur esl aktyorlari ceksinlerde. Bele Istedadli aktyorlar qaliblar kolgede, kuceden kecenleri cekirler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.