Mədəniyyət

"Yat, dur, gələcək" - Şahin Zəkizadəyə İTHAF - HƏFTƏBECƏR

20 Fevral 2017 07:21
59 Şərh     Baxış: 17 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (114-cü say) təqdim edir.

"Həftəbecər"in bu sayı 38 yaşında dünyasını dəyişən rejissor Şahin Zəkizadəyə həsr olunur.

Əvvəlcə Şahin Zəkizadəni tanımağa çalışaq.

1978-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdi. Dövrünün görkəmli aktyor və rejissoru olmuş Əlisəttar Məlikov Zəkizadənin ana babasıdır. Şahin Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, eyni zamanda Moskvada kino təhsili almışdı.

Yəqin ki, siz də eşitmiş olarsınız. Sənət adamları efirdəki çıxışlarında tez-tez "filankəs qardaşımızdır", "filankəs dostumuzdur" kimi sözlər işlədirlər. Əmin olun ki, bu sözlərin 99.9 faizi boş söhbətlərdir. Ya o sənətçinin qardaş dediyi həmin adama işi düşüb, ya da düşəcək. Çünki bu aləmdə dostluq, qardaşlıq, hətta yoldaşlıq da, demək olar ki, mümkünsüzdür.

Çox adi bir fakt. Məlumdur ki, Şahin qalmaqallı adam deyildi, belə şeylərdən uzaq gəzirdi, hətta onunla qalmaqal etmək istəyənləri doğru yola dəvət edirdi. Yəni, məntiqlə onun sənət aləmində heç kimlə ciddi problemi yox idi. İndi siz onun dəfn mərasimindən çəkilmiş fotolara baxın və görün ki, orada kimlər iştirak ediblər.

Düzdür, aralarında foto və videokameralara düşmək üçün gələnlər də olmamış deyil və bu, şübhəsizdir. Halbuki həmin mərasimdə olmalı olan çoxları iştirak etmirdi.

Bu arada rejissor Kənan Mahmudovun (M.M.) hərəkətləri gözümdən yayınmadı. Hətta bu görüntülər mənə onun Hüseyn Dəryanın vəfatı zamanı yaşadıqlarını xatırlatdı. O vaxt da Kənan belə idi - acıyırdı, ağlayırdı, gərgin idi. Kimlərəsə görə, bu, reklam, görüntü kimi gələ bilər. Əslində olan nədir? Şahin ölümündən öncə sosial şəbəkədə bir paylaşım etmişdi. Yazmışdı ki, ilk gündən yanımda olan iki nəfər var - Kənan və Turan İbrahimov. Haradasa Kənanı qınayanları da başa düşürəm. Tamaşaçı bu aləmdə o qədər saxtalıqlar görüb ki, dürüst olanı da yalan kimi qəbul edir.

...bayaqdan düşünürəm ki, axı bu aləmin xəmiri nəylə yoğrulub ki, insanları belə saxtadır, ikiüzlüdür? Hə, yadımdan çıxmamış bunu da deyim. Şahinin xəstəliyi üzə çıxanda bəzi sənət adamları demişdilər ki, boş şeydir, özünü reklam edir. Düşünə bilirsinizmi, adam xəstəliklə özünü reklam etsin? Amma bəli, sənət aləmində belə şeylər də olub. Elə Şahinin "özünü reklam etdiyini" düşünənlər də özünü ucuz vasitələrlə reklam edənlər idi.

Şəxsən məni ən çox düşündürən isə atasının ölümündən belə xəbərsiz olan körpələridir Şahinin. Qızı, bəlkə, də hiss edə bilər, məktəblidir. Amma oğlu çox körpədir. Ata nəvazişini doyunca nübar eləyə bilməyən bu uşağın gələcəyi mənimçün çox maraqlıdır. Bir neçə il sonra Səbinə (Şahinin həyat yoldaşı) Əliyə nə cavab verəcək? Atasının harada olduğunu deyəcək? Bu sözlər şablon görünə bilər. Ancaq mənə elə də yad mövzu deyil. Dayım oğlu anasının bətnində ikən dayım Qarabağda şəhid oldu və onun oğlunu on yaşına qədər "uzaqdadır", "yat, dur, gələcək" bəhanələriylə "aldadırdıq". Məcbur idik... Hərə öz atasının qoynuna sığınanda o, üzümüzə baxırdı. Qollarımızı açırdıq, amma axtardığı biz deyildik. Atası "uzaqdaydı"...

Şahin isə indi o qədər uzaqdadır ki, ona qovuşmaq üçün bir ömür "yatıb-durmaq" lazımdır. Amma 38 il yox, daha çox.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.