Mədəniyyət

Ayaz Salayevin GİZLİNLƏRİ: "Şkafımda skeletlər var"

11 Yanvar 2017 21:08
6 Şərh     Baxış: 3 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onunla söhbətləşmək mənim üçün hər zaman filmlərini seyr etmək qədər maraqlı olub. Hərçənd mənə elə gəldi ki, suallarım onun xoşuna gəlməyəcək. Çünki bilirəm ki, əksər yaradıcı insanlar daha çox yaradıcılıqla bağlı suallardan xoşlanır və şəxsi düşüncələrini nadir hallarda paylaşırlar.

Amma zənnimdə yanıldım. Həmsöhbətim suallarımı həvəslə cavablandırdı.

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayevin Milli.Az-a müsahibəsini təqdim edirik. Onu daha yaxından tanıyacaqsınız.

- Yaradıcı şəxs kimi sizi filmlərinizdən tanıyırıq. İstərdik, bir insan kimi də sizi yaxından tanıyaq. Bilirik ki, Şir bürcündənsiniz. Bu bürcün nümayəndələri həddən artıq diqqət mərkəzində olmağı sevirlər. Onlar üçün diqqət və şöhrət hava və su kimi lazımdır... Doğrudurmu?

- Mən bürclərə inanıb-inanmamağım haqda düşünməmişəm. Amma onu da deyim ki, Şir bürcü haqqında nə yazılıbsa, sanki tam dəqiqliklə mənim barəmdə yazılıb. Amma yaradıcılıqla məşğul olan hər bir insan üçün şöhrət və diqqət mütləq lazımdır.

Deyəsən, dahi Çarli Çaplin demişdi ki, incəsənətdə müvəffəqiyyət qazanmaq üçün mütləq məşhur olmaq lazımdır. Bunu da qeyd edim ki, bu mənə də su kimi lazımdır. Amma şöhrət və diqqət mənim üçün məqsəd deyil, vasitədir. Sənət aləmində bir çox adamlar tanıyıram ki, məşhurlaşmaq onlar üçün məqsədə çevrilib. Bu adamlar da incəsənətə böyük zərər gətirirlər. Daha dəqiq desəm, incəsənət ab-havasını formalaşdıran təfəkkürə böyük zərbə vurur.

- Deyilənə görə, bu bürc atında doğulanlar bədxərcdirlər və pulları pul kisələrindən su kimi axıdırlar... Əgər bürclərə inanırsınızsa, onda sizdə də yəqin, vəziyyət belədir?

- Əfsuslar olsun ki, həmişə mənim maddi imkanlarım çox məhdud olub. Həmişə maaşla yaşamışam və ömürboyu bədxərcliyin və pulları pul kisəsindən su kimi axıtmağın həsrəti ilə yaşamışam. Amma heç vaxt bunu eləməmişəm. Mənimlə bir yerdə Moskvada oxuyan, eləcə də xaricdə yaşayan dostlarımın təsadüfən yolu Bakıya düşəndə bu baxımdan problem yaşamışam. Çünki onları yüksək səviyyədə qəbul etmək istəmişəm, amma maddiyyat buna imkan verməyib.

- Lüks və zövqlü həyat üçün riskə gedənlərdənsiniz?

- Yox, heç vaxt... Nəinki riskə getməzdim, bir addım belə atmazdım.

- Sevgi-məhəbbət məsələlərində özünüzü "mahir ovçu" sayırsınız?

- Yox, qətiyyən yox. Mənim üçün qadın həyatda həm mənəvi, həm şəhvani mənada böyük deməzdim, çox nəhəng rol oynayır. İndi bütün bunları həyat yoldaşıma aid edə bilərəm və bu sözlərimdə səmimiyəm. Amma ümumiyyətlə, qadının cazibə qüvvəsindən çox asılıyam. Qadın həyatımda böyük rol oynayır. Hətta məndən soruşsaydılar ki, sən şəxsi xoşbəxtliyiı seçərdin, yoxsa incəsənəti? Mən çox, çox fikirləşərdim.

- Yumor hissiniz yetərincədirmi?

