Mədəniyyət

Nizami Kino Mərkəzində 2 manata məşhur filmlər

21 Aprel 2016 13:45
Baxış: 1 030

Nizami Kino Mərkəzində Britaniya Filmləri Festivalı keçiriləcək.

Milli.Az-ın məlumatına görə, aprelin 25-də Nizami Kino Mərkəzi British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə İkinci Britaniya Bahar Film Festivalının açılışını keçiriləcək. Britaniya Bahar Film Festivalı aprelin 25-dən 30-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edəcək. 

Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutmuşdu. Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılacaq. Festivalın növbəti günlərində, həmçinin aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq. 

Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bilet və hədiyyələr təqdim olunacaq. 

Bu barədə ətraflı məlumat British Council Azərbaycan və Nizami Kino Mərkəzinin Facebook səhifələrində yerləşdiriləcək. 

Azərbaycanda İkinci Britaniya Bahar Film Festivalının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib: 

"Məqsədimiz Britaniya kinematoqrafçılarının filmlərini azərbaycanlı tamaşaçılara təqdim etmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır. Bu ilin Bahar Britaniya Filmləri Festivalında həqiqətən maraqlı olan yeni filmlər təqdim edilir. Ümid edirəm ki, Bakı tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcəklər". 

Bütün filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti 2 manatdır.

Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:"Bruklin" 25 aprel saat 19:00-da, "Furqondakı ledi" 26 aprel saat 14:30-da, "Mister Homs" 26 aprel saat 18:30-da, "Lobster" 27 aprel saat 14:30-da, "45 il" 27 aprel saat 18:30-da, "Mister Homs" 28 aprel saat 14:30-da, "Mənə qulaq as, Marlon" 28 aprel saat 18:30-da, "Bruklin" 29 aprel saat 18:30-da, "45 il" 30 aprel saat 14:30-da.

Media nümayəndələri aprelin 25-də saat 12:00-da Nizami Kino Mərkəzinin mətbuat zalında keçiriləcək Britaniya Bahar Film Festivalının Mətbuat Konfransına dəvət olunurlar.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.