- Düşündüymə görə, yumor hissi məndə yetərincədir. Sözün düzü, yumor hissi olmayan adamları o qədər də sevmirəm. Məhz bu mənim bəzi adamlarla münasibətlərimdə çətinlik yaradır. Bu hissi xüsusilə qadınlarda daha çox qiymətləndirirəm. Qadınlarda, əfsuslar olsun ki, yumor hissi daha az olur və yumor hissi güclü olan qadın hər cür sitayişə layiqdir.

- Sizi zansı halda özünüzdən çıxarmaq mumkündür?

- Yalnız iki halda - mənə böhtan atılanda, bir də ikili standartlarla yaşayan adamlarla rastlaşanda. Əfsuslar olsun ki, hər iki halla həyatımda daha çox rastlaşmışam.

- İkili standartla yaşayan adamlar deyəndə ikiüzlülüyü nəzərdə tutursunuz?

- Yox, yox, mən ikiüzlülüyü də bağışlayıram. Məndən nə isə tələb edən, amma o nöqsanı özündə görməyən adamları nəzərdə tuturam.

- Adam var, deyirlər, qəzəblənəndə üzünü görmə, bəs siz necə, qəzəblənəndə təhlükəli olursunuz?

- Çox nadir hallarda qəzəblənirəm. Barmaqla saymaq olar. Bu da çəkiliş zamanı olub.

- Təhlükəli olursunuz onda?

- Qətiyyən yox.

- Asanlıqla güzəştə gedirsiniz, yoxsa ümumiyyətlə güzəştə getməyi xoşlamırsınız?

- Məişətdə asanlıqla güzəştə gedirəm, sənətdə isə heç vaxt.

- Bəç asanlıqla bağışlayırsınız?

- Əfqanlar haqqında belə şey eşitmişəm - onlar çox tez bağışlayır, amma heç vaxt heç nəyi unutmurlar. Bu mənə də aiddir.

- Görünüşünüz, yaxud da xarakterlə bağlı kompleksləriniz varmı?

- Hər ikisi ilə bağlı komplekslərim var. Özümdə cəsarət tapıb, vaxtlı-vaxtında kiməsə cavab verə bilmirəm, bu mənim kompleksimdir. Zahiri görünüşümlə də bağlı deyim ki, ömrüm boyu artıq çəki ilə mübarizə aparıram və pəhriz saxlayıram.

- Deyirlər, kök adamlar mərhəmətli olur, arıq insanlarsa zalım... Yeri gəlmişkən, sizə dolu olmaq yaraşır.

- Mən belə düşünmürəm. Köklüyə mənfi yanaşıram, düşünürəm ki, heç kimə yaraşmır. Siz desəniz də ki, bu mənə yaraşır, amma mən bilirəm ki, kök olmaq mənə yaraşmır.

- Sirr saxlamağı bacarırsınız? Varmı sirləriniz?

- İngilislərin atalar sözü var ki, hər ailənin şkafında bir skeleti var. Almanlar isə belə deyirlər ki, hər evin zirzəmisində bir ölü var. Mənim də şkafımda skeletlər var və onlar haqqında heç kimin xəbəri yoxdur. Qalan məsələlərdə - maddiyyatdan tutmuş yaradıcılıq məsələlərimə qədər hər şey şəffaf olub. Çalışmışam elə yaşayım ki, gizlətməyə heç nəyim olmasın. Amma təbii ki, sirlərim var və bunları gizlədirəm.

- Möcüzələrə necə, inanırsınız?

- Mən olduğumdan daha ağıllı bir həyat yaşamışam. Bir çox şeylər özümdən asılı olmayıb, bunu möcüzə adlandırmaq olar.

- Məsələn?

- Bu şəxsi həyatla bağlıdır daha çox. Bəzən həyatımda bəzi şeylərin alınmasını istəmişəm, amma sonradan demişəm, nə yaxşı ki, alınmayıb.

- Maraqlıdır, heç rəngli yuxular görürsünüz? Ümumiyyətlə, yuxu barədə düşüncələriniz, inanırsınızmı, çin çıxan yuxularınız olurmu?

- Çox nadir hallarda yuxu görürəm və heç yuxu görməyi də sevmirəm.

- Niyə?

- Reallığı sevirəm. Həyatı, reallığı o dərəcədə sevirəm ki, heç vaxt narkotikə belə meylim olmayıb. Çünki həyatı ayıq yaşamaq istəmişəm. Həyat, reallıq özü mənim üçün maraqlı olub. Hətta məcburiyyətdən yatıram, amma daha çox vaxtımı ayıq olmağa sərf etmək istəyirəm. Mən hər bir havanı, qızmar istini, günəşi, qarı, ətri, yeməiyn dadını, qadının baxışını sevirəm.

- Başqalarının sizin barənizdə necə düşündükləri maraqlıdır? Yəni davranışlarınızda cəmiyyəti nəzərə alırsınız?

- Bir tərəfdən həmişə heç vaxt vecimə olmayıb ki, kim mənim haqqımda nə deyəcək, öz həyatımı yaşamışam. Amma bununla yanaşı, yaşadığım mühitdən çox asılıyam. Hər bir insan daxili müqavimət göstərməlidir ki, heç kim onun həyatına müdaxilə edə bilməsin, onu vaxtsız qocaltmasın.

- Siz müqavimət göstərə bilmisinizmi?

- Daxilən, yəqin ki... Özümdən üstün saydığım adamlardan tənqid eşitsəydim, təbii ki, qəbul edərdim.

- Qarderob həyatınızda çoxmu önəm daşıyır?

- Əfsuslar olsun ki, dolu olduğuma görə heç vaxt istədiyim kimi geyinə bilməmişəm. Yaxşı geyim zövqüm var, amma reallıqda gerçəkləşmir, ancaq beynimdədir. Puşkin gözəl deyib: Mənalı adam olmaq olar, eyni zamanda o, dırnağın da gözəlliyini düşünməlidir. Çünki o, dırnaqlarına həmişə fikir verirdi.

- Geyimdə ən çox hansı elementi xoşlayırsınız - qalstuk, kostyum, ayaqqabı, saat?..

- Qarderobda hər şeyi xoşlayıram. Cinslə sviter geyinib işə, kostyumla qalstuk taxıb hansısa mərasimə gedə bilərəm. Amma son vaxtlar hiss eləyirəm ki, yaşla əlaqədar zövqümdə müəyyən dəyişikliklər baş verir. Amma ümumən cavansayağı geyinməyi xoşlayıram - cins, krossovka... İndi bu suala dəqiq cavab verə bilmirəm. Çünki dediyim kimi, məndə zövq dəyişikliyi prosesi gedir və son vaxtlar qalstukla kostyum geiynməyi daha çox xoşlayıram.

- Hər hansı bir məsələdə məsləhət sevirsiniz?

- Siz məndən soruşsaydınız ki, həyatda ən böyük itkiləriniz kim olub? Deyərdim ki, səviyyəli və gözəl müəllimlərim. Bu gün də onların məsləhətinə ehtiyacım var. Öz yolumla gedirəm və yolumdan dönmürəm, amma o məsləhətə ehtiyacım olur. Əfsuslar olsun ki, həyatında çox az adamdan dəyərli və səmimi məsləhət eşidə bilərsən.

- Fobiyalarınız varmı?

- Hər bir adam üçün təbii olan ölüm qorxusu məndə də var. Başqa heç nə. Bir vaxtlar təyyarədən qorxurdum, o da qısa vaxtda keçib getdi.

- Üstünüzdə talisman gəzdirmisiniz heç?

- Bu suala cavab vermirəm.

- Səmimiyyətinizə görə təşəkkür edirəm. Sonuncu dəfə nə vaxt gizlincə ağlamısınız?

- Hərdən kompüter qarşısında outrub nəyəsə baxanda olur. Sizə bir əhvalat danışım. Mən qarabağlı deyiləm, amma 25 yaşımda, 1985-ci ilin avqust ayında nə üçünsə Şuşaya getmək istədim. Orada məşhur bir çayxanada oturdum və səbəbsiz yerə məni ağlamaq tutdu. O vaxt bunun səbəbini başa düşmədim, çox sonralar anladım. Həyatımda belə möcüzəli hallar olub.

- Astroloqların proqnozlarına inanırsınızmı? Məsələn, Xoruz ilində nələr olacaq, onların proqnozları sizə təsir edə bilərmi?

- Astroloqun proqnozu ilə heç vaxt yaşamamışam, öz yolumla getmişəm həmişə.

Cəvahir Səlimqızı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.